Xalq Artisti Mikayıl Mirzə anılıb

Noyabrın 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bədii qiraət ustası, tanınmış aktyor, Xalq Artisti Mikayıl Mirzənin 70 illiyinə həsr edilmiş tədbir keçirilib.
Gecədə tədbirin aparıcısı, akademik Rəfael Hüseynov çıxış edərək sənətkarın ömür yolundan danışıb, onunla bağlı xatirələrini bölüşüb.
Bildirib ki, Azərbaycan Dövlət Teatr İnstitutuna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) daxil olan, Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Lütfi Məmmədbəyov kimi görkəmli səhnə ustalarından dərs alan Mikayıl Mirzə 1969-cu ildə institutu bitirərək dram və kino aktyoru ixtisasına yiyələnib. İnstitutun səhnə danışığı kafedrasında müəllim, eyni zamanda, Tədris Teatrında çalışan sənətkar bir qədər sonra Azərbaycan Dövlət Akademik Milli Teatrında işə qəbul olunub.
Tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi gecədə Mikayıl Mirzəyə həsr olunmuş videoçarx nümayiş olunub, müxtəlif bədii kompozisiyalar təqdim edilib.
Mərasimdə mərhumun ailəsi adından çıxış edən oğlu Mətin Mirzə atasının xatirəsinin əziz tutulduğuna görə təşkilatçılara minnətdarlığını bildirib.