manera.az
manera.az

Bir gün əvvəl - HEKAYƏ

📅 27.11.2019 06:40

Bir gün əvvəl - HEKAYƏ
Axşamtərəfi özündə bir yüngüllük hiss elədi, ağrıları da səngimişdi. Yavaş-yavaş yerinin içində dikəlib pəncərədən çölə boylandı. Ürəyindən qalxıb həyətə çıxmaq, bir az təmiz hava almaq keçdi. “Tutun altında oturub, bir stəkan samovar çayı içə bilsəm, nə yaxşı olar”, - deyə könlündən keçirdi.

“Axı nə qədər çarpayıda arxası üstə uzanıb tavana baxacağam? Azar elə zəhrimardır ki, gərək üzünə xoş baxmayasan, bəsləsən, nazıyla oynasan, daha da möhkəm yer eləyəcək canında”. Cəfər bu fikirlərlə arvadını səslədi, tək ayağa qalxıb geyinməyə cəsarət eləmədi, qorxdu ki, başı hərlənər, yıxılar. Əvvəlki günlərdə bir neçə dəfə belə olmuşdu. Güllərin köməyi olmadan qalxmaq istəmişdi, amma ayağa duranda bütün otaq başına fırlanmışdı.

Güllər uzaqda deyilmiş, ərinin səsini eşidən kimi tez özünü çatdırdı.İslanmış əllərini üst-başına sürtə-sürtə çarpayıya yaxın gəldi, mehribancasına:

- Nə istəyirsən, dərdin alım? – deyə soruşdu.

Cəfər bir əlini ona tərəf uzatdı, o biri əli ilə çarpayıdan tutdu:

- Kömək elə, ayağa qalxım, əynimi geyinim. Həyətə çıxmaq istəyirəm. Ürəyimdən tutun kölgəsində oturub samovar çayı içmək keçir, - dedi. –

Görək gücüm çatıb, özümü tutun altına çatdıra bilərəmmi?

Güllər ərinin geyinməsinə kömək eləyə-eləyə ona ürək-dirək verdi:

- Bu saat, başına dönüm, niyə getmirsən ki? Samovar da hazırdır, elə indicə sənə çay gətirmək istəyirdim. Şükür, bu gün əvvəlkilərə baxanda yaxşısan, rəngin də əməlli-başlı açılıb.

Cəfər asta-asta, ehtiyatla qapıya tərəf addımladı. Güllərin sözləri elə bil ona daha da güc-qüvvət verdi, arvadının dediklərini təsdiqlədi:

- Düz deyirsən, ay Güllər, göz dəyməsin, bir az dirçəlmişəm. Deyəsən, kəfəni yırtmışam. Günorta dovğanı elə ləzzətlə yedim ki... Çoxdandı belə rahat çörək yemirdim, ürəyim də bulanıb-eləmədi.

Güllər ərinin yerini qocaman tut ağaçının altında Cəfərin öz əlləri ilə düzəltdiyi taxtın üstündə rahatladı, onun qolundan tutub ehmalca:

- Sən bir az otur, nəfəsini dər, bu saat çayını da gətirərəm, - deyib tez evə tərəf yönəldi.

Cəfər sinədolusu nəfəs alıb ətrafa göz gəzdirdi. Doğma həyət-bacasına elə həsrətlə baxdı ki, sanki neçə illərdir evindən-eşiyindən didərgin düşüb, indicə qayıtmışdı. Zarafat deyildi, iki ay idi ki, yorğan-döşəyin əsiri olmuşdu. Həmişə çöldə-bayırda, işdə-gücdə gününü keçirib axşam eləyən Cəfər indi qalmışdı canındakı ağrılarla əlləşə-əlləşə. Bu gün özündə bir az təpər taparaq həyətə çıxa bilməyinə də lap balaca uşaq kimi sevinirdi.

Ömründə bircə xoş gün görməyən Güllərin bu iki ayda əziyyəti dillə söylənəsi deyildi. Səhərdən axşamadək evin, həyətin işlərini görmək, yataq xəstəsi olan ərinə baxmaq, gecələr çimir eləməyib səhəri dirigözlü açmaq onu lap əldən salmışdı. Əvvəldən kobud, səbirsiz adam olan Cəfərin xəstələnib yatağa düşəndən sonra hövsələsi daha da daralmışdı, kəlməbaşı arvadını acılayır, bütün acığını, hirsini onun üstünə tökürdü. Güllər isə hər şeyə dözür, həmişəki kimi başını əyib sakitcə öz işini görürdü. Ərini körpə uşaq kimi əzizləyir, onu dilə tuta-tuta vaxtlı-vaxtında dərmanlarını içirir, çayını-çörəyini verirdi. Kim çatacaqdı ki köməyinə?

