Onunla Səməd Vurğun, Üzeyir bəy haqqında söhbət etdik - Gündəlikdən səhifələr
Bu il dahi rəssam Səttar Bəhlulzadənin (1909-1974) 115 illik yubileyinin tamam olması ilə də əlamətdardır və rəssamın vəfatından düz yarım əsr ötür.
Səttar Bəhlulzadə ömrü boyu öz gündəliklərini yazmışdı. Rəssamın gündəlikləri bugünədək tam nəşr olunmayıb. Həmin gündəliklərdə rəssam Səttar Bəhlulzadə sənətkarlığı, rəssam dühası rəssamın fırçası ilə deyil, qələmilə sözbəsöz, sətirbəsətir, cümləbəcümlə özü tərəfindən yazıya alınmışdır. Bu gündəliklərin kiçik bir hissəsi üzə çıxarılaraq vaxtilə "Qobustan" jurnalında (1989. №1.) və "İncəsənət" qəzetinin üç nömrəsində (21 aprel, 20 may, 23 iyul 1992-ci il) dərc olunmuşdu.
Səttar Bəhlulzadə dühası ilə baş-başa qalmaq, rəssamı daha dərindən dərk etmək üçün həmin gündəlikləri nəzərdən keçirmək olduqca vacibdir. Fikrimcə, bunu etmək rəssamın yubileyi ərəfəsində onun ruhuna ehtiramın parlaq ifadəsi olardı.
sənətşünas, AMEA-nın dissertantı
***
1 dekabr 1970-ci il
Sənətkar gərək özünü itirməsin, öz müvazinətini gərək saxlasın, yaratdığı hər hansı bir əsərlə işini bitmiş hesab etməsin, həmişə gərək mübarizədə olsun, yeni-yeni əsərlər işləməklə, yeni kəşflər etsin.
Odur ki, sənətkar özünü həmişə mübarizə meydanında hiss eləməli, yeni fikirləri yeni bədii vasitələrlə verməlidir. Yeni fikirlərsə yeni-yeni bədii vasitələr tələb edir. Sənət əsərini bir vasitəsilə vermək olmaz, ən yüksək rəng ahəngi ilə fikri asimana qaldırmaq lazımdır.
Bizim sənətkarlarımızın bir parasının əsərlərinin zəif olması onun fikircə deyil, bədii vasitəcə zəifliyindən irəli gəlir. Odur ki, çoxusu elə bilir ki, kompozisiyanı qurdumu, bununla da əsər tamamlandı. Nə qədər bədii fikir vacibdirsə, o qədər də bədii vasitə onun yaranması üçün lazımdır.
Əgər fikir bədii vasitə ilə yüksəklərə qaldırılmayıbsa, o əsər həmişə zəif olacaq.
lll
1 dekabr 1970-ci il
Həmişə mənə deyirlər ki, gənclərimizə nə deyə bilərsiniz! Birincisi budur ki, çox işləmək, özüdə kor-koranə deyil, ağılla, kamalla çalışmaq lazımdır, hər hansı bir sənətkarı yamsılamaq lazım deyil, bir də görürsən ki, yaşın keçib, düz yola yox, əyri yollara düşmüsən. Vaxt keçib, heç bir şey əldə etməmisən!
Odur ki, axtarışlar aparmaq yaxşı işdir, ancaq bu axtarışlar düzgün olmalıdır, özü də ki, mən elə hiss edirəm, belə deməklə yaxa qurtarmaq olmaz. Bu, yanlış məntiqdir.
Bu özünü təmizliyə çıxarmaq deməkdir. Məktəb illərini qiymətləndirmək lazımdır. Bu illərdə sənətlə bağlı çox şey öyrənmək lazımdır. Bu illərdə öyrənməli şeyləri sonralar vaxt tapıb öyrənmək olmur.
lll
21 oktyabr 1972-ci il
Mən indi "Anam" əsəri üzərində işləyirəm, bu əsərdən sonra bir böyük əsər üzərində də düşünürəm, onu da böyük həcmdə işləyəcəm, özü də üç-dörd metr olsun, bunu meyvələr səltənətinə həsr edəcəyəm, özü də fiqurlar ilə, Şahdağla, Quba və Göyçay bağları ilə. Çoxdan Süleyman Rəhimovla söhbət etdiyim zaman o mənə demişdi ki, sən indi böyük ölçüdə "Azərbaycan" işlə, qaldı ki, onun ölçüsünə, o ya bir xolstda (kətanda), ya bir neçə xolstda olsun, onu özün düşünərsən.
Bu axır illərdə o məni görəndə həmişə bunu soruşur ki, mən dediyim barədə düşünürsənmi! Mən doğrudan da, düşünürəm və ona belə də cavab verirəm.
Bundan başqa, daha bir əsər də mənim başımdadır, bu əsəri istəyirəm ki, atama həsr edəm, özü də Abşeron bağlarında, qumluqlar, Mərdəkan qalası, dəniz... Bundan başqa, ayrı fikrim də vardır, o da yenə Abşeron bağlarında bütün ailə ilə, çay içilən zamanı təsvir edəcəyəm.
