manera.az
manera.az

XX əsrin sonu: 20 Yanvar faciəsi və müstəqilliyin bərpası

XX əsrin sonu: 20 Yanvar faciəsi və müstəqilliyin bərpası
"Doğma vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövrlərində xalqın dərdinə şərik olmaqla vətəndaşlıq borcunu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm... Mənim əsas məqsədim Azərbaycanın ərazi bütövlüyünü və Azərbaycan hakimiyyətini respublikanın bütün ərazisində bərqərar etməkdən ibarətdir." Heydər Əliyev

19-cu əsri 1789-1914, 20-ci əsri 1914-1991-ci illər arasında təhlil edən məşhur ingilis tarixçisi Eric Hobsbawma görə, 19-cu əsr "uzun", 20-ci əsr isə "qısa" idi. Yenə Eric Eric Hobsbawma görə, 19-cu əsr 1789-cu ildə Böyük Fransız İnqilabı ilə başlayır, 1913-cü ildə başa çatır. "Qısa 20-ci əsr" - təqvimə görə deyil, tarix olaraq 1914-cü ildən, yəni Birinci Dünya Müharibəsindən sonra və 1991-ci ildən - dünyada qlobal dəyişikliklərin başlandığı, 1990-cı ildə Almaniyanın birləşməsi və 1991-ci ildə SSRİ-nin dağılması ilə sona çatır. bizim üçün Qarabağ savaşının başlanması və 20 Yanvar faciəsi ilə sonlanan "qısa 20-ci əsr"də Azərbaycan xalqının həyatında xüsusi əhəmiyyət kəsb edən hadisələr bir-birini izlədi.

Əsrin əvvəllərində Azərbaycanda Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yarandı (28 may 1918-ci il), zəngin dövlətçilik tariximizdə mühüm bir hadisə oldu. Azərbaycan öz dövlət müstəqilliyini əldə etdi, dövlət quruculuğunda, idarəetmədə yeni ənənələrin əsası qoyuldu. Təəssüf ki, Cümhuriyyətimizin ömrü qısa oldu, Azərbaycan bolşeviklər tərəfindən işğal olundu. Əsrin sonunda, 90-cı illərin əvvəllərində keçmiş SSRİ-nin süqutu ilə müstəqilliyimizi bərpa etmək üçün tarixi şərait yarandı. Əsrin sonunda 70 illik əsarətdən sonra xalq ikinci dəfə öz müstəqilliyinə qovuşdu. “Bir kərə yüksələn bayraq, bir daha enməz”, - sözləri həqiqətə çevrildi.

Müstəqilliyimizə gedən yol qanlı 20 Yanvardan keçdi. Sovet rəhbərliyi 1987-ci ildən başlayan gərginliyin qarşısını almaq əvəzinə, Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlədi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Dinc əhaliyə ağır texnikadan və müxtəlif tipli silahlardan atəş açılaraq qətlə yetirildi. Bakı, Sovet ordusunun xüsusi təyinatlı dəstələri və daxili qoşunları tərəfindən xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə zəbt edildi. Fövqəladə hal edilənədək hərbiçilər tərəfindən 82 nəfər amansızlıqla qətlə yetirildi, 20 nəfəri ağır yaralandı. Fövqəladə hal elan edildikdən sonra da Sovet ordusunun xüsusi təyinatlı dəstələri və daxili qoşunları Bakıda və digər yerlərdə qırğına davam etdi. Bakı şəhərində bir neçə gün ərzində 21 nəfər öldürüldü. Hətta fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə də dinc əhali qətlə yetirildi. Qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürüldü, 744 nəfər yaralandı. Öldürülənlər arasında qocalar, qadınlar, uşaqlar, təcili yardım işçiləri, milis nəfərləri də vardı.

Bununla da kifayətlənməyib dinc əhali arasında kütləvi həbslər (paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər) aparıldı. Azğınlaşmış hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açıldı. Külli miqdarda dövlət və şəxsi əmlak məhv edildi. Bir sözlə, Sovet qoşunlarının hərəkətlərində 1945-1946-cı illərdə keçirilmiş və tarixə Nürnberq prosesi kimi düşmüş beynəlxalq tribunalda pislənilən bütün əlamətlər müşahidə edildi. Xalqımızın yaddaşına qanlı yanvar kimi yazılan tarix, həm də Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə millət qorxmadan əliyalın rus tanklarının qabağına çıxmaqla qəhrəmanlıq göstərdi. Oğullarımız şəhid oldu, lakin qanları ilə yeni tarix, qəhrəmanlıq tarixi yazdılar. 20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsinin sarsılmazlığını göstərdi. 20 Yanvar faciəsi Azərbaycan milli kimliyinin formalaşmasına həlledici rol oynadı, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu.

Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə və Sovet ordusunun qəddarlığına, baxmayaraq xalq yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirdi. Şəhidlərin dəfn mərasimində 2 milyona yaxın insan iştirak etdi. Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırıldı. Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edildi. Ulu öndər Heydər Əliyev Moskvadan haqq səsini ucaltdı. Faciədən bir gün sonra – 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəylik nümayiş etdirdi, keçmiş SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirdi. Əməliyyata rəhbərlik edənləri ifşa etdi: “...Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya zidd, humanizmə və ... hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm...Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı ... Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!”

Bu ərəfədə Naxçıvanda da vəziyyət kritikdi. Naxçıvanda işğal planlarını həyata keçirməyə cəhd göstərən ermənilər tərəfindən Sədərək, Günnüt və
Havuş kəndləri güclü atəşə tutuldu (14 dekabr 1989) 1990-cı il yanvarın 19-dan etibarən Sədərək daha intensiv hücumlara məruz qaldı. SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə Şərur rayonunun Kərki kəndi ermənilər tərəfindən işğal olundu. İgidlərimiz ağır döyüşlərdə qəhrəmancasına həlak oldu. Azərbaycanın o vaxtkı kommunist rəhbərliyi Naxçıvana qarşı erməni təcavüzünə biganə qalması xalqın hiddətinə səbəb oldu. Respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə qarşısında qaldı. 1990-cı il yanvarın 19-da Naxçıvan Muxtar Sovet Sosialist Respublikası (MSSR) SSRİ-nin tərkibindən çıxdığını bildirərək, özünü müstəqil respublika elan etdi. Respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə qarşısında qaldığı və beynəlxalq hüquqi qüvvəsi olan Qars müqaviləsinin şərtləri kobud şəkildə pozulduğu üçün qəbul olunan qərarda səbəb kimi Azərbaycanın o vaxtkı kommunist rəhbərliyinin Naxçıvana qarşı erməni təcavüzünə biganə qalması göstərildi

Bir yumruq kimi birləşən naxçıvanlılar ermənilərin arzusunu ürəyində qoydu. Naxçıvanlıların güc aldıqları yeganə qüvvə ümummilli lider Heydər Əliyev idi. Moskvadan vətənə qayıdan ulu öndərin bu illərdə döyüşlərin getdiyi Sədərəkdə dəfələrlə olması xalqla birliyi, insanların güc, inam hissini gücləndirdi. Naxçıvanı erməni işğalından qorudu. Naxçıvanlılar bu böyük şəxsiyyətin ətrafında sıx birləşdi. Artıq Naxçıvan tək deyildi. Ümummilli lider Heydər Əliyevin Naxçıvanda olması “unudulmuş” və “tərk olunmuş tənha ada”ya bənzədilən Naxçıvan sakinlərində stimul yaratdı.

Ümummilli lider Heydər Əliyev 1998-ci il yanvarın 14-də Azərbaycan Respublikası Konstitusiya Komissiyasının iclasında çıxışı zamanı Naxçıvan Muxtar Respublikasının Konstitusiya statusuna münasibət bildirərkən demişdi: “1990-cı il yanvarın 19-da Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Naxçıvanın Sovetlər İttifaqının tərkibindən çıxması haqqında qərarı, mən hesab edirəm ki, tarixi bir əhəmiyyət kəsb edibdir. Doğrudur, Azərbaycanın Ali Soveti yanvarın 29-da bu qərarı ləğv edibdir. Amma bu, tarixdə qalan bir hadisədir. Naxçıvan Muxtar Respublikasının insanları və Ali Sovetdə təmsil olunan adamlar öz iradələrini ifadə ediblər. Nəyə görə? - Azərbaycana qarşı edilən ədalətsizliyə görə. Naxçıvana Ermənistan tərəfindən hücumlar edilmişdi. O vaxt Kərki kəndi əldən getmişdi, başqa kəndlərə hücumlar edilmişdi. Hələ Ermənistanda, həm də Naxçıvanda olan sovet qoşunları da naxçıvanlıları müdafiə etməmişdilər – baxmayaraq ki, orada həddindən çox sovet qoşunları var idi. Ona görə də naxçıvanlıların başqa əlacı olmamışdı, qərar qəbul etmişdilər.” O gecə qəbul edilən qərar dünyanın nəzərlərini Moskvanın xalqımıza qarşı törətdiyi hərbi-siyasi cinayətlərə, ermənilərin Naxçıvana təcavüzünə yönəltdi. Ən önəmlisi bu qərarla “qüdrətli” Sovet İttifaqının çöküşü elan edilmiş oldu.