Qızı çoxdan ərə getmişdi, neçə illərdi ki, ailəsi ilə Rusiyada yaşayırdı, xeyli vaxtdı, buralara ayaq basmırdılar, oğlu isə öz tələbə yoldaşı ilə evlənmişdi, Bakıda olurdular. Atası xəstələnəndə bir dəfə gəlmişdi, həkim gətirmişdi. Həkimin yazdığı iynə-dərmanları alıb qoymuşdu evə, bir az da pul vermişdi. İnsafən, hər gün zəng edib atasının vəziyyətini xəbər alırdı. Güllər isə hər dəfə oğlu ilə danışanda onu arxayınlaşdırırdı, istəmirdi ki, oğlunu narahat eləsin. Axı, onun da işi-gücü, məktəbli uşaqları vardı. Gündə-gündə onları Bakıda qoyub kəndə gələ bilməzdi ki? Bir tərəfdən də Cəfərin tərsliyi, illah da ki dərmanlarının vaxtı çatanda uşaq kimi höcətləşməsi...

İndi ərinin bir qədər dirçəlməsi, onun köməyilə olsa da, həyətə düşməsi Cəfərdən çox Güllərin eynini açmışdı.Əlindəki çay dolu stəkanı və qənd qabını ərinin qarşısına qoyan Güllər şuxluqla əlini onun dizinə toxundurdu:

- Allah qoysa, tezliklə sağalıb olacaqsan əvvəlki Cəfər. Nə var ki səndə? Özün tənbəlik eləyirsən, qulluğun artdıqca bir az da şıltaqlaşırsan.
Cəfər bığaltı gülümsündü:

- Bax, sağalıb tamam ayağa qalxan kimi başlayacağam yenə səni döyüb-söyməyə.

Güllər də zarafatından qalmadı:

- Təki sən sağal, nə qədər istəyirsən, döyərsən. Bir-iki dəfə vurub ötəcəksən də...Yoxsa indiki kimi? Səhər-axşam ürəyimi üzürsən.
Cəfər çayını içib qurtarmışdı, boş stəkanı nəlbəkiyə qoyub sakit, məhzun bir səslə:

- İndiyə qədər sənə çox zülm vermişəm. Bir dəfə də üzümə qayıtmamısan. Bu iki ayda da çox əziyyətimi çəkdin, halal elə zəhmətini, - dedi, - Atalar düz deyiblər, kişiyə qalan arvaddır, ana yox, bacı yox, övladların da hərəsi bir tərəfdə. Tək, köməksiz hər şey sənin boynuna düşdü. Təki sağalım, qalxım ayağa...

Səsi titrədi, sözünün dalını gətirə bilmədi. Cəfərin bu vəziyyəti Güllərin də nəzərindən qaçmadı. Ağzından bir kəlmə şirin söz çıxmayan, həmişə qışqıra-qışqıra, söyüşlə danışan Cəfərə nə olmuşdu bu gün birdən-birə? Doluxsunmuşdu, dodaqları əsirdi, həmişə acıqla baxan gözlərində elə yazıq, müti ifadə vardı ki, Güllər qorxdu, öz-özünə: “Bissimillah, bu kişi niyə belə oldu axşam-axşam? Allah axırını xeyir eləsin”, - deyib tez ayağa qalxdı, gümrah səslə ərini danladı:

- Əşşi, sən də söz danışdın da... Mənim işlərimi kim görməlidir, xəstəmə özgəsi gəlib baxmalıdır, ay kişi? Ver stəkanı, birini də gətirim. Ürəyinə qara-qura şeylər gətirmə.

Çevrilib getmək istəyəndə Cəfər onu saxladı:

- Axı halalıq vermədin, ay arvad?

Güllər onun ciddiləşdiyini görüb dayandı:

- Bıy, bunun danışığına bax bir. Biz bəyəm yadıq ki, bir-birimizi bağışlayaq, halallıq verək? Bax, ay kişi, indiyə qədər nə əziyyətim olubsa, sonra da olacaqsa, hamısı ananın südü kimi halal xoşun olsun.