Hələlik bu fikirlər başımda dağınıq haldadır, vaxt gələr hamısı cəmləşər və həyata keçər. Hələ bunlardan başqa, bu saat emalatxanada bir böyük əsərin kartonu və kalkası vardır ki, onu çəkirəm, "Anam" əsərim başımda fırlandı. Mən "Anam" əsərimi haman əsərdən əvvəl işləməyə başladım.
Əsər işləmək üçün, əsər yaratmaq üçün, heç kəsdən imdad gözləmə, heç kəsdən sənə kömək olmayacaqdır, imdadı ancaq özün-özündən gözləyə bilərsən, odur ki, həmişə möhkəm ol və heç vaxt özünü itirmə, lap ağır vaxtlarda olanda belə möhkəm dur və sənət yolunu çaşdırma, necə işləyirsənsə, elə də işlə və elə də əsərləri yüksəklərə qaldır. Bu olar sənin imdadın, heç vaxt ümidsizlik dəryasına düşmə, ondan pis şey yoxdur, onun altından çıxa bilməzsən, həmişə cəsarətli ol və həmişə də irəli bax, irəlini gör, ümidini irəliyə bağla, ümidsiz adam heç bir şey edə bilməz.
Ümidimiz böyük dəryadır ki, biz onu həmişə fikrimizdə tutub yüksəlirik, onsuz heç bir şey ola bilməz, ümid fikir deməkdir, ümid arzu deməkdir, odur bütün arzularını həyata keçirmək üçün ümidini möhkəm tut saxla!
Mən də ümid edirəm ki, fikrimdə olan arzularımı həyata keçirəm, onları yaradam, xalqa göstərəm, həm xalqı, həm də özümü şadlandıram! Odur ki, yuxarıdakı əsərlərdən alayı daha başqa əsərlər də işləyəcəyəm!
İllər ötəcək, amma ümidlər, arzular həyata keçəcək, onlar həyatda olacaqlar, onlar sənət əsərlərində dönüb muzeylərdə, sərgilərdə xalqı şadlandıracaqlar, onlar gələcəkdə başqalarını ümidləndirib onların arzularını həyata keçirəcəklər. Odur ki, yaratmaq və onunla yaşamaq, qəlbdən işləmək, daxildən yanmaq hər adamın işi deyil, hər sənətkarın işi deyil və işi də ola bilməz!
Bundan ötrü əvvəlcə yaratmaq lazımdır, tərbiyələnmək və özünü tərbiyə etmək lazımdır!
Odur ki, bəzi cavanlar bir tərəfdən vaxtlarını boş keçirdirlər, bir tərəfdən də axtarışları düz olmur, dərindən, qəlbdən, daxildən işləmək əvəzinə ora-bura atlanırlar...
lll
23 noyabr 1971-ci il
...Pul dalınca qaçmaq, həyatı pulda görmək nə qədər alçaq bir işdir, pul yaşamaq üçün, ancaq yaşayıb-yaratmaq üçündür. Pula həris olan rəssamlarımızın əsərləri Moskva sərgisində zəif fonda göründü, onlar gərək özlərinə dərs götürsünlər, papaqlarını qabaqlarına qoyub fikirləşsinlər ki, daha belə iş görmək olmaz!
Mən inana bilmirəm ki, bu adamlar öz işlərinin səviyyəsini necə olur ki, görmürlər, necə olur ki, öz işinin qeyrisinin işlərinin yanında nə səviyyədə olduğunu dərk etmirlər?! Necə sənətkarsan ki, bilməyəsən, sən özün kimsən, nəsən və necəsən! Dostlarına məqalə yazdırıb özünü tərif etdirməklə adam rəssam ola bilməz, olsa da, üç gün davam edər. Odur ki, elə əsər yaratmaq lazımdır ki, o, xalqa layiq əsər olsun, xalqın qəlbinə yol tapsın, onun hisslərinə gözəl təsir etsin. Bu dediklərim bu adamların əsərlərində qəti yoxdur, onda daha rəssamlıqdan, sənətdən danışmayın! Birdəfəlik öz çirkin işlərinizi yerə qoyun, qruppabazlığı, dostbazlığı buraxın, sənət ilə məşğul olun, onda hamı sizə hörmət bəsləyər.
lll
23 noyabr 1971-ci il
Mənim yanıma bu gün Füzuli rayonundan, məşhur mağara açan Məmmədəli müəllim gəlmişdi, xoş xasiyyətli olan bu cavan alim savadlı bir adamdır, onunla çox söhbət etdik, həm incəsənət, həm də musiqi və ədəbiyyatdan, onun, görünür ki, yaxşı savaddan başqa, sənət və ədəbiyyat fikirləri inkişaf etmişdir. Burada Səməd Vurğun, Üzeyir bəy və başqaları haqqında söhbət etdik.
Üzeyir bəyin aşıq və xalq musiqisi barədə fikirləri, bundan başqa, Molla Pənah Vaqif haqqında söhbət getdi.
Üzeyir bəy deyirmiş ki, aşıq musiqisi elə dəryadır ki, mən onun içində üzürəm, onda elə bir dərya vardır ki, biz ondan nə qədər istifadə etsək,yenə də dərya qalar və biz bu musiqidən istifadə etməliyik.
Üzeyir bəy "Koroğlu" operasında gör nə ustalıqla xalq musiqisindən istifadə etmişdir. Hələ Səməd Vurğunun özü gör xalq yaradıcılığından necə ustalıqla istifadə etmişdir və həmişə öyrənmişdir.
Məmmədəli mənə dedi ki, sən gördüyünü olduğu kimi işləmirsən, mən də cavab verdim ki, axı elə vaxt olur ki, Şahdağa baxırsan, sənə elə gəlir guya dağ kiçik görünür, elə ki, ayağa qalxırsan, onda nəhəng görünür, odur ki, elə vaxt olur, mən ayrı-ayrı dağları bir yerə yığıram, bu mənə lazımdır, bu mənim yaratdığım obraza lazımdır.
Bundan sonra Məmmədəli müəllim Azərbaycanda olan qalalar haqqında söhbət elədi və Cəbrayıl rayonunda olan dağ yeri haqqında və oralarda olan mağaralar haqqında söhbət elədi, çox maraqlı danışırdı.
Məmmədəli müəllim mənə deyirdi ki, gərək o yerləri tərənnüm edəsiz ki, o gözəl qalaları bizim xalqımız görsün.
lll
23 noyabr 1971-ci il, cümə axşamı
Bu gün mənim yanıma Asif gəldi. O, Musiqili Komediya Teatrında Zülfüqar bəyin "Əlli yaşında cavan" əsərinə tərtibat verir, ona Şuşa şəhəri haqqında, Şuşa ətrafında görünən mənzərə, yəni əsasən dağları göstərdim və təsvir etdim. Sonra Şuşa mənzərələrinin etüdlərini, 1954-cü ildə işlədiklərim əsərləri ona göstərdim, sonra isə Murov dağını göstərdim və yaxşı-yaxşı çəkdim və rəngdə necə olduğunu və bütün günü həmişə günəşlə işıqlandığını danışdım: səhər necə açılır, rənglər necə olur, hamısını tərənnüm etdim. O axırda dedi ki, Səttar, hər şey mənə aydın oldu, indi bu rəsmləri mən aparıb Şərifova göstərəcəyəm. Və deyəcəyəm ki, Səttarın mənzərələrindən götürmüşəm və Səttar mənimlə yaxşı söhbət elədi, indi bütün hər şeyi bilirəm və bunları Şəmsi Bədəlbəyliyə də deyəcəyəm.
lll
12 mart 1973-cü il
Elə istəyirəm ki, tempera ilə böyük həcmli işlər yaradam. Özü də divarda olsun, yaş malada mənim quru malanın üstünə tempera ilə xoşuma gəlmir, yaş malada olan mənzərələrdən yoxdur, odur ki, belə texnikada işləmək elə bilirsən ki, lap əfsanədir. Bizim monumentalçı rəssamlarımız gərək bu texnikada işləsinlər, onda gör əsərlər divarda necə olardı və necə görünərdi! Bu elə texnikadır ki, söz ilə izah etmək qeyri-mümkündür, onlar asan yolla, asan texnika ilə gedirlər, özlərini çətinliyə salmaq istəmirlər.
Bizim monumental sənətimiz, yəni divar rəngkarlığı hələ indi yavaş-yavaş inkişaf edir, əlbəttə, bu, hələlik başlanğıcdır. Vaxt gələr, bu sahəmiz inkişaf mərhələsinə qalxar, bu sahədə rəssamlarımız çox işləyə bilərlər. Və layiqli əsərlər yaratmağa müvəffəq olarlar.
lll
15 mart 1972-ci il
Salam Salamzadənin evində söhbət... Qəmər xanım öz atasının - Əliqulu Qəmküsarın şəklini göstərdi və dedi ki, Səttar müəllim siz bu şəkli görmüş olarsınız, mən də onun sözünü təsdiq etdim, sonra bir neçə şəkillər göstərdi və hansıların ki, mən birinci dəfə görürdüm, orada yaxşı maraqlı bir şəkil vardı, özü də şəkildəkiləri tanıyırdım. Məmməd Səid Ordubadinin çayxanasının qabağında çəkilmiş fotoşəkil idi. Məmməd Səid çayçı paltarında durmuş, qalanları isə əyləşmiş və birinci planda Məmmədəli Sidqi, Əliqulu Qəmküsar da yuxarıda oturmuşdu, bunlardan başqa xeyli adam var idi ki, onların hamısını mən tanımıram. Bu şəkillər Əliqulu Qəmküsarın haqqında yazılmış monoqrafiyada gedəcəkdir. Monoqrafiyanı Qəmər xanıma Tələt verib ki, onlar oxusunlar və öz fikirlərini desinlər ki, o, əsəri tamamlasın. Mən onlardan monoqrafiyanın necə yazıldığını soruşmadım, çünki hələ onu oxuyub tamamlamamışlar.
Salamın dediyinə görə bir çox adamların Əliqulu Qəmküsar haqqında çoxlu xatirələri olmaqla, o cümlədən, Məmmədəli Sidqinin də gözəl xatirələri vardır. Ona görə də Salam mənə dedi ki, gələcəkdə sənin də rəssamlar haqqında olan xatirələrinin Azərbaycan mədəniyyəti üçün böyük xeyri olacaqdır. Odur ki, sən yaxşı edirsən ki, yazırsan. Mən də Salama söylədim ki, o gün sən mənə dedin ki, mən əvvəllər yazırdım, indi daha gecdir. Ancaq mən evdə fikirləşdim ki, heç də gec deyil, hər gün yarım saat məşğul olsan, bəsdir. Bütün xatirələrində qalanları yavaş-yavaş qeydə alarsan, olar xatirələr.
Mən 1931-ci ildə rəssamlıq məktəbinin son sinfində oxuyurdum. Onda böyük rəssamımız Əzim Əzimzadə məktəbə müdir gəldi. Məni "Kommunist" qəzetində öz yanına işləməyə apardı. Mən o zamandan Mirzə Məmmədəlini tanıyırdım. Onda Məmmədəli Sidqi "Kommunist" qəzetinin nəşriyyat müdiri, qəzetin redaktoru isə Əli Kərimov idi...
Oraya həmişə Əbdürrəhim bəy Haqverdiyev və Mirzə Cəlil Məmmədquluzadə gəlirdi. Biri hündür boylu, biri isə balaca boylu idi. Onlar "Molla Nəsrəddin" jurnalının nəşrində tarix boyu olan gözəl xatirələrdən söhbət edirdilər, mən də qulaq asırdım. Bundan başqa, işdən gedəndə onların hər ikisini Sabir bağında oturan görərdim.
Onda "Kommunist" qəzetinə gündə də olmasa, hər iki gündən bir gələnlərdən Cəfər Cabbarlı, Əfrasiyab və Şəmsi Bədəlbəylilər, Niyazi, orada işləyənlərdən Mikayıl Rəfili, Qubad Qasımov, Məmmədəli Qayıbov, Əsəd Tahirov, Ramazan Quliyev, Məmməd Əkbər, hərdən Əliağa Vahid gəlib felyeton yazardı, sonra Ağabala Ramazanlı (ona "soldat Ağabala" deyərdilər). Bundan başqa, o zamanlar Süleyman Rüstəmi tanıyırdım. O, "Gənc işçi" qəzetində işləyirdi. Əli Aslanov isə "Yeni yol" qəzetinin redaktoru idi, bundan başqa İsrafil Nəzərli orada işləyirdi.
Salam Salamzadə əlavə etdi ki, mən Səttarı 1932-ci ildən tanıyıram. Mən o zaman Moskvada oxuyurdum, Azərbaycan rəssamlarını tanımaq, öyrənmək istəyirdim. Mənə dedilər ki, "Kommunist" qəzetində Səttar Bəhlulzadə işləyir. Mən də gəldim Səttarla tanış oldum. Mən də əlavə elədim ki, Salam müəllimlə tanış olmağım bugünkü kimi lap gözümün qabağındadır.
Salam Salamzadə ilə bir çox sənətkarımızın əsərlər üzərində az işləmələri və ciddi olaraq obraz üzərində işləməməsi haqqında söhbət getdi. Elələri var ki, sərgidən-sərgiyə işləyirlər. Elələri də vardır ki, sərgiyə bir az qalmış başlayırlar işləməyə. Odur ki, bir çox əsərlərdə dərin obrazlar üzərində çalışmaq lazımdır. Gərək əsər elə olsun ki, obraz texnika və koloritlə bərabər yüksək mərhələyə qaldırılsın, onlar bir-birini tamamlasınlar...
lll
15 mart 1972-ci il
Sənət əsəri ilk növbədə obrazlı və sənətkarlıq baxımından yüksək olmalıdır. Onda bu iki şey bir-birini tamamlayır. Əsər birinci növbədə ideyalı olmalıdır. İdeya obrazlı və bədii vasitələrlə yüksəklərə qaldırılmalıdır. Bunlarsız əsər olmaz.
Əsərlər bədii cəhətdən zəif olanda onun təsiri də zəif olur. Ona görə də sərgilərdə tamaşaçılar belə əsərlərin yanından göz yumub keçirlər. Əsər tamaşaçını tutub saxlamalıdır, əfsunlayıb yerindəcə dondurmalıdır. Sənətkar bu barədə ciddi düşünməlidir ki, onun əsəri nə üçün sərgidə tamaşaçı tərəfindən bəyənilmir. Əgər tamaşaçı əsərdə bir şey tapmayıb, onun qarşısında durub düşünməyibsə, baxmadan keçibsə, onda sənətkar bu barədə narahat olmalı və düşünməlidir.
lll
23 yanvar 1972-ci il. Bazar günü, səhər
...Ən gözəl dağlar bizim dağlardır. Bu dağlar elə formadadır ki, görmədən ömründə onları heç təsəvvürə gətirmək olmur. Sırayla yan-yana düzüldüyünə görə onlara silsilə dağlar deyilir. Ancaq formaca, qurluş və rənginə görə bir-birinə bənzəmir. Ona görə də bizim dağlar ən gözəl dağlardır.