20 Yanvar faciəsindən sonrakı dövr blokada vəziyyətində olan Naxçıvanda çox ağır keçdi. Kəndlərimiz Biçənək, Şada, Gərməçataq, Sədərək, Havuş və s. intensiv erməni hücumlarına məruz qaldı. Bu hucumlar zamanı Sədərək 109 şəhid verdi (1990-1993).

O dövrdə mətbuada gedən bir yazıda Naxçıvan “unudulmuş tənha ada”ya bənzədilmişdi. Belə çətin, kəşməkəşli günlərdə 1990-cı il iyulun 22-də, ümummilli lider Heydər Əliyevin Moskvadan doğulub böyüdüyü Naxçıvana, ağır vəziyyətdə olan vətəninə qayıdışı xalqın qurtuluşu oldu. Xalq ulu öndəri görmək üçün Naxçıvan şəhərinin mərkəzinə, “Tribuna” deyilən baş meydana axın etdi. Bu görüşdəki 70-80 min nəfərin içərisində ailəliklə biz də vardıq.
XX əsrin sonu: 20 Yanvar faciəsi və müstəqilliyin bərpası
Dünya şöhrətli Heydər Əliyevin ətrafında sıx birləşən naxçıvanlılar qısa müddətdə onu özlərinə rəhbər seçdi. Ağır blokada şəraitinə baxmayaraq, Heydər Əliyev muxtar respublikanın müdafiəsini yüksək səviyyədə təşkil etməyə və erməni təcavüzkarlarından qorumağa nail oldu. O ağır günlərdə xalqla birlik nümayiş etdirən ümummilli lider Heydər Əliyevin məramı aşağıdakı sözlərində etiva olunur: "Doğma vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövrlərində xalqın dərdinə şərik olmaqla vətəndaşlıq borcunu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm... Mənim əsas məqsədim Azərbaycanın ərazi bütövlüyünü və Azərbaycan hakimiyyətini respublikanın bütün ərazisində bərqərar etməkdən ibarətdir."

Bütün naxçıvanlılar həmin illər Naxçıvanda dövlət müstəqilliyimizin bərpası istiqamətində taleyüklü qərarların hansı çətin şəraitdə və necə qəbul olunduğuna şahid oldu. Ağır və gərgin ictimai-siyasi proseslərin cərəyan etdiyi bu dövrdə - 17 noyabr 1990-cı ildə muxtar respublika Ali Məclisinin I sessiyası keçirildi. Heydər Əliyevin sədrliyi ilə keçən sessiyada "Naxçıvan Muxtar Sovet Sosialist Respublikası"nın adından "Sovet" və "Sosialist" sözləri çıxarıldı, onun "Naxçıvan Muxtar Respublikası" adlandırılması haqqında qərar qəbul edildi. Eyni zamanda, Naxçıvan MR Ali Sovetinin Ali Məclis adlandırılması barədə qərar qəbul olundu.

Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı. Sessiyada, həmçinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adından Azərbaycan SSR Ali Sovetinə üçrəngli bayrağının Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət irəli sürüldü. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxıldı. Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul etdi. Bu qanunla üçrəngli bayrağımız yenidən respublikanın Dövlət bayrağı elan edildi.

Sonralar ümummilli liderin özü bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı.”

Ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirdi: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovet İttifaqında, ölkənin daxilində — heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır. Bunu da edib Sovet ordusu. Və bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib. Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər. Müharibə vaxtı hərbi nazir az-az cəbhəyə gedirdi, ancaq görün bu hərbi əməliyyata bunlar nə qədər böyük fikir veriblər, bunun miqyası nə qədər böyük olub ki, marşal Yazov gəlib Bakıda oturub və bu əməliyyata rəhbərlik edib. Demək, bu, Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüzdür, təhqirdir, Azərbaycan xalqının qarşısında cinayətdir.”