Bunları deyəndən sonra ərinin kefini açmaq üçün əlavə elədi:

- Ürəkdən deməyənin lap ürəyi partlasın. Hə, nə deyirsən, indi gedə bilərəm?

Cəfər də qımışdı:

- Sağ ol, gedə bilərsən, amma çayı iki eləyərsən. Bayaqdan fikir verirəm, İsmayıl çəpərin dalında ot çalır, onu da çağıracağam.

- Çağır, çağır, niyə çağırmırsan ki? Gəlsin, söhbət eləyin, bir az ürəyin açılsın, - deyə Güllər də onun fikrinə şərik çıxdı.-Mən də samovarı gətirim yanınıza, nə qədər istəyirsiniz, için, halal xoşunuz olsun.

Güllər gedəndən sonra Cəfər üzünü qonşuları İsmayıl kişinin həyətinə tərəf tutub onu səslədi:

- İsmayıl, ay İsmayıl!

Bir az keçməmiş çəpərin arxasından görünən İsmayıl kişi Cəfərə tərəf əllərini yellədi:

- Salaməleykim, ay Cəfər, həmişə ayaq üstə! Necəsən, a kişi?

Cəfər İsmayıl kişinin salamını aldıqdan sonra onu yanına dəvət elədi:

- Gəl bizimlə bir stəkan çay iç, ay İsmayıl. Güllər samovar çayı dəmləyib, sən də bayaqdan orda işləyirsən, susamısan yəqin.

İsmayıl kişi çəpərdən bu taya adlayıb Cəfərə tərəf gələ-gələ:

- Gələrəm, ay Cəfər, niyə gəlmirəm ki? Bayaqdan mallara ot çalıram, lap ciyərim bişir. Səni də ayaq üstə görüb sevindim, vallah, - dedi.

Cəfərin yanında yerini rahatlayandan sonra əlavə etdi: - Maşallah, gözümə yaxşı dəyirsən, qonşu.

- Şükür. Bu gün əvvəlkilərə baxanda yaxşıyam, ay İsmayıl, dedim çıxım çölə, havamı dəyişim bir az. Görək axırı necə olur. Deyəsən, kəfəni yırtmışam.

İsmayıl kişi toxtaqlıq verdi:

- Yaxşı olar, inşallah, ay Cəfər, hamı xəstələnir də, sağalır da. Bəs nə bilmişdin? Qocalmışıq, ona görə də bizim xəstəliyimiz uzun çəkir. Səbr etmək lazımdır.

Sonra üzünü əlindəki stəkanları taxtın üstünə qoyub ona “xoşgəldin” eləyən Güllərə tutdu:

- Sağ ol, ay Güllər bacı, vallah, bu Cəfəri sən diriltdin.

Güllər utana-utana:

- Niyə elə deyirsiniz, ay İsmayıl qardaş, borcum deyilmi? – dedi. Sonra kişilərin yanında dayanıb onların söhbətinə mane olmamaq üçün Cəfərə baxdı. – Mən evdəyəm, bir şey lazım olsa, çağırarsan.

Güllər gedəndən sonra Cəfər çayından bir-iki qurtum alıb İsmayıl kişiyə baxdı:

- Doğrudan da, sağ olsun Gülləri, ay İsmayıl. Çox əziyyətimi çəkdi. Cavanlıqda da zülm verdim binəvaya, qocalıqda da.

İsmayıl kişi heç nə deməyib onun üzünə baxdı, asta-asta çayını içməyə başladı. Xəyal onu ötən illərə aparmışdı.

... İsmayıl kişi Cəfərdən bir neçə yaş böyük olsa da, uşaqlıqları demək olar ki, bir yerdə keçmişdi. Cəfər balacalıqdan tündməcaz, cığal, davakar idi, elə bu xasiyyətinə görə də tay-tuşları adını “İt Cəfər” qoymuşdular. Üzünə deməsələr də, arxada belə çağırırdılar. İsmayıl kişi əsgərlikdən qayıdandan bir il sonra Cəfəri əsgərliyə aparmışdılar. Hərbi xidmətini Sibirdə keçən Cəfər bir də on ildən sonra qayıtmışdı kəndə. Bu müddətdə onun tay-tuşları çoxdan evlənib oğul-uşaq sahibi olmuşdular, atası Cəfəri gözləyə-gözləyə xəstələnib yorğan-döşəyə düşmüş, dünyasını dəyişmişdi.

Anası da qalmışdı tək-tənha, qohum-qonşu umuduna. Cəfər ailənin yeganə oğlu idi, iki böyük bacısı isə hələ Cəfər kənddə ikən qonşu kəndə ərə getmişdi. Cəfər Rusiyada olanda hamı elə düşünürdü ki, yəqin orada evlənib, ailəsi var. Amma Cəfər kəndə qayıdandan sonra and-amanla hamını, eləcə də anasını inandırdı ki, subaydır, ailə-filan da yoxdur, bu neçə müddətdə əsgərlik elədiyi rus kəndində qalıb, kolxozda traktorçu işləyib.

Ancaq bir soruşan olmadı ki, bəs niyə kəndə bomboş, tullana-tullana gəlmisən, heç əməlli-başlı əyin-başın da yoxdur. Anası isə oğlunun qayıtmağına elə sevinirdi ki, belə şeylər heç gözünə də görünmürdü.Yeganə istəyi o idi ki, oğlu bir də gəldiyi yerə qayıtmasın, kənddə qalıb evlənsin, ata yurduna yiyəlik eləsin.

Az keçməmiş məlum oldu ki, Cəfər bərk içki düşkünüdür, Rusiyadan gətirdiyi bircə qazancı elə bu pis vərdişdir. Kolxozda işə girmişdi, traktorçuluq edirdi, insafən, tənbəl deyildi, işgüzarlığı vardı, pis də qazanmırdı. Di gəl ki, hər gün axşama qədər işləyib qazandığını verirdi arağa, özünə bir-iki dost da tapmışdı, gecə yarısına qədər kəndin yeməkxanasında yeyib-içirdilər. Əvvəldən tüstüsü əyri çıxan Cəfər indi lap yekəağız, davakar olmuşdu. Heç kimin də öyüd-nəsihətinə qulaq asmırdı, çox adam da “cəhənnəm olsun”, - deyib ondan uzaq qaçırdı. İsmayıl kişi də o vaxtlar bir neçə dəfə Cəfərə ağıl vermək istəmişdi, faydası olmadığını görsə də, Cəfərin anasına yazığı gəldiyi üçün geri çəkilməmişdi. Düzdür, Cəfər onun üzünə qayıtmırdı, buna cəsarəti çatmırdı, çünki İsmayıl kişi də cavanlığında qabağından yeyən adam olmamışdı.

Cəfər bunu yaxşı bildiyindən onun töhmətlərinə dinməzcə qulaq asırdı, ancaq əməlindən də qalmırdı. Hamının fikri bu idi ki, evlənsə, bəlkə, islah olar. Ancaq bu kiçik kənddə kim Cəfərə qız verərdi? Ağlı başında olan hansı qız könüllü olaraq gəlib İt Cfərə arvad olardı? Bax, buna görə də bacıları ərə getdikləri kənddən yetim, başıaşağı bir qızı Cəfərə aldılar. Güllər Cəfərdən on yaş kiçik idi, elə ilk günlərdən hamı onun fərasətli, işgüzar bir gəlin olduğundan danışmağa başladı, qayınanası, qohum-qonşular da ondan razılıq edirdilər. İnsafən, Cəfər də bir az dəyişmiş, evə-eşiyə yığılmışdı. Ancaq kobudluğu, söyüşkənliyi işləri korlayırdı.

Tez-tez Gülləri döyürdü. Bəzi ağzıgöyçəklər orda-burda danışırdılar ki, Güllər ona tab gətirməyəcək, qaçıb gedəcək atası evinə. Ancaq onların düşündükləri kimi olmadı, Güllər hər şeyə dözüb dayandı. Bir də ki, yazığın getməyə yeri vardı bəyəm? Qayınanası öləndən sonra evin bütün ağırlığı onun üzərinə düşdü. İki uşağa baxmaq, Cəfər kimi kişiyə arvadlıq eləmək, nə qədər ağır olsa da, Güllər bu zülmə qatlaşdı, uşaqları böyüdüb ev-eşik sahibi elədi, cavan ömrünü bir qanmaza qurban elədi. Cəfərin şillə-təpiyi dözülməz olanda qaçıb sığındığı yer isə İsmayıl kişinin ailəsi oldu. Uşaqlar böyüyəndən, özü də yaşlaşandan sonra Cəfər daha az-az içirdi, Güllərə çox da əl qaldırmırdı, ancaq hər şeyə hirslənir, Güllərin bütün əcdadını belinə şələləyirdi...

