Günel Rəcəb: Sürgün duyğular

Şeirlər
***
31 il öncə adımı qoyan qadın,
Kimsə onda qarğayıb,
“Adın batsın, ay bala”
Deyərək ünvanıma.
Xatirə dəftərinə
Yazdı adımı dostlar.
Böyüyürdü ilbəil
Adım, bir də arzular.
Gəlin olub köçdü
Evdən-evə o.
Tezliklə ana olub
Isitdi yuvanı o.
Amma bir günəş olub
Isitmədi bir qəlbi.
Nə qədər istəsə də
O sevilə bilmədi.
Adım elə batıbdır
Sonsuzluğun dibinə,
Boy atıb ucalmadı
Adım adlar içində.
Heç yazıla bilmədi
Bir ürəyə əbədi.
Onu hər gün söyləmək
Heç ağlına gəlmədi.
(Ad günümdə)2016
Sürgün duyğular
Bir tonqal qaladım
Qürub çağında.
Bir tonqal qaladım
Könül bağımda.
Bürünmüşəm son dəfə
Həsrətin boz kürkünə
Göndərirəm bu yorğun
Xəyalları sürgünə.
Yandırıram kəsdiyim
O uzun saçlarımı,
Taleyinə hördüyüm
O qara saçlarımı.
Yandırıram yazdığım
Bütün şeirlərimi.
Yandırıram ümiddən
Düzəlmiş gəmiləri.
Yandırıram məni yaxan,
Alovlayan odu mən.
Külüm külə qarışır,
Sovruluram göyə mən...
Tənha çinar
Harda axtarım səni,
Harda tapım bilmirəm.
Sənin üçün darıxıb
Tənha çinar, bir də mən.
Harda başladı sevgi
Harda bitdi, görəsən?!
Mənim yaşam səbəbim
Tənha çinar, bir də sən.
Yüz ildir, yol gəlirik,
Yorulmadıq hələ biz!
Bu sevgini yaşadan
Tənha çinar, bir də biz!
Darıxmağın rəngi...
Sənə həsrət pəncərəmdən
Boylanıram həsrətinlə.
Toxunuram sənsizliyin
Şəffaf soyuqluğuna.
Qondururam pəncərəmə
Bədənimdə donub qalmış
Dodağımda yuva salmış
Darıxmağın al-qırmızı rəngini.
Darıxıram bulud kimi
Göydən yağan ağ qar kimi.
Dənə-dənə yağıram
Bu şəhərin canına.
Daşa dönmüş qəlbinin
Min çalarlı bozutək
Bu şəhərin yolları
Gətirmədi səni mənə.
Darıxıram yollar kimi
Bu şəhəri sevmirəm.
Bu şəhərin yolları
Gətirmədi səni mənə.
Darıxıram bir köynəyin
Dəniz mavisi qədər.
Sahilinə can atan
Çılğın dalğalar qədər.
Fəsillər dəyişmir
Sən gedən gündən
Soyuq qış fəslinə
Qayıdıram mən.
Ayam,
Sənsə Günəş kimi
İsidirsən bu ruhumu
Sönüb gedən atəş kimi
Gözləyirəm qığılcımı.
Gülüşümün rəngini
Geri gətir, sevgilim.
Yığıb bütün rəngləri
Mənə gətir, sevgilim...
MANERA.AZ