...Bu yerlər çox gözəl yerlərdir. Burada Qoşqardan çıxırsan, bir tərəfdən Qusarçay, bir tərəfdən bağlar qarşısında böyük Qafqazın Azərbaycandan keçən Şahdağ silsilə dağları gözəl forması və gözəl rəngləri ilə bir əfsanəyə oxşayır. Təbiət qoynunda yerləşən kəndlər bu mənzərəni daha da gözəlləşdirir, canlandırır. Bu kəndlər Qusarçay boyunca dağ ətəyi ilə otuz-otuz beş kilometr uzanıb gedir. Burada uca başı qarlı dağlar, sıldırımlı qayalar, gözəl çəmənlər, şəlalələr bir-birini əvəz edir. Hələ ucu-bucağı görünməyən güllü çəmənlər, qoyun quzu sürüləri, tüstüsü göyə ucalan yurdlar bu çölləri bəzəyir.
10 iyul 1973-cü il. İkinci gün. Axşam.
Dünən "Azinforumbüro"nun müxbiri Kamal Abdullayev gəldi. O, xəbər verdi ki, Fransadan jurnalist gəlib. Sabah Rəssamlar İttifaqına gələcək. Özü də Azərbaycanda fransız rəssamlarının, Parisdə isə Azərbaycan rəssamlarının sərgisi olmalıdır. Bununla bağlı rəsmlərə baxılacaq.
Bu gün fransız rəssamı gəldi. Üç-dörd iş düzdülər, o baxır, "slayd" çəkir, özü də həyəcanlı bir surətdə. İşlər çox xoşuna gəlirdi. Sonra Kamal dedi ki, indi böyükləri göstərək. Böyükləri də göstərdilər. "Muğan gözəlləri"ni görəndə lap dəli oldu. Çox gözəl sözlər söylədi. Ancaq mən həyəcanlı olduğumdan nə eşidə bilirdim, nə də başa düşürdüm. Sonra "Odlu torpaq"a baxdılar. O da xoşuna gəldi. Kamal əlavə elədi ki, gör neft necə yaradılıb. O da heyrətləndi. Sonra da "Anam" əsərini göstərdilər. Çox baxdı, bildi ki, bu, mənim anamdır. Dedi, bildim ki, anandır. Özü də məyus-məyus vermişsiniz. Əlavə elədim ki, bir neçə il bundan əvvəl vəfat edib. O, xeyli baxdı. Həm oturanda, həm də işlərimin yanında çoxlu fotoşəklimi çəkdilər.
Axırda mənə Paris haqqında bir kitab bağışladı. Gözəl sözlər yazmışdı. Əlbəttə, bu sözləri bir-iki saatdan sonra, həyəcanım sakitləşəndən sonra oxudum. Mənim barəmdə yazılan kitablardan birini ona bağışladım. O aldı, çox təşəkkür elədi. Mən də ona təşəkkürümü bildirdim.
Ona söylədim ki, bu il sentyabr ayında Moskvada Nəsiminin yubileyi günlərində sərgi olacaq. O, çox şad oldu. Sonra Kamal söylədi ki, Səttarın qrafikalarından sərgi təşkil elədilər və əlavə elədi ki, işləri elə asmışdılar, Səttarın çox xoşuna gəlmişdi. Özü də müvəffəqiyyətli olmuşdu. Qrafikalar onun çox xoşuna gəldi və "Aylı Quba axşamı" mənzərəsini görəndə dedi ki, gözəl Bakı axşamlarını xatırladım və çox xoşuna gəldi... Kamal söylədi ki, bu işlər Parisdə göstəriləndə Səttar oradaca bu işi sizə hədiyyə verər. O, çox təşəkkür elədi. Mən də ona təşəkkür elədim ki, siz mənim emalatxanama buyurub gəlmisiniz, rəssam üçün bundan böyük sevinc nə ola bilər! Sizə təşəkkür edirəm, bütün fransız xalqına təşəkkür edirəm! Sizin böyük xadimləriniz Delakruaya, Viktor Hüqoya, Berlioza, Debüsiyə və bütün fransız sənətkarlarına eşq olsun!