Xalqın qan yaddaşında dərin iz qoymuş 20 Yanvar faciəsini “cinayət” adlandıran Heydər Əliyev "1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" qərar layihəsini işləyib Ali Məclisin sessiyasının müzakirəsinə təqdim etdi. Qərar məhz Heydər Əliyevin siyasi nüfuzu nəticəsində qəbul olundu. İlk dəfə 20 yanvar hadisələrinə düzgün siyasi qiymət Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən verildi. Qanlı hadisədə SSRİ rəhbərliyi ilə yanaşı, respublika rəhbərliyinin də günahkarı olduğu göstərildi, onların adları bir-bir açıqlanaraq məsuliyyətə cəlb edilmələri tələb olundu.

1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan MR Ali Məclisinə Sədr seçildi. Bu böyük hadisə çətin vəziyyətdə olan Naxçıvanda bayram kimi qarşılandı. “Bu seçimlə ulu öndər ilk növbədə, fəal və peşəkar fəaliyyəti ilə nəinki muxtar respublikada, həmçinin bütün Azərbaycanda milli dövlətçiliyə inam hissini formalaşdıra bildi.” Ümummilli liderin ilk gündən atdığı addımlar, həyata keçirdiyi tədbirlər Naxçıvanı düşmən əlinə keçmək təhlükəsindən qurtardı. Qeyd edək ki, Naxçıvan MR-də dövlət müstəqilliyinin bərpası istiqamətində tədbirlər yalnız siyasi müstəvidə getmirdi, “yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatının tələblərinə uyğunlaşan iqtisadi model formalaşırdı.”

Ali Məclisin 16 dekabr 1991-ci il tarixli sessiyasında "Dünya Azərbaycan türklərinin milli həmrəylik və birlik günü haqqında" qərar qəbul olunması əsrin yaddaalan hadisələrindən oldu. Məsələnin siyasi əhəmiyyətinə xüsusi önəm verən Ali Məclisin Sədri Heydər Əliyev müzakirələrə yekun vurarkən söylədiyi nitqində dedi: "Dünya Azərbaycan türklərinin milli həmrəylik və birlik günü haqqında" məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında müzakirə olunması, böyük əhəmiyyətli qərar qəbul edilməsi Azərbaycan türklərinin uzun illər ayrılıqdan sonra birləşməsi yolunda ilk addımdır. Biz böyük qürur hissi ilə deyirik ki, bu, Naxçıvanda, qədim türk diyarında irəli sürülmüşdür." Bu, dünya azərbaycanlılarının vahid amal uğrunda birləşməsi, məhz ulu öndərin sayəsində baş tutdu.

O ağır dövrdə Heydər Əliyevin nüfuzu sayəsində qurduğu beynəlxalq əlaqələri respublikanın mövcudluğunu qorudu. 1992-ci il mayın 28-də açılan Sədərək-Dilucu körpüsü Türkiyə ilə əlaqələrin inkişafında əhəmiyyətli rol oynadı. Hər çıxısı tarixi hadisə olan Heydər Əliyev körpünün açılış mərasimi zamanı demişdir: "Biz azərbaycanlılar, türklər əsrlər boyu Araz çayının o sahilində, bu sahilində dost, qardaş kimi yaşamışıq. Ancaq 70 il bir-birimizlə görüşmək üçün, əlaqə saxlamaq üçün həsrət çəkmişik. 70 il biz bu görüşü həsrətlə gözləmişik." Türkiyə Cümhuriyyətinin o zamankı Baş naziri Süleyman Dəmirəl isə cavabında "Bu gün burada cərəyan edən hadisə tək bir körpünün açılışı deyildir. Cərəyan edən əsas hadisə 70 il bir-biri ilə qürbətdə, həsrətdə qalmış qardaşlarımızın yenidən görüşməsidir. Bu, bir birlik, milli coşqunluqdur..."

Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinə rəhbərlik etdiyi dövrdə muxtar respublikanın xarici əlaqələrinin inkişaf etdirdiyi ikinci dövlət İran İslam Respublikası idi. 1992-ci il 22-25 avqustda Ali Məclis Sədrinin qonşu dövlətə səfəri siyasi və iqtisadi cəhətdən çox əhəmiyyətli oldu. Səfərin nəticəsi olaraq əməkdaşlıq protokolu imzalandı. Bütövlükdə siyasi fəaliyyətinin bütün dövrlərində muxtar respublikanın hərtərəfli inkişafına xüsusi qayğı göstərmiş ulu öndər demişdir: "Mən son vaxtlar Naxçıvanın inkişafı ilə əlaqədar bəzi tədbirlər həyata keçirmək barədə qərarlar vermişəm. Bunlar lazımdır. Nə üçün? Çünki Naxçıvanın vəziyyəti, onun coğrafi vəziyyəti və Naxçıvana qarşı ermənilərin daimi ərazi iddiası Naxçıvanı xüsusi inkişaf etdirmək məsələsini qarşımıza qoyur. Naxçıvan Azərbaycanın ən qədim torpaqlarından biridir. Naxçıvanda Azərbaycanın milli mədəniyyətini, memarlığını, rəssamlığını nümayiş etdirən abidələr vardır. Biz Azərbaycanın xüsusi ağır şəraitdə olan bir hissəsini gərək o qədər inkişaf etdirək ki, oradakı problemlər insanları narahat etməsin. Həmin insanlar orada daim yaşasınlar. Azərbaycan torpağını qorusunlar, saxlasınlar. Bax, bunlara görə bu qərarlar qəbul olunmuşdur."

1993-cü ilin yayında vəziyyətin kritik nöqtəyə çatması ölkədə genişmiqyaslı vətəndaş qarşıdurması yarada bilərdi. Belə çətin zamanda ümid Naxçıvana, diyarın xilaskarı Heydər Əliyevə ünvanlandı. Nicat yolunu Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsində görürən xalq təkidlə ömrünü bütünlüklə xalqa həsr etmiş Heydər Əliyevi respublikanın siyasi rəhbərliyinə dəvət etdi. Heydər Əliyev xalqın təkidi və tələbi ilə, iyunun 9-da Naxçıvandan Bakıya gəldi. İyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçiliən Heydər Əliyev az sonra Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü ilin iyun ayında Naxçıvandan başladığı xilaskarlıq missiyasını Bakıda, bütün ölkə miqyasında davam etdirən ümummilli liderin sayəsində müstıqil respublikamızda yeni inkişaf mərhələsi başladı. Məhz onun müdrikliyi, uzaqgörənliyi sayəsində ölkə xaosdan qurtuldu. “Özünəməxsus uzaqgörənliklə qısa müddətdə hadisələri normal axarına istiqamətləndirməyə, ölkəni parçalanmaqdan xilas etməyə, cəmiyyətin potensialını inkişafa, müstəqilliyimizin möhkəmlənməsinə yönəltməyə nail oldu.” 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti oldu.

Müstəqil Azərbaycana rəhbərliyi dövründə ümummilli lider Heydər Əliyevin barışmadığı və xüsusi narahatlıq keçirdiyi məqamlardan biri də torpaqlarımızın 20 faizinin işğal altında olması idi. “...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir”,- deyən ulu öndər azərbaycanlıların Şuşaya, Kəlbəcərə, Laçına, ümumiyyətlə, işğal altında qalan bütün ərazilərə qayıdacağına inanırdı. Ümummilli liderin vəsiyyətini Azərbaycan Respublikasının Prezidenti, layiqli siyasi varisi, Ali Baş Komandan İlham Əliyev həyata keçirdi. 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Zəfərə imza atdı. İşğal altında qalan torpaqlarımızı geri qaytarmaqla ulu öndərin arzuları həyata keçdi.

Artıq o illərdən bizi 34 illik zaman kəsimi ayırır. Ancaq yaxın keçmişimizə nəzər salanda o tarixin müstəqil Azərbaycanın siyasi həyatında nə qədər önəmli rol oynadığı, Azərbaycanın müstəqil siyasətinin təməlinin Heydər Əliyevin Naxçıvana qayıdışıyla qoyulduğu, Azərbaycanın müstəqil dövlət kimi müasir tarixinin ümummilli liderin adı ilə bağlı olması bütün miqyası ilə dərk olunur.

Azərbaycan tarixşünaslıq elminin qurucusu Abbasqulu ağa Bakıxanovun dediyi kimi, “Cəmiyyətin keçmişini öyrənən tarix elə bir danışmayan natiq ki, sələflərinin vəsiyyətlərini bütün təfsilatı və tərəfləri ilə xələflərinə çatdırır.”

Bəhs etdiyimiz hadisələr bizim yaxın tariximizdir və qəbul olunan taleyüklü məsələlərin həlli, dövlət əhəmiyyətli qərarların alınmasının, ulu öndər Heydər Əliyevin Naxçıvandakı xilaskarlıq missiyasının, sonralar bütövlükdə Azərbaycanın xilasının şahidiyik.

Lütviyyə Əsgərzadə
Filologiya elmləri doktoru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI