“Gənc yazarlar ədəbiyyatı” dərgisinin 5 yaşı tamam olur... - OXUCU TƏBRİKLƏRİ
![]()
Bu gün “Gənc yazarlar ədəbiyyatı” internet dərgisinin yaranmasının 5 ili tamam olur.
Qeyd edək ki, səhifə “Bizdən-bizə” aylıq ədəbiyyat dərgisinin rəsmi səhifəsi kimi fəaliyyət göstərir.
Dərgidə Şeir, Nəsr, Qəzəl, Məqalə, Tərcümə, Təqdimatlar kimi bölmələri fəaliyyət göstərir.
Dərginin təsisçisi və baş redaktoru Elçin Aslangil, redaktorları Aqşin Evrən, Tural Adışirindir.
MANERA.AZ dərginin 5 yaşı münasibəti ilə tanınmış yazıçı və şairlərin təbriklərini dərc edir:
Nəriman ƏBDÜLRƏHMANLI (yazıçı-tərcüməçi) -Səhifənizi daim izləyirəm. Mənə elə gəlir ki, indiki şəraitdə gərəkli və xeyirxah iş görürsünüz. Gənc qələm sahiblərinin yaradıcılığının aydın mənzərəsini yaratmaq az iş deyil. İnanıram ki, gələcəkdə daha sistemli və məqsədəyönlü fəaliyyət göstərcəksiniz. Kiçik yubiley iniz mübarək. Uğurlar sizə!
Əkbər QOŞALI (şair)- 1 avqust 2016-cı ildə "Gənc yazarlar ədəbiyyatı" internet dərgisinin 5 yaşı tamam olur. Bu gün həm də “Azərbaycan Əlifbası və Azərbaycan dili Günü”nün təsis edilməsinin 15-ci ildönümüdür. Üst-üstə düşən bu “beş”li 1 avqust günü bütün yazarlarımızı qutlayıram! Dil bayramı, Əlifba bayramı ilk növbədə şairin, yazıçının, yeni nəsillərin bayramıdır! Bu baxımdan, “Gənc yazarlar ədəbiyyatı” internet dərgisi yaradıcılarının gənclər olması, bölgədə yaşayan gənclər olması və öz mübarək işlərini məhz 1 avqust günü gerçəkləşdirmələri çox anlamlıdır.
Gənc istedadları üzə çıxarmaq, onlara meydan tanımaq, gənclərin yeni bilgilərə yiyələnməsinə çalışmaq, “gəncdən-gəncə” fəlsəfi yanaşmasını şəkilləndirmək, sorğu və müsahibələr təşkil etmək və s. internet dərginin ötən 5 il ərzində öz missiya və mandatlarına uyğun gördüyü işlər sırasındadır.
"Gənc yazarlar ədəbiyyatı"na yeni-yeni uğurlar diləyirəm!
Kənan HACI (yazıçı)- "Gənc yazarlar ədəbiyyatı" səhifəsi internet məkanında, sosial şəbəkədə Azərbaycan ədəbiyyatının təbliği, gənc, istedadlı gənclərin tanınması üçün faydalı işlər görür. Səhifənin çox dəyərli arxivi yaranıb. Azərbaycan ədəbiyyatı adına görülən hər bir iş alqışa layiqdir. Sizə də uğurlar arzulayıram!
Tərlan ƏBİLOV (şair)- Dərgi olaraq "Gənc Yazarlar Ədəbiyyatının" gördüyü işlər, ədəbiyyatımıza göstərdiyi xidmətlər çox ürəkaçandır. Qeyd edim ki, Azərbaycan ədəbiyyatında baş verən bütün yeniliklərin dərgidə özünə yer alması, müntəzəm işıqlandırılması prosesdə olan hər bir kəsin diqqətindən kənarda deyil. Ayrı-ayrı imzaların bədii nümunələrinin dərci, onların yaradıcılığı haqqında tənqidçilərimizin yazdığı məqalələrin sıralanması, dərginin ədəbi proseslə çiyin-çiyinə olduğundan xəbər verir. Mən bir imza olaraq "Gənc Yazarlar Ədəbiyyatı"nı 5 illik yubileyi münasibəti ilə təbrik edir, orda çalışan hər bir qələm sahibinə yeni-yeni uğurlar diləyirəm!
Rəşid BƏRGÜŞADLI (yazıçı)- Sözdür əslində yarın ləbini şirin edən, nazına işvə qatan, qaşını kaman yapan. Şirin sözdür cümlə ədəbin butası. Söz tutan var, söz üstə başkəsən, Sözlə dilkəsən var. Sözün kəsəri onun yerində, vaxtında, rəvan və sanballı deyilməsindədir. Söz zərgəri, Söz sərrafına, Sözü şəkilləndirənə Söz adamı deyirlər. Sözə palan qoymaq, başına çatı salıb sürümək Söz adamı üçün günahdır, elin Sözünə ləkədir, ədəbə xilafdır. Bir də var Söz Xiridarları.. Beləsi, sanballı Sözü qoxusundan tanıyar, iyini beş arşından bilər. Onlar Söz adamının yükünü çəkənlərdir, Söz cəfakeşləri, arı kimi sözbə-söz bəhəri mayalandıranlar, çiçəyi tozlandıranlar, ədəb yayanlardır, Söz baxçasının bağbanlarıdırlar. Belə Söz xiridarlarından biri də “Gənc Yazarlar Ədəbiyyatı”dır. Dilimizin uzun, sözümüzün kəsərli olmasında “Gənc Yazarlar Ədəbiyyatı”nın xüsusi xidmətləri var. Əzizlərim, Elimizin Sözü bütöv olsun deyə bu Yolda çəkdiyiniz hər zəhmətinizi canı-dildən dəyərləndirir və bu beş ildə Sözə dayaq durmaqdan yorulmadığınıza görə Sizi təbrik edirəm! Sizinlə qürur duyur, uğurlarınız bol, Yolunuz aydın olsun deyirəm!