O, çox şad oldu. Gülə-gülə mənə əl verdi, öz təşəkkürünü dönə-dönə bildirdi. Mən onunla bayır qapıya qədər getdim. O da pillələri düşdükcə öz təşəkkürünü bildirirdi. Emalatxanamda uzun müddət həyəcanlı və heyrətli əyləşdim. Ona görə ki, fransız jurnalistinin əsər bəyənməsi çox çətin məsələdir. Çay içdim. Uzun müddət keçəndən sonra mənə hədiyyə verdiyi kitaba yazdığı sözləri oxudum. Çox qəlbən yazılmışdı. Özü də bu sözlər təkcə sənətkar haqqında deyil, həm də insan haqqında deyilirdi!
lll
6 fevral 1973-cü il
...Nurəddin Həbibov yanıma gəlmişdi, 14 əsərimin "otkrıtka"sının yazısını mənim üçün oxusun. Yazısını mənə oxumağını lazım bilmədim. Dedim, ona görə ki, sənin yazdığın yaradıcılıqdır. Əgər onu mənə oxusan və mən onu istədiyim kimi eləsəm, onda bu düz olmaz. Mən belə şeyləri sevmirəm, elə həmişə də bunlardan imtina edirəm. Nurəddin də bundan razı qaldı. Bu vaxt Nadir Əbdürrəhmanov emalatxanya gəldi. O da bu söhbətə qoşuldu və dedi ki, işləri elə seçmək lazımdır ki, Səttarın eyni işlərindən olsun. Nurəddinin düzəltdiyi siyahıya baxdıq. Nadir də çox əlavələr elədi və bir neçə işləri ona göstərdi: "Odlu torpaq, "Torpağın həsrəti", "Qədim od", "Doğma düzənlər", "Aydınlıq" və "Anam" əsərləri.
O mənə "Anam" əsəri haqqında bir neçə sual verdi: mən də ona danışdım. Bu, Anamdır. Onu Azərbaycanın gözəl diyarı - Naxçıvan dağları fonunda vermişəm. Aşağı gəldikcə bağlar, gül-çiçək açan ağaclar, quşlar, birinci planda isə su, bu da ki aydınlıq və həyat deməkdir. Naxçıvanın gözəl sularıdır ki, hamıya hər yerdə məlum və məşhurdur, Badamlı, Sirab və başqaları. Burada hər tərəfdə quşlar budaqlara qonublar, bülbül, qaranquşlar. Ana uzaqlara, gələcəyə sakit baxır, gələcək yollara, xoşbəxt günlərdə yaşayıb, daha da xoşbəxtliyə gedir. Ananın kəlağayısı hər iki tərəfdən torpağa sallanmış, sanki torpağa qarışır, torpağı qucaqlayır. Bu da vətən və vətənə bağlılıq deməkdir. Su kimi aydın olan vətənimiz getdikcə yüksələcək, getdikcə zənginləşəcək!
lll
16 mart 1973-cü il
... İndi xolstu molbertə söykəmək olar. Əsəri onun dərinliyindən görmək olar. Lap sevinirəm, elə bil ki, indi əsər işləmək üçün cavanlığımda olduğu kimi həyəcanlanırdım, fərəhlənirdim və bir də ki sənətkara nə qocalıq?! Sənətkar gərək həmişə cavan olsun. Cavan kimi işləsin. Cavan kimi düşünsün və cavan kimi odlu olsun. Yaşından asılı olmasın!
...Bir Göygöl mənzərəsi işləyəcəyəm, öz adına layiq olsun. Çünki əsərin adı "Kəpəzin aynası" adlanır. Gərək burada obraz öz adını doğrultsun. Ona baxan kimi sənətkarın nə demək istədiyi məlum olsun. Bu olmayanda, demək, sənətkar öz məqsədinə nail olmamışdır. Onda əsər heç əsər deyil. Əsl əsər sənətkarın fikrini verməlidir. Ona görə ki, əsər xalqa lazımdır.
Ona görə indi mənim bütün bədənim əsir, özümü Göygölün yuxarısında hiss edirəm. Bütün fikrimdə olanlar gözlərim qarşısındadır. Elə bil ki, bu yüksəklikdə durduğum əfsanədə uçmaq istəyirəm, uçuram. Göygölün üzərində, özü də çox-çox yüksəklikdə bütün Kəpəzin üzərində, bütün gözəlliklər sanki məndən çox-çox aşağılardadır. Bütün qarlı dağlar aşağılarda qalıblar, çaylar coşublar, yavaş-yavaş ağaclar yaşıllaşır, canlanırlar!
Bu, bir aləmdir, özü də nağıldır, əfsanədir, bəlkə də röyadır. Doğrudan da, Azərbaycan torpağı bir əfsanədir, bir röyadır!
"Kəpəzin aynası"... Əvvəla, bu əsərdə gərək nəhənglik, monumentallıq, Azərbaycan dağlarına xas olan əzəmətlilik, gözəllik, onun gözəl suları, gözəl meşələri hiss olunsun. Ən əsas da bunları birləşdirən bir füsunkarlıq, əfsanəlik olsun. Bundan başqa, Kəpəzin özü suya düşsün, elə bil ki, bir gəlindir.
