manera.az
manera.az

Üşümək, ölmək, unudulmaq... | MANERA.AZ

📅 11.04.2016 11:40

Üşümək, ölmək, unudulmaq...  | MANERA.AZ

Manera.az gənc yazar İsmayıl Məmmədovun şeirlərini təqdim edir:

..Bir əsgərə..

Gözəl gülürsən,
Əlləri palçığa batmış,
dəbilqəsini güllə oynatmış əsgər,
gözəl gülürsən.

Sinəndən sökmək istəyirsən qaranlığı,
sinən yamaq-yamaq.
Köksünə sancırlar soyuq güllələri,
Üşümək, ölmək, unudulmaq:
Bizim üçün təkcə budur yaşamaq.
Köksünə sancırlar güllələri...

Pəncərəni döyən küləyə cavab..

Axtarma, evdə yoxam,
Bilirəm, sən unutmamısan,
mən içimdə unudulmuşam.

Yaxşısı, get körpə qapısını döy,
De ki, atan qayıdacaq,
əlində bir qucaq çörək.
Hələ gedib ananı söyən kişiyə də təpinəcək..

Yaxşısı, get kölgəsinə sığınan küknara yanaş,
Danış, dərdləş.
Qorxma, bir az da oynaş..

Boz təpəni, susuz çayı, dağılmış asfaltı,
Hər gün yeni bir qonaqdan bezən
qəbiristanlığı da unutma.
Get danış,
Get tanı.
Və bacarsan de ki,
O yox olmayıb,
O, içində gizlənib.

Qu və ququ quşu..

Qu və ququ quşu...
Biri sevginin rəmzidir
Və ölənə qədər sevgidən oxuyur.
O biri isə azadlığın köləsidir,
Bilmir ana sevgisinin nə olduğunu
Və yeni doğulan ətcəbalaları anasız qoyur.

Amma ikisi çox tez qarışdırılır,
Yəqin əbədi sevmək də nə vaxtsa kimisə
anasız,
atasız qoymaqdır.
Yəqin övladları atıb getmək də
elə yaşayarkən qu nəğməsi oxumaqdır.

MANERA.AZ


Baxış sayı - 1 924 | Yüklənmə tarixi: 11.04.2016 11:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031