manera.az
manera.az

Bayraq mənliyimdir, bayraq kimliyim!

📅 09.11.2017 14:55

Bayraq mənliyimdir, bayraq kimliyim!

Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq - öz yurduma öz hakimliyim.

Daim ucalasan! Savaş günündə
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önündə
Səni alqış üçün əyilən görüm.


Böyük şairlər millətin bayrağını zamandan zamana daşıyan əbədiyyət yolçularıdır. Bu ölməz söz nəqqaşlarının damla-damla topladıqları mənəvi xəzinə mənsub olduqları xalqı yüz illərlə ayaqda tutar. Dünya xalqlarının tarixinə nəzər yetirdikdə onları bir-birindən fərqləndirən çoxsaylı cəhətlərlə qarşılaşırıq. Yerləşdikləri coğrafi məkan, malik olduqları etnik köklər, mədəni, dini, tarixi-siyasi faktorlar bu fərqliliyi yaradan başlıca səbəblərdir. İnsan birliklərinin qeyd etdiyim amillər əsasında toplum və xalq olaraq formalaşmağa başladığı zamandan bu yana onların mənsub olduqları özünəməxsus keyfiyyətlərin ifadə formaları həmişə müxtəlif simvollar və atributlarda öz əksini tapmışdır. Zənnimcə, bu atributlardan məna və məzmun etibarilə ən güclü təsir qüvvəsinə malik olan rəmz – məhz Bayraqdır. O bayraq ki, xalqın öz düşüncəsində daşıdığı idealları, onun milli mənsubiyyətini, siyasi dünyagörüşünün miqyasını, bir sözlə, millətin bütün özünəməxsus keyfiyyətlərinin məcmusunu xarakterizə edir.

Bayrağımız qürur mənbəyimizdir, and yerimizdir. Müqəddəs bir varlıq kimi üçrəngli bayrağımıza and içirik. Xalqımızın qəhrəmanlıq tarixindən gələn bu ənənə keçmişimizdə olduğu kimi bu gün də hər bir vətəndaşımızın üzərinə ciddi mənəvi məsuliyyət qoyur. Bu məsuliyyət dövləti, milli maraqların daim keşiyində dayanmağın ictimai-siyasi əxlaqına yüksəlir. Fərd – vətəndaşlığın əxlaqi yükünü öz çiyinlərində hiss etdikcə, onun dövlətçilik idealları püxtələşir. O, şəxsi həyatındakı irəliləyişləri belə öz dövlətinin milli inkişafından ayrılmaz şəkildə dərk edir. Milli simvolların öncülü olan Bayraq vətəndaş əxlaqında məhz bu keyfiyyətləri cilalayır. Bayraqda təcəssümünü tapan rəmzlər insanın ictimai-siyasi dünyagörüşünün komponentlərinə çevrilərək, onun konkret fəaliyyət sferasında məqsədəuyğun istiqamətləri formalaşdırır və stimullaşdırır.

Ölkə başçısının 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə təsis edilmiş Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü müqəddəs bayrağımıza, tarixi keçmişimizə və mənəvi-siyasi dəyərlərimizə dövlət səviyyəsində olan diqqət və ehtiramın ən yüksək səviyyədə göstəricisidir. Artıq dördüncü ildir ki, 9 noyabr Azərbaycanda rəsmi olaraq Dövlət Bayrağı Günü kimi qeyd edilir. Dövlət Bayrağı Günü kimi məhz bu tarixin seçilməsi müstəqil Azərbaycanın Demokratik Cümhuriyyətimizin varisi olaraq öz tarixinə xüsusi önəm verdiyini bir daha sübut etdi. Bununla da Azərbaycanın hər bir regionunda bayraq meydanlarının yaradılması kimi yaşarı bir ənənənin əsası qoyulmuş oldu. Dövlət başçısı 2010-cu ilin 1 sentyabr tarixində Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində deyirdi: “Bu bayraq bizim milli dəyərimizdir. …Bu Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir. …Necə ki, bu gün bizim parklarda, dənizkənarı bulvarda minlərlə, on minlərlə insan hər gün gəzintiyə çıxır. Bax, bu meydanda, bu bayraq altında, milli rəmzlər ətrafında insanlar yığışacaqlar. …Bu Bayraq Meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması doğrudan da böyük hadisədir”. Bu sözlərlə, Prezident müqəddəs bayrağımızın kütləvi yerlərdə dalğalanmaqla insanlarımızın milli birlik, özünüdərk, həmrəylik, vətənpərvərlik idealları ətrafında daha sıx birləşməsinə təkan verəcəyini aydın şəkildə ifadə edirdi.

Bayraq böyük qüvvədir. Bayraq elə bir qüdrətdir ki, əlində ən qorxunc bir silah tutan məğlubedilməz əsgər də ona baş əyir. Bayraq elə bir cəsarətdir ki, əliboş 20 yanvar şəhidlərimizi bir an belə tərəddüd etmədən xalqın azadlıq arzusunu boğmaq və məhv etmək istəyən zirehli tankların altına apardı. Bayraq elə bir şərəfdir ki, xalqların ən böyük şərəfə layiq gördüyü insanlar onun qarşısında diz çöküb öz xalqına sədaqət andı içirlər. Bayraq elə bir müqəddəs varlıqdır ki, onun altında ölmək belə şərəflidir. Bayraq and yerimizdir,andımıza sadiq olaq!

İlkin Nadirov,
MANERA.AZ



Baxış sayı - 13 521 | Yüklənmə tarixi: 09.11.2017 14:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031