Aybəniz ƏLİYAR (şair)- “Gənc yazarlar ədəbiyyatı” "Bizdən Bizə"aylıq ədəbiyyat dərgisinin səhifəsidir.Müasir ədəbi prosesin yol yoldaşı kimi fəaliyyət göstərir. Əsasən səhifəsində gənclərimizə yer ayırmaqla onları oxuculara tanıdır. Hamımızın bildiyi kimi, sosial şəbəklərdə əsasən gənclər yığılmışdır. Amma buna baxmayaraq, əlbəttə ki, orta nəsil nümayəndələri də azlıq təşkil eləmir. İndi saytların geniş miqyaslı əhatəsi insanların hər tərəfli maariflənməsinə riayət etməkdədir. Buna "Gənc yazarlar ədəbiyyatı" gözəl nümunədir. Sayta qoşulduğum və daima izlədiyim üçün deyə bilərəm ki, adını eşidib özünü görmədiyim və yaradıcılığı ilə heç tanış ola bilmədiyim bir çox tanınmışlarımızın da əsərlərini oxumuşam. Səhifə həm də Azərbaycan klassik və dünya ədəbiyyatı xəzinəsinin seçmə nümunələrini oxucularara çatdırmaqla gözəl missiyanı həyata keçirir.Ad gününüz mübarək! Daha böyük uğurlar və oxucular arzu edirəm.
Günel NATİQ (yazıçı)- “Gənc yazarlar ədəbiyyatı” dərgisi bu 5 ildə çox işlərə nail olub. Gənc yazarları ədəbiyyat aləminə tanıdıb, onların yazılarını vurğulayıb, ustad yazarların əsərlərinin fonunda bir növ gənclərin yazdıqlarını araşdırıb... Həm də bu işləri öz məqamında edib, çünki bu işə təmənnasız könül verib, heç vaxt birtərəfli, qərəzli olmayıb. Hər şey ədəbiyyatı sevməklə başlayır. “Gənc yazarlar” ın xidməti ədəbiyyat sevgisiylə ölçülür. Adətən ədəbiyyat aləminə yeni qədəm qoyan gənclərin təbliğat sahəsində problemləri olur, ya dəstək məqamında gəlmir, ya özlərinə inamsızlıq onları kölgədə qoyur. Bu mənada “Gənc yazarlar ədəbiyyatı”nın dəstəyi çox böyükdür. Mən dərginin aktivliyini də qeyd etmək istərdim. Burda olduqca işgüzar, aktiv gənclər toplaşıb və onların zəhmətkeşliyi, operativliyi göz önündədir. Dərginin xeyli sayda oxucusu var, bu dərgidə çap olunmaq həm böyük oxucu ordusuna sahib olmaq deməkdir. “Gənc yazarlar ədəbiyyatı” dərgisini təbrik edirəm və daha böyük uğurlar arzulayıram. Həmişə belə maraqlı, gərəkli olun və ədəbiyyat naminə böyük işlərə imza atın!
İntiqam YAŞAR(şair)- “Gənc Yazarlar ədəbiyyatı” səhifəsi facebook məkanında, virtual aləmdə ədəbi yönümlü ən aparıcı səhifədir. Burada dərc olunan yazıların bədii keyfiyyəti, obyektiv yanaşma tərzi və s. bu kimi keyfiyyətlər bunu ürəklə deməyə imkan verir. Mən də öz növbəmdə bu əsl ədəbiyyat səhifəsinin qurucuları olan, yönəticisi olan, oxucusu olan dostlarımızı təbrik edirəm. Daim öz yolunun, öz ənənəsinin keşiyində möhkəm dayanmasını arzulayıram.
Şəhla ASLAN (yazıçı)- Səhifənizin ədəbiyyatsevərlər tərəfindən maraqla izlənildiyinin fərqindəyəm. Burada dərginin öz mətnləriylə yanaşı müxtəlif saytlarda dərc olunmuş yaradıcılıq nümunələri də paylaşılır. Bu xeyirxah işdir, oxucunun zövqünu oxşamaq cəhdidir. Ədəbiyyat uğurda atdığınız bu addımı tədqirəlayiq hesab edərək, qudsal niyyətinizi alqışlayıram.
Aydın məsələdir ki, bu gün tanınmış imza hər bir dərgidə asanlıqda dərc oluna bilir. Əsl fədakarlıq tanınmamış, amma istedadlı qələm sahiblərinin dərc olunmasına, tanıdılmasına şərait yaratmaqdı. Səhifənizdə özünə - sözünə meydan axtaran gənclərə tribuna olan Manera.az-ın materiallarına da rast gəlirəm. Bunun üçün Manera.az olaraq dərginizə, yaradıcı heyyətə təşəkkür edir, arzu edirik ki, dərginin yaşının üstünə qalaqlanan illər həm də oxucu sayını da artırmış olsun!
Tural Adışirin,
MANERA.AZ