Sevgi və taleyin sınaqları: Xavər Vəkilova Səməd Vurğunla ailə həyatı haqqında
0
Şəmil Sadiqin rəhbərliyi, Aslan Salmansoyun redaktorluğu ilə nəşr olunan “Səməd Vurğun xatirələrdə” kitabında şairin doğmalarının və yaxınlarının xatirələri toplanıb. Bu xatirələr Səməd Vurğunu yalnız böyük söz ustadı və ictimai xadim kimi deyil, həm də səmimi, qətiyyətli, duyğulu və öz hisslərinə sadiq bir insan kimi görməyə imkan verir.
AZƏRTAC silsilənin növbəti yazısında Azərbaycan Xalq şairinin həyat yoldaşı Xavər Vəkilovanın onların tanışlığı və toy mərasimi, ailə həyatının ilk illəri, övladlarının dünyaya gəlməsi, eləcə də repressiya illərində ailənin üzləşdiyi ağır sınaqlarla bağlı xatirələrinin davamını təqdim edir.
“...Nəhayət, görüşümüz Şaiq əfəndigil¬də təşkil olundu. Otaqda ikimiz oturmuşduq, Səməd indiyədək keçirdiyi çətin və əzablı həyat yolundan danışıb, kasıb olduğuna görə qızların onunla ailə qurmaqdan imtina etdikləri haqqında danışdı...
Böyüklər razılıq verdikdən sonra nişanlandıq və iki il nişanlı qaldıq. Toy günümüz indiyədək yadımdadır – 1934-cü ildə 16 yaşım tamam olan kimi bizə məclis qurdular”.
Kitabda qeyd olunur ki, toyda şair və yazıçılar Mikayıl Müşfiq, Hüseyn Cavid, Mirzə İbrahimov, Sabit Rəhman, Mehdi Hüseyn, Cəfər Xəndan, Yusif Vəzir Çəmənzəminli, Yazıçılar İttifaqının sədri Məmməd Kazım Ələkbərli və digər tanınmış şəxslər iştirak ediblər. Mərhum Əhməd Cavad toyun tamadası olub, xanəndə Hüseynağa Hacıbababəyov oxuyub, Qurban Pirimov isə onu tarda müşayiət edib.
Xavər Vəkilovanın sözlərinə görə, yeni evlənənlər salona daxil olan kimi Mikayıl Müşfiq ayağa qalxaraq onlar üçün yazdığı şeiri oxuyub.
“Biz içəri daxil olub stolun başında əyləşən kimi hamı birdən Səmədə tərəf çevrildi – ondan şeir gözləyirdilər. Səməd ayağa qalxıb mənə həsr etdiyi şeiri oxudu”.
Ailə həyatının ilk günləri barədə söhbətini davam etdirən Xavər Vəkilova xatırlayır: “Başımа xırda pullar səpə-səpə məni Səmədin birotaqlı mənzilinə apardılar. Yeni evə ayağım düşərli olmuşdu. Təközlü ocağımız sevinclə, məhəbbətlə çağlayırdı. Ölən günədək də Səmədlə “can” deyib, “can” eşitdik.
Böyük oğlum Yusifə hamilə qalmışdım. Səməd çox sevinirdi. Məni xəstəxanaya aparanda o, evdə yox idi, xəbəri eşidib dərhal özünü oraya çatdırmışdı. Doğum evinə axşam aparılsam da, Yusif dünyaya ertəsi günü – səhər saat 9-da gəlmişdi. Yanıma gəlib dedi ki, sən məni həm ata etdin, həm də mənə atamı bağışladın. Uşağa atasının adını – Yusif qoydu.
Repressiyalar başlayanda həyəcanlı günlərimiz çoxaldı. Onda Aybənizə hamilə olduğumdan Səməd çox şeyi mənə demirdi. Həmin günlərdə eşitmişdim ki, Yazıçılar İttifaqının sədrini həbs ediblər. Səməd İttifaqın katibi vəzifəsini daşıdığından daha çox həyəcan keçirirdik. Həbs ediləcəyindən ehtiyatlanan Səməd bizi anamgilə apardı. Ancaq orada da sakit ola bilmədik. Gecələr qonşu qapılar döyülür, kimlərisə camaatın “qara qarğa” adlandırdıqları qara maşınlara basıb aparırdılar. Sentyabrın 9-da Aybəniz dünyaya gəldi. Ancaq həmin il Səmədin əsərləri çap edilmədiyindən imkanımız aşağı idi. Mehdi Hüseynlə birlikdə məni doğum evindən çıxarmağa gələndə ikisinin cibində bircə manat tapılmadı...
Bir neçə il son dərəcə kasıb yaşadıq...”
Ardı var...
Müxbir – Günel Alıyeva