Bu əsərimdən sonra qəlbimdə yenə də "Göygöl mənzərələri" vardır. Onlar da yavaş-yavaş yaradılacaq. Hissiyatımdan çıxacaq və əsərlərə dönəcək. Bunlar nə vaxt olacaq, o da hələ məlum deyil. Hər halda olacaq. Hər halda bunların vaxtları gəlib çatacaq. Bu barədə onda danışarıq. İndi əlbəttə, əvvəlcə söyləmək tez olardı. Ola bilər, heç olmasın da. Bunu necə bilmək olar! Hələ fikrimdə bir neçə əsər də var. Onlardan biri də "Qədim Bakı"dır - dənizdə, sahildə, özü də gecə alovlar yanır. Gecənin qaranlığında dənizə düşən al qırmızı rənglər Odlar Diyarını verəcəkdir!
Bundan başqa, bir silsilə "Neft daşları" işləmək fikrindəyəm, "Abşeron natürmortu" neçə ildir ki, fikrimdədir. Onu da bu yayda tamamlayacağam. Arzularımdan biri də "Şamaxı mənzərələri" üzərində işləməkdir. Şamaxılılara söz vermişəm ki, sizin torpağınızdan bir neçə əsər yaradacağam. Bəlkə də bu yaxınlarda oraya getdim, oraları bahar qabağı görmək lazımdır.
lll
5 may 1973-cü il. Şənbə günü
... Biz maşına minib Şamaxıya yollandıq. Əvvəlcə onu deyim ki, yolda bu gözəllikləri, bu bahar vaxtı çöllərin güllərini, dağları, baharı söz ilə təsvir eləməyə məndə bədii vasitə yoxdur. Ona görə ki, mən nə şairəm, nə də ki ədibəm. Ancaq əsərimdə, daha doğrusu, işlərimdə rənglə, bunları verə bilərəm.
Ceyranbatan gölü mavi aynaya bənzəyirdi. Sumqayıt zavodlarının tüstüləri göyə dirənmişdi. Hər tərəf sarı, ağ və başqa güllərlə bəzənib. Uzaqlarda çəhrayı əfsanəvi gözəllik yollar boyu uzanıb gedir. Dağları yaşıllıq bir xalça kimi örtüb. Bu xalçanın üstündə rəngbərəng güllər, çiçəklər təkrarsız naxışlara bənzəyir. Şamaxıya gedən yol boyu sıralanan dağlar və dağları örtən yaşıllıq və güllər dəyişir və cürbəcür koloritə çevrilir. Bu gözəllik insanların hamısını sevindirir və gözəlliyə çağırır. İnsanlar bu yaşıllıqdan, güldən, çiçəkdən, quş səsindən zövq alır, daxilən zənginləşir, ucalır.
Mərəzədə çay içdik, sonra yenə də yolumuza davam elədik. Hava çox gözəl idi. Uzaqdan Şamaxı öz gözəlliyi ilə bizə özünü göstərirdi. Hündür dağlar, asimana qalxan buludlar, parlaq günəş mavi bir rəngdə Şamaxı daş-qaşı kimi parıldayırdı. O, elə bil ki, dürr idi, elə bil ki, almaslardan, briyantlardan bir əsər idi. Əlbəttə, bunu mən sözlə təsvir edə bilmərəm, ancaq rəng ilə verə bilərəm!!!
Nəhayət, Şamaxıya yaxınlaşdıq. Qədim məqbərələr görünürdü. Mən Xaqanini, Nəsimini, Seyid Əzimi, Sabiri xatırlayırdım. Bir çoxlarından şeirlər oxudum. Bu Şirvan torpağı dünyaya böyük sənətkarlar vermiş, bu gözəl torpaqda böyük vuruşmalar olmuş və xalq öz Şirvan torpağını müdafiə etmişdir! Burada gözəl kəlağayılar, gözəl qablar, gözəl maddi-mədəniyyət və böyük şeiriyyət yaratmışlar.
...Şamaxıda xeyli olduq. Gül açmış ağaclara, sarı və rəngbərəng güllərə, yaşıl dağlara tamaşa eləyirdik. Deyirdim ki, həyatda oturub, daha doğrusu, toplaşıb vaxtlarını qeybətlə keçirən bir parası nə üçün buralara gəlib baxmırlar, əsərlərini zənginləşdirmirlər?! Görünür, bir paraları bunlardan məhrumdurlar, qeybətə adət eləmişlər!!!
Quşlar oxuyurdu, gül-çiçək hər tərəfdə öz rəngini göstərirdi. Dağlar gah dumanlara qərq olur, gah da çıxırdılar. Bunları görmək, bu gözəllikləri dərk etmək, əsərlərdə yaratmaq lazımdır. Həyətdə durub boş-boş qeybət etməklə əsər olmaz. Əsər idrak istəyir. Bunları vermək üçün həyatı görmək lazımdır, bu gözəllikləri vermək lazımdır!!!
