Oscarın qısa siyahısı məlum oldu
2017-ci ilin 26 fevralı axşamı Los Angelesin məşhur Dolby teatrında Jimmy Kimmelin aparacağı 89-cu Oscar film mükafatının təqdimat mərasimində təqdim olunacaq qısa siyahi artıq açıqlanıb.
Amerika Film Akademiyasının açıqladığı məlumata görə "Xarici Dildə Ən Yaxşı Film" nominasiyasında yarışacaq filmlərin sayı 9 olacaq. Film Akademiyası uzun siyahıdakı 85 film arasında mümkün olduqca hər mühüm film istehsalçısı olan ölkədən bir film seçə bilib. Siyahıda alman rejissor Maren Ade-nin, Kanadalı rejissor Xavier Dolan-ın, İranlı rejissor Asghar Farhadi-nin, Rusiyadan Andrei Konchalovsky-nin və s. xalqlara mənsub rejissorların filmləri yer alır. Türkiyədən müsabiqəyə yollanılmış Mustafa Kara-nın "Qələndər soyuğu" filmi və Gürcüstandan yollanılmış Rusudan Glurjidze-nin "Başqalarının evi" filmləri isə Oscarın builki doqquzluq qısa siyahısına düşməyib. Xatırladaq ki, 89-cu Oscar mükafatı uğrunda həm "Xarici Dildə Ən Yaxşı Film", həm də digər nominasiyalar: Ən yaxşı qısa film, Ən yaxşı sənədli film və s. -də yarışacaq 5 seçmə filmin siyahısı yanvarın 24-də açıqlanacaq.
Buna da bax: "Oscar"ın "Ən yaxşı əcnəbi film" siyahısında Qafqazdan təkcə Gürcüstan var
Beləliklə 2017-ci ilin "Xarici Dildə Ən Yaxşı Film" nominasiyasında yarışacaq filmlərin qısa siyahısı aşağıdakı kimidir.
Avstraliya, “Tanna,” - rejissorlar Bentley Dean, Martin Butler;
Kanada, “Bu sadəcə dünyanın sonudur,” - rejissor Xavier Dolan;
Danimarka, “Mənim torpağım,” - rejissor Martin Zandvliet;
Almaniya, “Toni Erdmann,” - rejissor Maren Ade;
İran, “Satıcı,” - rejissor Asghar Farhadi ;
Norveç, “Kralın seçimi” - rejissor Erik Poppe;
Rusiya, “Cənnət” - rejissor Andrei Konchalovsky;
İsveç, “Ove adlı adam” - rejissor Hannes Holm;
İsveçrə, “Mənim Zucchini qismində həyatım” - rejissor Claude Barras.