manera.az
manera.az

Ən yüksək balla qəbul olan tələbə: “688,7 balın arxasında böyük zəhmət dayanır”

📅 03.09.2026 10:56


Böyük hədəflərin arxasında böyük zəhmət dayanır. Ayan Musayeva qəbul imtahanlarında 688.7 bal toplayaraq Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin “Hüquqşünaslıq” (tədris ingilis dilində) ixtisasına qəbul olunub. Bununla da həm uşaqlıq arzusunu gerçəkləşdirib, həm də 2026/2027-ci tədris ilində BDU-ya ən yüksək balla qəbul olan tələbə titulunu qazanıb. Tovuz rayonunun Düz Qırıqlı kənd 1 nömrəli tam orta məktəbindən BDU-ya uzanan yol isə asan olmayıb. Amma Ayan bütün çətinlikləri məqsədinə inamı və əzmkarlığı ilə aşıb.

- 688.7 kimi yüksək balla bir çox seçim imkanınız var idi. Nə üçün məhz Bakı Dövlət Universitetini və “Hüquqşünaslıq” ixtisasını seçdiniz?

- Hüquqşünaslıq mənim uşaqlıqdan arzuladığım ixtisas olub. Cəmiyyətdə hər kəs eyni hüquqlara malikdir. Amma təəssüf ki, öz hüquqlarını müdafiə edə bilməyən insanlar da var. Gələcəkdə onların hüquqlarını müdafiə edərək, ədalətsizliklərə qarşı çıxmaq istəyirəm. İxtisas seçimi ərəfəsində qərara gəldim ki, BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir. Universitetin güclü təhsil sistemi, təcrübəli müəllimləri və yüksək akademik göstəriciləri mənim üçün əsas amillərdən idi. BDU tələbələrinin bir çoxunun təhsillərini xaricdə davam etdirməsi də seçimimə təsir etdi. İngilis dilinin qlobal dil olduğunu nəzərə alaraq, bu dildə təhsil almağın gələcəkdə mənə bir çox üstünlüklər verəcəyini düşünürəm. Buna görə də Hüquq fakültəsini, tədrisi ingilis dilində olan ixtisası seçdim. “Hüquqşünaslıq” ixtisası üzrə ən yüksək keçid balının da BDU-da olması seçimimə təsir edən amillərdən oldu.

- Sizcə, Universitetin verəcəyi ən böyük üstünlük nə olacaq?
- Məncə, BDU-da təhsil almağım gələcək karyeramda bir çox üstünlüklər qazandıracaq. BDU-dan əsas gözləntim gələcək iş həyatım üçün mənə yaxşı və möhkəm hüquq təhsili verməsidir. Mənə verəcəyi ən böyük üstünlüklər isə ingilis dilində təhsil almaq, peşəkar müəllimlərdən öyrənmək və aktiv tələbə həyatı yaşamaq imkanının olmasıdır.

- Qəbul imtahanlarında ölkə üzrə ən yaxşı baş toplayanlardansız. Belə yüksək nəticəyə nail olmaq üçün necə hazırlaşmaq lazımdı?
- Düzdür, 688 bal toplamaq böyük zəhmət tələb edir. Bu nəticənin arxasında isə planlaşdırılmış və konkret bir məqsədə yönəlmiş hazırlıq sistemi dayanır. Hazırlıq prosesində hər bir abituriyent müəyyən plan əsasında hərəkət etməlidir. Həm buraxılış, həm də blok fənlərinə eyni dərəcədə diqqət yetirmək lazımdır.
Məncə, günün bütün hissəsini dərs oxumaqla keçirmək düzgün deyil. Hər insanın öyrənmə tərzi fərqlidir. Ola bilər ki, kimsə bir mövzunu 10 dəqiqəyə, başqa biri isə 1 saata mənimsəsin. Əsas olan dərsə sərf olunan vaxtın miqdarı deyil, həmin vaxtın nə dərəcədə səmərəli və keyfiyyətli keçirilməsidir.