...Maşına minib yola düşdük. İndi mənzərə bambaşqa idi. Çünki günəş indi batmağa gedirdi. Tünd olan dağlara işıq düşüb parıldayırdı. Səhər işıqlı olan dağlar indi siluetdə idi. Elə bil ki, bu yerlər bambaşqa idi. Yolların üstündə uşaqlar zanbaq dəstələri satırdılar. Biz də aldıq. Hələ yolların ətrafı zanbaqla dolu idi. İnsan inanmır ki, bu güllər burada, bu Şirvan torpağında çöllər boyunca özbaşına bitir. Əgər xaricdən gələn bir nəfər buna inanmasa, onu Şamaxıya gətirib demək olar ki, buyurunuz, özünüz bu zanbaqları dəriniz!!!
Belə də gözəl torpaq olar - bu ki əfsanədir! Bu ki yuxudur, bu ki xəyaldır!!!
lll
8 may 1973-cü il, İkinci gün, axşam
Bilgəhə getməli idik. Gözləyirdim, Fərhad Xəlilov gəlib çıxdı. Moskvadan gətirdiyi beş çaydan üçünü stolun üstünə qoydu, "Qalanlarını aldılar, neyləyim, istədilər, verdim, - dedi. - Üçü gəlib çıxıb, böyük şeydi" - deyə zarafat etdi. Fərhadın xasiyyəti çox yaxşıdı. İstedadlı gəncdi. Mənim ona böyük hörmətim var. Az sonra heykəltaraşlardan Əfrasiyab və Fuad Bakıxanov gəldi. Əhvalları yuxarı idi. Onlarla görüşdüm və sataşdım ki, sizin kefiniz yuxarıdır, yol-yoldaşı ola bilmərik... Şükufə Mirzəyeva da gəldi. Dedi ki, sabah səhər saat on birdə Mehdi Hüseynzadənin abidəsi açılacaq. Soruşdum ki, danışacaqsınız? Cavab verdi ki, yox. Mehdinin döyüş yoldaşları danışacaq. Bir də söylədi ki, Mehdinin qəbri üstündən torpaq gətiriblər, ora tökəcəklər. Bu xəbər mənə bərk təsir elədi.
Fərhadla xeyli gözlədik, nə doktor (Nəriman Əbdürrəhmanov) gəlib çıxdı, nə də Tələt. Getdik Sahil çayxanasına və orada Muqbilə (Cabbarlının qohumu) rast gəldik. Dedi ki, Seyfəddin Dağlının yanında idim. Mənə dedi ki, Xızıda otaq düzəlt, Səttar qalsın və işləsin.
Sonra söhbətimiz sənətdən oldu. Mən dedim ki, sənət adamının gərək əli işdə olsun. Yüksəkliyi ancaq mütəmadi iş gətirər. Vidadi cavab verdi ki, bunu siz deyə bilərsiniz. Amma yüksəkliyi də gərək görsünlər. Mən dedim ki, sən kənarda ola-ola bunu yaxşı görürsən, ortada olsan, görə bilməzsən. Əlavə elədim ki, hələ adam gərək kənarda olanda özünü görsün... Vidadi incidi bu söhbətimizdən.
Sonra maşına mindik. Vidadi ilə Fərhad Rəssamlar İttifaqının qabağında düşdülər, məni maşın Rəssamlar Evinə apardı, emalatxanaya çıxdım. Axşam düşmüşdü, işləmək olmazdı, həm də yorulmuşdum. Üç gündü ki, bir Şamaxı mənzərəsi çəkmək istəyirəm... Hər gün bir əhvalat baş verir və mən emalatxanaya gec gəlib çıxıram. Ona görə də əsəri başlaya bilmirəm, dünən çərçivəyə çəkdiyim kətanı təzədən yaş elədim, tarım çəkilməmişdi.
Sonra Fərhad Xəlilovun Moskvadan - Kostya Maksimovdan gətirdiyi məktubu oxudum. Olduqca şad və eyni zamanda qəmgin oldum. Yazır ki, tələbə şəhərciyindəki günlərimiz yadındadırmı? Həmin illər xatirimdən kino lenti kimi gəlib keçdi. O illər bir əfsanə kimi göründü mənə. Onun da bu il mənim kimi altmış yaşının tamam olmasını söyləyir və yazır ki, səbirsizliklə səni gözləyirəm, xahiş edirəm ki, mənə teleqram vurub təbrik edəsən... Mənə cansağlığı, yaradıcılıq uğurları arzulayır.
Yazır ki, sən cavan vaxtlarında yataqxanada gördüyüm kimi varsan. Görünür, Fərhad ona mənim haqqımda xeyli danışıb. Yazdığı bu gözəl sözlərdən bunu başa düşdüm. Kostya ilə gözəl dostluğumuz olub, bir parça çörəyimizi belə yarı bölüb yemişik.
İndi isə altmış yaşımız var və mən vaxtın belə sürətlə ötüb keçməsinə təəccüblənirəm. Və mənə elə gəlir ki, ancaq insan düşüncəsinin, xatirəsinin zaman ölçüsü yoxdur. Görünür, bu, insan üçün çox gərəkli bir şeydir; bəlkə də həyatın bizə, ölümlü adamlara təskinliyidir...
525.az