manera.az
manera.az

Ədəbiyyatımızın və ya bəşəriyyətimizin problemi

📅 01.09.2026 14:00

Ədəbiyyatımızın və ya bəşəriyyətimizin problemi
Nicat Mədətli
Yazıçı, tarixçi və beynəlxalq əlaqələr üzrə mütəxəssis


İnsanoğlu mövcud olduğu dövrdən etibarən hər zaman müxtəlif çətinliklərlə üzləşmiş və bu çətinliklərə həll yolu tapa bilmişdir. Xüsusilə, bu maneələrin öhdəsindən gələn şəxslər "Əsrimizin Fatehi", "Əsrimizin Qəhrəmanı" kimi titullara layiq görülmüşlər. Bəs "Əsrimizin", ya da daha radikal bir ifadə ilə desək, "Bəşəriyyətimizin Problemi" üzərində nə qədər düşünmüşük?

Məqsədimi və yazının mahiyyətini ifadə etməzdən öncə, niyə məhz "Ədəbiyyatımızın və ya bəşəriyyətimizin problemi" başlığını seçdiyimi izah etmək istəyirəm. Axı ədəbiyyat və bəşəriyyət ilk baxışda çox fərqli, bir-birindən ayrı terminlər kimi görünür. Bəli, həqiqətən də elədir! Ədəbiyyat deyəndə yazı sənətini, nəsri, poeziyanı, dramaturgiyanı başa düşürük. Bəşəriyyət isə yaşadığımız dünyanın bütün dövrlərini və insanlığı ehtiva edir.

Qənaətimcə, ədəbiyyat olmadan bəşəriyyəti dərk etmək mümkün deyildir. Bütün inkişaf mərhələlərinin təməlində ədəbiyyat dayanır; çünki ədəbiyyat insanın düşünmə bacarığının təzahürüdür. İnsan hisslərini, fikirlərini, qorxularını, şübhələrini və naməlum hadisələrə qarşı münasibətini təcrübəyə çevirəndə ədəbiyyat yaranır.

Ədəbiyyat olmasa, istər humanitar, istərsə də dəqiq elmlər sahəsində heç bir şeyin mahiyyətini lazımi dərəcədə qavraya bilmərik. Bir tarixçi ədəbiyyatı bilməsə, oxuduğu mənbələr yalnız quru xronologiyadan ibarət qalar; o, hadisələrin səbəb və nəticələrini dərk edə bilməz. Eləcə də bir həkim, müalicə etdiyi xəstənin hisslərini və qorxularını anlamadan, ona sadəcə mexaniki bir varlıq kimi baxaraq uğur qazana bilməz. Mühəndis layihəsinin insanlara verəcəyi töhfəni düşünmədən necə motivasiya ola bilər? Əgər dünyada hər şey sadəcə rəqəmlərdən ibarət olsaydı, bəşəriyyətin inkişaf istiqaməti tamamilə fərqli olardı. Bir sözlə, ədəbiyyat bəşəriyyətə "bəşəri" mahiyyət bəxş edən mənəvi bir varlıqdır.
Hətta inancımızın təməlində də ədəbi və fəlsəfi təfəkkür yatır. Təsadüfi deyildir ki, SSRİ din amilini insanların həyatından çıxararkən onun yerini ədəbiyyat və elmlə doldurmağa çalışmışdı (Bunu hansı dərəcədə bacardıqları isə ayrı bir mübahisə mövzusudur).

Məhz bu düşüncələrdən yola çıxaraq deyə bilərəm ki, biz ədəbiyyatımızın problemini eyni zamanda bəşəriyyətimizin problemi kimi qəbul etməliyik. Əks halda, texnologiyanın bugünkü sürətli inkişafı gələcəkdə bizi mexanizmlərdən fərqləndirməyəcək (Bu məqamda Jan-Jak Russonun "Elmlərin və incəsənətin inkişafı əxlaqın təkmilləşməsinə xidmət etmişdirmi?" sualına Horatsidən sitat gətirərək verdiyi cavabı xatırlayırıq: "Yaxşı görünüşə aldanırıq").

Bəşəriyyətimizin ən böyük problemi hal-hazırda texnologiyanın nəzarətsiz və zərərli inkişaf sürətidir. On beş il öncə yalnız fantastik filmlərdə gördüyümüz və kitablarda oxuduğumuz nə varsa, tədricən həyatımıza daxil olur. Bu proses yalnız daxil olmaqla qalmır, adət-ənənələrimizi, sənətimizi, estetik dəyərlərimizi sıxışdırır və mənəvi irsimizi rəqəmlərlə ölçülən maddi məfhumlara çevirir.

Ən narahatedici tərəfi isə odur ki, texnologiyanın bu zərərləri qarşısında özümüzü müdafiə edə biləcəyimiz maddi və ya fiziki bir silahımız yoxdur. Lakin kökü tariximizə söykənən çox qüvvətli mənəvi silahımız var: ədəbiyyatımız!

Azərbaycan ədəbiyyatı dövrün müvəqqəti maddi ehtiyaclarına görə dəyişmir. Onun dəyişmə səbəbi yalnız xalqın tələbi və ziyalıların məqsədəuyğun təklifləridir. Hər hansı bir ədəbi cərəyan dünyada məşhurlaşanda Azərbaycan ədəbiyyatı onu dərhal mənimsəmir. Gözləyir, izləyir, müsbət və mənfi tərəflərini dəyərləndirir. Yalnız öz milli prinsiplərinə uyğun gəldiyi halda onu qəbul edir.

Buna misal olaraq "şəxsi inkişaf" ədəbiyyatını göstərə bilərik. Kitab mağazalarında ən çox satılanlar arasındadır. Mağaza sahibləri buna ticarət məhsulu kimi baxdıqları üçün həmin kitabların çeşidini artırırlar. Lakin önəmli məqam odur ki, bu kitablar əsasən xaricdən (Türkiyə, Rusiya, Böyük Britaniya və s.) idxal olunur. Milli yazıçılarımız bu sahəyə kütləvi meyil etmirlər. Bunun səbəbi sadədir: Azərbaycan milli ədəbi mühiti bu kütləvi cərəyanı tam mənimsəməyib, öz ənənəvi nəsr və poeziya cərəyanlarını xalqın mənəvi irsi üçün daha faydalı hesab edir.

Hazırda Azərbaycan ədəbiyyatı təqdirəlayiq bir mövqeyə malikdir. Lakin texnologiyanın sürəti qarşısında arxayınlaşıb tədbir görməyi təxirə sala bilmərik. Bəşəriyyətin bu qlobal probleminin ölkəmizə zərər vurmasının qarşısını almaq üçün mənəvi dəyərlərimizi qorumalı və milli yolumuzda inkişaf etdirməliyik. Bu isə ədəbiyyat və sənətimizin öz kökünə sadiq qalması, hər yeni xarici cərəyanı analiz etmədən qəbul etməməsi ilə mümkündür.

Bu mübarizədə əsas məsuliyyət ziyalılarımızın və xüsusən də mədəniyyət xadimlərimizin üzərinə düşür.


Baxış sayı - 23 | Yüklənmə tarixi: 01.09.2026 14:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930