manera.az
manera.az

BALABAN |MANERA.AZ

BALABAN |MANERA.AZ

Qocalar əsalarına dirsəklənib, cavanlar qollarını sinəsində çarpazlayıb, uşaqlarsa əllərini paçalarında sıxıb gözləyirdilər. Hamı əliylə “mane olma” işarəsi verir, məni susmağa səsləyirdi. Kürəyində məktəbli çantası, maraqla atılıb düşən bir uşağın yanında çömbəldim.

- Qaqaş, nəyə baxırsız?

- Desəm, məni qucağına alarsan?

Sonra qucağımdan sağ qulağıma “azərbaycanlıyla erməni dava eləyəcək” deyə pıçıldadı. Meydana yığışanların yarısı erməni, yarısı azərbaycanlı idi. Qarşı-qarşıya duran bu sifətlərin hər birindən eyni təbəssüm boylanırdı. Üzlərdəki nifrət qocalı- cavanlı hamını bir-birinə oxşatmışdı. Hamı öz tayını eyhamla təhqir edirdi; azərbaycanlı qocalar əllərini göya açıb qarşı tərəfə bəla diləyir, erməni həmyaşıdları ha¬vada xəzəl kimi yellədikləri əllərilə onlara “ nə gündəsiz?” cavabı verirlər, bizim gənclər dişlərini qıcıyır, erməni qoluzorluları qanlı-qanlı fürsət gözləyirdilər. Erməni uşaqları dillərini çöldə saxlayır, baş barmaqlarını balaca ovuclarında düzəldikləri “yuva”dan çıxaraq azərbaycanlı balacaları təhqir edirdilər. Bizimkilərsə, şalvarlarını aşağı salıb zoğal boyda duduşlarını erməni yaşıdalrına təklif edirdi. Kimsə yerə tüpürsə, qarşısındakı boğazını çəkib ondan da böyük tüpürür, qadınlar əllərini cütləyib bir-birinə “kül başına” edirlər. Meydan qızışırdı. İllərdir yığılıb qalan hirs, hikkə partlamağa hazır idi. Bu vaxt tunellərin ağzından ağ tüstü çıxdı. Hər iki tuneldən eyni boyda, eyni yaşda oğlan gözə dəydi – əyinlərində qəribə naxışlı əbalar… Buta, ulduz, od, ləçək işarələrilə bəzədilmiş paltarlar bənzər idi. Azərbaycanlı qocalardan biri əsən əlilə ağzına “çəpər” çəkib yanındakına pıçıldadı: “Paltarındakı şəklə bax – it başına oxşayan işarəni deyirəm – köpək uşaqları bizdən oğurlayıblar”. Gənclər asta-asta bir-birilərinə yaxınlaşırdılar. Hamı səbirsizliklə qalibi görmək istəyirdi. Meydana toplaşanlar qəhrəmanlarını səsləyirdilər: Elcan! Elcan! Elcan! Qarşı tərəf də eyni templə qışqırırdı: Xancan! Xancan! Xancan! Sonra azərbaycanlı gənc erməniyə var gücü ilə bir şapalaq vurdu. Və bərkdən:
- “Xocalı” – dedi.

Erməni illərdir buna hazırmış kimi bir saniyə belə gözləmədən şillə cavabını verib, - “Pındıq” – deyə qışqırdı.

Sonra “Sanatürk”ə “Hamazasp” cavab verdi, “Atatrük”ə “Zori Balayan”. “Avo” qışqırdılar, “Mübariz” ağladılar… Sonra bir anlıq susdular. Azərbaycanlı bir az yavaşdan dedi:

– Döyüləsi çox şeyimiz var.

Sinə-sinəyə dayandılar, beləcə bir-birilərini itələdilər… itələdilər… itələdilər… Diz üstə düşdülər, diz üstə itələndilər, dizləri qanadı. Dirsək üstə kəllələşdilər, dirsəklərinin dərisi qopdu, yeri cırmaqladılar, dırnaqlarından oldular, gün batdı, azan səsləndi, gözlərindən yaş axdı, qanlarına qarışdı, itlər ulaşdı atlar kişnədi, Ağrı dağ ağrıdı Mehrini saldı – insanların hikkəsi keçmədi. Yenidən sinə-sinəyə durdular, xısın-xısın ağladılar. Eyni dildə ağlayıb eyni dildə sızladılar. Qol-boyun olub hönkürdülər. Bu səhnəyə dözməyən Natəvanın Şuşadakı heykəlinin güllə deşiklərindən yaş gəldi. Sonra bəzi qadınların gözləri yaşardı, gənclər yerə baxdı, qocalar saqqalını qaşıdı, uşaqlar pərt oldu. Sonra bir qoca ayağa qalxıb yavaş-yavaş qabağı getdi. Ermənilərdən kimisə qaralamışdı. Keşikçilər onu saxlamaq istəyəndə kişi əli ilə rədd işarəsi verib – “Adə, əlivizi çəkin! Bu qaynım Vartandı”, adə, Vartan, sən sağsan?” – dedi. Özünə oxşayan bir ermənini qucaqlayıb ermənicə ağladı, “Vera, ay qız! Hardasan? Vartanı tapmışam” – deyib, azərbaycanca hönkürdü. İnsanlar bir-birilərinə qarışdılar. Sanki bunlar bayaqdan nifrətlə bir-birilərini süzənlər deyil! Meydanı gülmək, ağlamaq, qışqırıq səsi bürüdü.

Adamlar bir-birinə qarışıb həyəcanla danışırdılar. Gənclər Elcanla Xancanı atıb-tuturdu. Sonra ətrafı qəribə musiqi səsi bürüdü. Əsrarəngiz səsin hansı alətdən çıxdığını bilmək olmurdu. Sarı gəlin deyildi. Bəlkə də Sarı gəlin idi. Qucağımdan nə vaxt düşüb qaçdığının fərqinə varmadığım bayaqkı məktəbli əlimi dartdı:

– Əmi, əmi, orda bir balaban var, bir tərəfini erməni piləyir, bir tərəfini Şirzad dayı. Gəl bax!
Uşağın ardınca gedirdim, kürəyindəki çanta bir cüt qanada oxşayırdı.

Sərdar Amin,
MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031