“Tənqidi ədəbiyyata sovet rejimi sırıyıb" - Elçin İsgəndərzadə | MANERA.AZ
![]()
Müsahibimiz professor Elçin İsgəndərzadədir.
Elçin müəllim, necəsiz?
- Bu gün ilk Avropa oyunlarına ev sahibliyi edir. Bu ölkənin vətəndaşı olaraq dünyanın ən mutlusu! Şuşada doğulub 23 il Şuşasız yaşaya bilən bir Şuşalı olaraq isə planetin ən bədbəxti!..
Dünyanın bir çox ölkələrini gəzmisiniz. Bir çox kitabların da müəllifisiniz. Sizcə, kitab adamı olub dünyanı gəzmək gözəldir, ya dünyanı gəzib kitab yazmaq?
- Hər ikisi də gözəldir. Şəxsən mən kitab adamı olub sonra dünyanı gəzdim. Nəzəriyyələrimi təcrübələrlə tamamladım. Mənə görə belə daha maraqlı və cəzbedicidir.
Dünyadan ədəbiyyatımız necə görünür?
- Baxır dünyanın hansı nöqtəsindən baxırsan. Məsələn, Rusiyadan baxsan normal, Türkiyədən baxsan Bəxtiyar hoca boyda, Ruminiyadan baxsan, Füzuli, Anar, Elçin qədər, İraqdan baxsan Qəzənfər Paşayev və Ayaz Vəfalı səviyyəsində, Fransa, Belçika və ya Almaniyadan baxsan ümumiyyətlə heç nə görməyəcəksən. Dünyanın heç bir millətinin ədəbiyyatından geri qalmayan ədəbiyyatımızı əfsuslar olsun ki, tanıda bilməmişlər və yenə əfsuslar olsun ki, yenə də tanıda bilmirik.
Yazıçıya tənqid lazımdı?
- Ədəbiyyatda ən gərəklisi müəllif-əsər-oxucu amilidir. Tənqidi ədəbiyyata sovet rejimi "sırıyıb". O rejimin mənəvi atributlarından biri "tənqid" və "özünütənqid" idi. Bunu ədəbiyyata da yoluxdurdular və bu virus ədəbiyyatın demokl qılıncına çevrildi. Dediyimiz rejimi xeyli ayaqda tutdu, sonra rüşvətxorluğa, daha sonra tərəfbazlığa, yerlibazlığa ən nəhayət "pivə qonaqlığına" qədər adiləşdi. Mənə görə və eyni zamanda sivil ölkələrdə ədəbi tənqid yox, ədəbiyyatşünaslıq elmi və ədəbiyyatşünas var.
Tənqid olunmusuz?
- İlk dəfə 13 yaşımda sevmək istədiyim bir qız tərəfindən tənqid olunmuşam. Ona şeirlərimi oxudum. Diqqətlə dinləyib dedi ki, bunlar nədir yazmısan? Səməd Vurğun səndən yaxşı yazır! Mən də onun tənqidin qəbul etməyərək onu sevməkdən vaz keçdim. Sonra Tanrı mənə Məmməd əmi ilə (Məmməd Arazla) tanışlıq bəxş etdi. Onun uğurlu yolundan sonra demək olar ki, bütün tənqidçilərimiz haqqımda yazılar yazdılar və yaradıcılığımı normal dəyərləndirdilər.
Kimləri daha çox oxuyursuz?
- Nazim Hikməti və Məmməd Arazı.
Sizcə, bu gün gənc yazarlara qayğı yetərincədirmi?
- Biz nəslə zamanında olanlarla müqayisə etsək ən azı min dəfə artıqdı. Amma bu günümüzün şərtləri ilə baxdığımızda daha çox şeylər etmək olar.
Gündəmi zəbt edən Qan Turalı və “Ali və Nino” olayından xəbərdarsız yəqin ki. Özümüz öz yazarlarımızı təbliğ edə bilmiriksə, bəs dünya ədəbiyyatına necə çıxa bilərik?
- Haqlısınız! Qəribədir, hər şeyə yer tapılır kitaba yox. O mağazanın vitrinlərində milli mentalitetimizə yad və Qan Turalının topuğundan belə olmayan o qədər makulatura var ki!..
Necə düşünürsüz, kitab mağazasını baykot etmək düzgündürmü?
- Məncə, baykotdansa ən böyük rəflərindən birini Qan Turalının kitablarına ayırtdırmaq daha yaxşı olardı.
Bu gün oxucu üçün normal ədəbiyyat yarada bilirikmi? Yəni, oxucu vaxtını itirir, ya ədəbiyyat oxucusunu?
- Hal-hazırda hər ikisi itirə-itirə gedir. Və mənəviyyat deyilən məfhum yazıq günə qalır.
Bu yaxınlarda qüsurlarla dolu antalogiya çapdan çıxıb. Yazarlar ciddi tənqid etdilər, kitabı. Tanışsız?
- Böyük ədəbi faciədir. Bu səviyyədə təbliğ olunuruq, bu səviyyədə tanınırıq, analoji olaraq bu səviyyədə də nifrət edilirik. Nə əkərsən, onu da biçərsən. Hər kəs bacardığı işin qulpundan yapışmalıdır. Elementar vicdan olmalıdır. Baxsınlar Anarın "Min beş yüz ilin Oğuz şeiri" antalogiyasına və gedib hər addım yolun kənarında qarşımıza çıxan tikinti materialları mağazalarının birindən 3 metr kəndir alsınlar...
Bizim kənddə, ümumiyyətlə Qarabağda bir "həşim xaşılı" deyimi var. Rusların "kaşa-malaşa" ifadəsinə uyğun gəlir. Belə həşim xaşılı işlər, o cümlədən antalogiyalar mənlik deyil.
Elçin İsgəndərzadə üçün vətəndə vətənsiz yaşamaq necədir?
- Cəhənnəmin qır qazanında 24 saat yanmaq!
Ədəbi proseslərə fəal deyilsiz...
- Ədəbi proseslərin ciddi ədəbiyyat verə biləcək məkanında daimi sakinəm. Boş iddialı demaqoqluq, ucuz dedi-qoduluq, "facebook" mənasız şairlər birliyi və Rüstəm Kamalın təbirincə desəm "bir sürü arvadlar" birliklərindən əbədi kənaram.
İşinizlə söz demisiz ya sözünüzlə iş görmüsünüz?
- Hər ikisi var! Allaha çox şükür ki, hər ikisində də tarix qarşısında alnım açıq üzüm ağdır. Ən önəmlisi isə Tanrı lütfünü qazanmaqdır.
Manera.az-a sözünüz?
- Gənclərimizə həmişə maddi və mənəvi dəstək olmağı vicdan borcu hesab etmişəm. Sizə mənəvisini olmuşam. Manera.az-ı mütəmadi izləyirəm. Uğurlar!
Söhbətləşdi: Çinarə Ömray
Manera.az