8 yaşlı qızın kitabı çıxdı

Bakının Binəqədi rayonundakı 276 nömrəli məktəbin ikinci sinif şagirdi İzel Dadaşzadənin "İzelin nağılları" adlı kitabı çapdan çıxıb.
Kitab Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Azərbaycan uşaqlarına hədiyyə kimi nəşr edilib. "Üç alma", "Balaca ağac", "Maraqlı qələm", "Danışan stul", "Atın nağılı", "Yaxşı padşah", "Nənə və su", "Kəpənək", "Ana və İzel" və s. nağıllarda səkkiz yaşlı qızın təxəyyül gücü, maraq dünyası, arzuları öz əksini tapıb.
Ümumilikdə isə kitaba balaca yazıçının qələmə aldığı 12 nağıl daxil edilib.
Qeyd edək ki, İzel Dadaşzadə yazıçı Aysel Əlizadənin qızı, şair Kəmalə Abiyevanın nəvəsidir. 