İndi, ilin-günün, saçın-saqqalın bu vaxtında tut ağacının kölgəsində xəstəlikdən yenicə qalxmış Cəfərlə üz-üzə oturub çay içən İsmayıl kişi ötənləri xatırladıqca özünü gülməkdən birtəhər saxlayırdı. “Hə, İt Cəfər, ona görə deyiblər ha, adın nədir, Daşdəmir...Lap quzuya dönmüsən, yerini batırandan, Güllərin köməyi olmadan tərpənə bilmədiyini qanandan sonra ağıllanmısan, deyəsən. Bəs bu yazığı döyəndə, söyəndə fikirləşmirdin ki, belə günlərin də ola bilər?”

- İsmayıl qardaş, çayın birini də tökmüşəm, için.

İsmayıl kişi xəyaldan ayrılıb Güllərə baxdı:

- Sağ ol, ay Güllər bacı, bunu da içim, gedim. Heyvanlar da indi gələcək. Allah ölənlərinə rəhmət eləsin, boğazım tamam qurumuşdu, Salatın da, gəlin də gediblər Səmayəgilə, sənin bu çayın lap yerinə düşdü. Cəfərin də ayağa qalxmağı məni sevindirdi.

- Halal xoşunuz olsun, ay İsmayıl qardaş, istəsəniz, yenə gələrsiniz.

İkinci stəkanı da içəndən sonra İsmayıl kişi ayağa qalxıb sağollaşdı, çəpərdən adlayıb həyətlərinə tərəf keçəndə Cəfər üzünü Güllərə tutdu:

- Gəl kömək elə, mən də evə keçim. Uzanmaq istəyirəm, deyəsən, yorulmuşam.

Güllər canıyananlıqla:

- Bu saat, qadan alım, - dedi. – Yorularsan da, gör nə vaxtdır xəstə yatırsan, zəifləmisən, birdən-birə güc eləyər sənə.

Sonra ərinin qalxmasına kömək göstərə-göstərə əlavə elədi:

- Ağzına da bir loxma ürəyin istəyəndən alarsan, axşam dərmanlarının vaxtıdır. Onları verim, sonra yatarsan.

Cəfər heç nə demədi, razılıqla başını tərpətdi.

Axşam yatağında sağ böyrü üstə uzanan Cəfər sakitcə Güllərə tamaşa edirdi.Güllər yır-yığışını qurtarıb işığı söndürdü, gəlib ərinin çarpayısının yanında, döşəmədə özü üçün hazırladığı yorğan-döşəyin üstündə oturub kirimişcə ərinin üzünə baxdı.

- Niyə yatmırsan?

- Yuxum gəlmir. –

- Gecdir, yataq daha.

Güllər bu sözləri deyib üzü ərinə tərəf yerinə uzandı. Cəfər də arxası üstə çevrildi, dərindən köksünü ötürüb, gözlərini yumdu.

... Ertəsi gün İsmayıl kişi səhər tezdən heyvanları naxıra qatıb təzəcə həyətə qayıtmışdı. Tövlənin yanında malların ağzından tökülüb qalan
otu yaba ilə bir tərəfə yığırdı. Gün qızanadək işlərini bitirmək istəyirdi, rayon mərkəzinə, bazara getmək fikri vardı. Qəfildən qonşu həyətdən gələn qışqırıq səsinə diksinib əlini saxladı, Cəfərgilin evinə tərəf boylandı. Həyətdə heç kimi görmədi, qışqırıb ağlayan Güllər idi. Səs evin içindən gəlirdi. İsmayıl kişi astaca başını yırğaladı, nə baş verdiyini anlamışdı. Öz-özünə söyləndi: “Səninki də bura qədərmiş, ay Cəfər”.

Əlindəki yabanı bir tərəfə söykədi. Çevrilib evlərinə tərəf yönələndə Güllərin harayına çölə çıxmış Salatınla rastlaşdı. Salatın sual dolu baxışarla ərinin üzünə baxdı. İsmayıl kişi:

-Salatın, deyəsən, Cəfər keçinib, - dedi.- Sən tez Güllərin yanına get, qohum-qonşu yığılana qədər tək qalmasın, yazıqdır. Mən də paltarlarımı dəyişim, gəlirəm.

İsmayıl kişi sözünü qurtarıb arvadının nəsə deməyini gözləmədən cəld evə keçdi.

Mayis SƏLİM,
Şəki,
2018


Baxış sayı - 983 | Yüklənmə tarixi: 27.11.2019 06:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031