-Ali məktəbə hazırlıq müddətində sosial həyat, istirahət və dərs oxumaq arasında balansı necə qoruyurduz?
- Hazırlıq müddətində sosial həyatda o qədər də aktiv olmamışam. Buna çox vaxtım olmurdu. “WhatsApp” və “YouTube”dan əsasən dərs məqsədilə istifadə edirdim. Amma istirahətə də vaxt ayırmağa çalışırdım. Çünki düşünürəm ki, davamlı olaraq dərs oxumaq düzgün deyil. İnsan fasiləsiz çalışdıqda həm yorulur, həm də öyrəndiyi mövzuların keyfiyyətli mənimsənilməsi çətinləşir. İstirahət zamanı isə daha çox ailə üzvlərimlə vaxt keçirməyə üstünlük verirdim.

- BDU-ya qəbul olunduğunuzu öyrəndiyiniz an hansı hissləri keçirdiniz? Bu xəbəri ilk kiminlə bölüşdünüz?
- Buraxılış imtahanında 291,7 bal toplamışdım. Bundan sonra bütün diqqətimi blok imtahanına yönəltdim və orada 397 bal toplamağa nail oldum. Qəbul xəbərini ilk olaraq ailəmlə bölüşdüm. Çəkilən əziyyətin qarşılığını almaqdan daha gözəl bir hiss ola bilərmi? Həmin an keçirdiyim hissləri sözlərlə ifadə etmək çox çətindir. Sadəcə deyə bilərəm ki, həyatımın ən sevincli anlarından biri idi.

- İmtahan zamanı streslə mübarizə aparmaq üçün xüsusi bir metodunuz var idimi?
- İmtahanda şagirdlərin çoxu stres yaşayır və bu, təbii haldır. Amma əsas məsələ həmin stresi idarə etməyi bacarmaqdır. Məncə, dərindən nəfəs almaq və özünə həyatın yalnız bu imtahandan ibarət olmadığını xatırlamaq insana kömək edir. Bu imtahan sadəcə bir başlanğıcdır — ya universitet həyatına, ya da məqsədinə çatmaq üçün yenidən çalışmağa aparan bir başlanğıc.

- Sizin kimi 600-dən çox bal toplamaq istəyən gələcək abituriyentlərə ən vacib üç məsləhətiniz nə olardı?
- Mənim üç əsas məsləhətim belə olardı: özlərinə inansınlar, çox çalışsınlar və təkrara kifayət qədər vaxt ayırsınlar. Ümumilikdə isə düşünürəm ki, insanın arzulayıb bacarmayacağı heç nə yoxdur.

- Universitet illərində dərslərlə yanaşı, hansı sosial layihələrdə və ya tələbə klublarında yer almaq istəyirsiniz?
- İstəyərəm ki, universitet illərində aktiv tələbə həyatı keçirəm. Müxtəlif sosial və könüllülük layihələrində iştirak etməyi düşünürəm. Düşünürəm ki, BDU bunun üçün tələbələrinə geniş imkanlar yaradır. Belə layihələrdə iştirak etməyin həm yeni insanlarla tanış olmaq, həm də müxtəlif sahələrdə təcrübə qazanmaq baxımından böyük üstünlüyü var. Ona görə də universitet həyatımı yalnız dərslərlə məhdudlaşdırmaq istəmirəm.

- Qəbul olduğunuz ixtisas üzrə gələcəkdə özünüzü harada, hansı mövqedə görürsünüz?
- Gələcəkdə özümü Azərbaycanın seçilən hüquqşünaslarından biri kimi görmək istəyərəm. Amma harada və hansı mövqedə olmağımdan asılı olmayaraq, mənim üçün əsas məqsəd Azərbaycan üçün layiqli vətəndaş olmaqdır. Düşünürəm ki, yaxşı hüquqşünas olmaq yalnız qanunları bilməkdən ibarət deyil. Ədalətli olmaq, insanların hüquqlarına hörmət etmək və cəmiyyət qarşısında məsuliyyət daşımaq da çox vacibdir. Mən də gələcəkdə məhz bu prinsiplərə sadiq qalmaq istəyirəm.

Hazırladı: Nərminə Əsədova


Baxış sayı - 46 | Yüklənmə tarixi: 03.09.2026 10:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930