manera.az
manera.az

Qızlarınız əlinizdə kitab görsün!...

📅 06.10.2017 11:04

Qızlarınız əlinizdə kitab görsün!...
Oktay Hacımusalı

Onları qara rəngə bürüməyin!

Son bir neçə gündə bir neçə dindar yoldaşın statuslarında rast gəldim ki, balaca iki qız uşağının şəklini paylaşırlar və balaca qız uşaqlarının hansı formada geyinmələri olduğu ilə bağlı sual verirlər. Arxadaşlar, Allah xetrinə, Tanrı eşqinə, siz nə ayaqsınız? Din bilirik ki, cəmiyyətdə birgəyaşayışın, xoşgörünün oturuşmasına xidmət etməli olan bir vasitədir. Yəni, mənim, sənin, onun fərdiyyət sistematikasından çıxıb konkret toplumlaşmasına səbəb olmalı bir aktordur din. Amma bizdə isə son zamanlarda kimlərsə atılır ortaya, bizi birarada yaşamağımıza səbəbiyyət verməli olan dinə tamam fərqli rakurslardan, hətta kimlərinsə konkret dəyirmanına su tökərək yanaşır.

Tanrı insanı yaradanda onun içinə genetik kodlarını yerləşdirir, hər bir insanı yaşadığı coğrafi şəraitə uyğun formalaşdırır. Yəni, sizə örnək kimi təqdim olunan ölkələrdəki uşaqlarda ola bilsin ki, yetişkinlik tez baş verir və uşaqlar daha erkən yaşlarda əqli - baliq dediyimiz özünütanıma dövrünə qədəm qoyurlar, amma səmimi deyirəm, bu Azərbaycanda belə deyil. İmkan verin, o uşaqlar da, onlar sizin qız balalarınızdır. sabah - biri gün böyüyüb hansısa bir evin İşığını yandıracaqlar, sabah - biri gün onlar da ana olacaqlar, digər uşaqlar kimi uşaqlıqlarını yaşasınlar, gülsünlər, oynasınlar. Axı, bizim toplumumuz, bizim millətimiz sizə örnək kimi göstərilən digər qövmlər, toplumlar və millətlər kimi öz qız uşaqlarını diri - diri basdırmayıblar. Onlar heç qızları doğulanda başlarına kül də ələməyiblər, ocaqlarının keçdiyinə də inanmayıblar. Əksinə, biz qadını ucaltmışıq, ona XANIM demişik. Bir şeydən də əmin olun, o qız balalarınıza qarşı sərgilədiyiniz və sərgiləmək istədiyiniz aqressiya var e, sabah məhz həmin aqressiya onların şəxsiyyət formalaşmasına mane olacaq, cəmiyyətdə ciddi mənəvi aşınmaların yaşanmasına gətirib çıxacaqdır. Daim kənardan gələn ideoloji tendensiyalar ucbatından "kəsik" kimi təqdim olunan qız uşaqları özünəinam hisslərini itirdiklərindən sabah onların böyüdüb tərbiyə edəcəyi nəsil də həyata 0-2 hesabı ilə məğlub başlayacaqdır. Səbəbini də deyim niyə 0-2?! 1 - ci qol onda vurulacaq ki, həmin sizin o balaca yaşlardan çarşaba bürünməsini müdafiə etdiyiniz qız uşaqlarınız şəxsiyyət kimi formalaşa bilməyəcək, daim bir dini xofun təsiri altında məhrəmlik, naməhrəmlik kompleksi yaşayacaq, bu kompleksdən əziyyət çəkdiyinə görə normal bir təhsil almayacaq, ya da aldığı kompleks ucbatından təhsilini yarımçıq qoyacaq(çünki sinifdəki və məktəbdəki bütün oğlan uşaqları naməhrəmdirlər bu məntiqlə). Evdə oturub təhsilini davam etdirməyən bir gənc qız isə sabah ailə həyatı qurandan, ana olandan sonra necə "mükəmməl bir övlad" yetişdirəcək, düşünə bilirsiniz, yəqin ki!... Alın, sizə bu da ikinci bir qol!...
Bilirsiniz ki, dövlətimiz də inanan insanlar üçün kifayət qədər şərait yaradıb. Yaradılan şəraitdən qalır düzgün məqsədlər üçün istifadə etmək. Sən əgər iki - üç yaşlı bir qızı qapqara geyindirib məscidə aparırsansa, sənin qapqara qaraldıb məscidə apardığın körpə ilə bağlı sosial şəbəkələrdə müəyyən tənqidi münasibət sərgilənirsə, lütfən buna etiraz etmək yerinə bir dəfə də düşün: niyə?! Səbəb nədir ki, mənim bu hərəkətim tənqid olunur? Məgər tənqid edənlərin hamısımı cahildir? Bircə mənmi aqiləm, arifəm, düz yoldayam? Mütləq anlatmaq lazımdırsa, olmazmı sənin qız balan otursun evdə, ya da həyətdə uşaqları ilə oynasın, sən də məsciddən gələndə onu öpüb qucaqlayıb dizinizin üstündə oturdaraq bu gün haqqında danışasınız? Danışa - danışa, hətta istəsəniz, istəsəniz deyirəm, çünki bu günün savabını aşağı salıb bu haqda danışmaq istəməzsiniz hər halda, Qarabağdan, Xocalıdan, orda şəhid edilən balaca Zeynəblərdən, Əli Əsğərlərdən bəhs edəsiniz?! Olmaz yəni? Mütləq körpəniz travma almalıdır? Onsuz da böyüyəndə həyat ona lazımi dərslər keçəcək! Açıq qapı qoyun! Düzgün tərbiyə vermisinizsə, milli - mənəvi dəyərlərə sahib bir övlad yetişdirmisinizsə, qorxmayın xəta edəcəklərindən! Xəta etməzlər!

İndi, gedin övladımıza kitab oxuyun! Ya da heç oxumayın, axşam evə gələndən sonra evdə televizorda mənasız şeylərə baxmaqdansa, əlinizə bir kitab alın, oxumasanız da, oxuyurmuş kimi göstərin özünüzü! Qoy qızınız kitabla tanış olsun! Din(lər)lə onsuz da tanış olacaq gələcəkdə!


Baxış sayı - 1 046 | Yüklənmə tarixi: 06.10.2017 11:04
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031