manera.az
manera.az

Mir Cəlalla bağlı müsabiqənin qalibləri mükafatlandırılıb

📅 24.05.2018 14:13

Mir Cəlalla bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
Mayın 23-də İçərişəhərdəki “Ədibin Evi”ndə Mir Cəlalın xatirəsinə həsr olunan hekayə müsabiqəsinin qalibləri mükafatlandırılıb.

MANERA.AZ xəbər verir ki, müsabiqə müasir Azərbaycan ədəbi prosesinin və hekayə janrının inkişafına təkan vermək məqsədilə keçirilib.

Tədbirdə Xalq yazıçısı, müsabiqənin münsiflər heyətinin sədri Elçin görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin zəngin yaradıcılığından, elmi və pedaqoji fəaliyyətindən və nəcib insani keyfiyyətlərindən söhbət açıb. Bildirib ki, böyük ədib və alim, görkəmli pedaqoq Mir Cəlal Paşayev müdrik insan, nəcib şəxsiyyət idi. Yazıçının müxtəlif janrlarda olan bədii əsərləri həm mövzu zənginliyi, həm də dil və üslub xüsusiyyətləri ilə diqqəti cəlb edir, böyük maraq doğurur.

Elçin qeyd edib ki, ictimai fikrin formalaşmasında və inkişafında böyük xidmətləri olan dərin zəka sahibi Mir Cəlal Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur. “Ədəbiyyatımızda hekayə janrının XX əsrin ortalarında tam şəkildə formalaşmasında, aparıcı janrlarından birinə çevrilməsində görkəmli ədibin xüsusi rolu olub. Bu rol ikili səciyyə daşıyırdı. Mir Cəlal müəllim bir tərəfdən ədəbiyyatşünas alim kimi hekayə janrının mahiyyətini, xüsusiyyətlərini açıb göstərir, onun tədqiqi və təbliği ilə məşğul olurdusa, digər tərəfdən, özü hekayələr yazırdı. Bu mənada yazıçı hekayə janrının yüksək bədii-estetik səviyyəyə çatmasında mühüm rol oynayıb”, - deyə Elçin vurğulayıb.

Ədəbi mühit barədə fikirlərini bölüşən münsiflər heyətinin sədri müsabiqəyə təqdim olunan hekayələrin ölkəmizdə bu janra olan maraqdan xəbər verdiyini qeyd edib, gənclərin dünyagörüşünün genişlənməsi və yaradıcılıq qabiliyyətinin püxtələşməsində mütaliənin böyük rolundan söz açıb.

“Ədibin Evi”nin əməkdaşı Elnur İmanbəyli məlumat verib ki, müsabiqəyə 6 dildə 389 hekayə təqdim olunub. Müsabiqə iştirakçıları arasında 165 məktəbli, o cümlədən 20 əcnəbi vətəndaş da var. Qaliblər Xalq Yazıçısı Elçinin sədrliyi ilə tanınmış yazıçı və tənqidçilərdən ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdirilib.

Sonra müsabiqənin qaliblərinə diplom və pul mükafatı təqdim olunub. İki nəfər ikinci, altı nəfər isə üçüncü yerə layiq görülüb.

Tədbirdə “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, Əməkdar İncəsənət Xadimi İlham Rəhimli, Xalq Şairi Nəriman Həsənzadə, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid görkəmli yazıçı Mir Cəlalın alim və müəllim kimi şəxsi keyfiyyətlərindən, yaradıcılığının özünəməxsusluğundan danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Alimin ailəsi adından oğlu, “ADA” Universitetinin rektoru, professor Hafiz Paşayev çıxış edərək belə bir tədbirin ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürünü bildirib. Atasının xatirəsinə göstərilən ehtiramdan məmnunluğunu ifadə edən Hafiz Paşayev Mir Cəlal yaradıcılığının gələcək nəsillər üçün də örnək olduğunu vurğulayıb.

Görkəmli yazıçının oğlu, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev belə müsabiqələrin mütəmadi keçirilməsini təklif edib.
Mir Cəlalla bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
Mir Cəlalla bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
Mir Cəlalla bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
Mir Cəlalla bağlı müsabiqənin qalibləri mükafatlandırılıb


Baxış sayı - 1 348 | Yüklənmə tarixi: 24.05.2018 14:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031