manera.az
manera.az

Fuad Poladov fenomeni…

📅 16.12.2017 17:40

Fuad Poladov fenomeni…
Bəzən düşüncələrimi kağıza köçürməkdə çətinlik çəkirəm... Bəzən də sözlər özü süzülür qəlbimdən... Bu dəfə də hər şey asan oldu... Qəlbimin ta dərinliyində məskən salan söz qatarı dayanmadı...

Onu gənclik illərimdən tanıyıram... O illər ki, "Alov", "Atayevlər ailəsi" kimi tamaşalar bir Fuad Poladov fenomeni yaratmışdır... Hamımız ona heyran idik... Ələxsus da biz qadınlar... Mən də...

Hamıdan fərqim o idi ki mən İncəsənət institutunda qiyabi təhsil alırdım... Və onun ən yaxın dostu Mirbaba Xəlilovla bir idarədə- Teatr Xadimləri İttifaqında bir yerdə çalışırdım... Yəni iş əsnasında Mirbaba müəllimin yanına hər gedişimdə onu görürdüm... Tanıdığım tanımadığım Fuad Poladovu... Sadə,səmimi insanı... Ürəyimdə gizli bir sevinc gizlədə-gizlədə... Sonra mətbuat aləminə atıldım... Yazılar... Oçerklər... Amma yenə də kəsişdiyimiz nöqtə olmadı... Sonra Azərbaycan televiziyasındakı fəaliyyətimdə ara sıra görüşürdük foyedə... Veriliş arxası... Bəlkə də yadında qalmışdım... Bəlkə də yox... Bəlkə də məni efirdən izləyirdi... Çünki o vaxt cəmi bir kanal var idi... Amma bunun bir əhəmiyyəti yox idi... Əsas o idi ki biz onun uğurlarına sevinirdik... Dərk edirdik ki, böyük sənətkardır...

Hamı kimi mən də tamaşalarda onu heyranlıqla izləyirdim... Bu qədər istedadın qarşısında aciz qalırdım...

Daha bir kəsişdiyimiz nöqtə vardı... Sahil metrosu... Əvvəllər təəccüb edirdim... Bu boyda sənətkar hara metro hara... İndi başa düşürəm ki, elə onun böyüklüyü də bunda idi.. Sadəliyində... Səmimiliyində...

Kimdir Fuad Poladov? Böyük aktyor... Sadə, səmimi, bizlərdən biri. Yaradıcılığı ilə bizi xoşbəxt edən aktyor...
Daha bir görüşümüz baş tutdu... Zəngləşdik... Jurnal üçün müsahibə verməli idi mənə.. İşlədiyi Rus Dram teatrına gəldim... Yuxarı qalxdıq... Düzü həyəcanım var idi... Qarşımda Fuad Poladov dayanmışdı... "Məni tanıdız?"- deyə soruşdum..

-Hə dedi, -az.tv-dən...Yənə həyəcanlandım... Mirbaba Xəlilovu soruşdum... O rəhmətə gedib - dedi... Və məyusluğu gözlərinə çökdü... Mən də pis oldum... Bir az hal əhval tutduq... Zəng gəldi... Yenə kimsə rəhmətə getmişdi... Və o təcili getməli idi... Beləcə yarımçıq qaldı söhbətimiz... Amma beynimdə bir fikir tamamlanmışdı... O əvəzolunmazdır... Sənətkar kimi də, insan kimi də... Əslində heç nə yarımçıq qalmamışdı... Hər şey aydın, mükəmməl və tamam idi mənə... Onun sənəti də, insanlığı da... Sadəcə bir az dünyamıza onun baxış bucağından boylanmaq istəyirdim... Çünki o fərqli idi. Fərqliliyi isə zamanın içində qoruya bildiyi sadəliyində idi...Təsəvvür edin, adi bir seriala çəkilən aktyorun populyarlıq sindromunu... Və möhtəşəm bir sənətkarın, dövrünün teatr tarixinə adını qızıl hərflərlə yazan bir şəxsiyyətin insanlığını...

Razılaşaq ki, kim olursansa ol, ən əvvəl insan olmalısan.

Bu yaxınlarda Rus Dram teatrında idim... Qarderobda çalışan bir qadın ondan söhbət açdı... Sevgisindən, Insanlığından... Şəfalar diləyirdi durmadan... Təsadüfi deməyiblər ki, teatr asılqandan başlayır... Bəlkə də kiməsə bu çox sadə görünə bilər... Əslində isə "xalq sevgisi" dediyimiz məhşur kəlamın cavabı bax elə budur... Teatrda onu çox izləmişəm...Və hər dəfə də növbəti tamaşa üçün darıxmışam... Yenə də darıxıram... Çünki onun ən sadiq tamaşaçıları sırasındayam... Hər insan xəstələnə bilər...

Əlbəttə... Yaxınları, sevənləri üzülər... Amma böyük şəxsiyyət nasaz olanda minlər, milyonlar üzülər... Bizdə üzülürük... Biz də darıxırıq... Amma milyonların sevgisi, duaları qarşısında hər hansı bir xəstəliyin aciz qalacağına qəlbən, ruhən inanırıq!!!

P.S O xoşbəxt sənətkardı...Yaradıcılığından bəhrələnən daha bir aktyor Hikmət Rəhimov Türkiyədə keçirilən Beynəlxalq Film festivalında mükafat alıb. “Bu Azərbaycanın uğurudur” deyən aktyor yaxşı bilir ki, bu həm də ustadının uğurudu… İnanırıq ki, onun yaradıcılığından ilham alan hələ neçə-neçə gənc böyük uğurlara imza atacaq…

Təranə Feyzullayeva


Baxış sayı - 2 436 | Yüklənmə tarixi: 16.12.2017 17:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031