“Həsrətimin ünvanı” kitabının təqdimat mərasimi keçirilib

“LIBRAFF” kitab mağazaları şəbəkəsinin Park Akademiya filialında tanınmış qələm sahibi, şair, yazıçı və jurnalist Sədaqət Kərimovanın “Həsrətimin ünvanı” adlı kitabının təqdimat mərasimi keçirilmişdir. Əsərləri ləzgi, Azərbaycan, rus və türk dillərində nəşr olunan müəllifin yenicə işıq üzü görmüş bu kitabına onun ləzgi dilində qələmə aldığı roman, povest və hekayələrin Azərbaycan dilinə tərcümələri daxil edilmişdir.
Tərcümələri müəllifin özü etmişdir. Bu isə əsərlərin yalnız məzmununun deyil, həm də ruhunun, üslubunun, milli koloritinin və orijinal poetikasının qorunub saxlanmasına imkan yaratmışdır. Sədaqət Kərimova iki dil arasında son dərəcə incə və həssas bir körpü yaradaraq əsərlərin emosional dərinliyini, obrazlı ifadə tərzini və mənəvi nəfəsini itirmədən oxucuya çatdırmağa çalışmışdır.
Qeyd etmək lazımdır ki, müəllifin yaradıcılığında ləzgi xalqının etnoqrafiyası, adət-ənənələri, milli-mənəvi dəyərləri və zəngin folklor dünyası xüsusi yer tutur. Bu baxımdan kitaba daxil edilmiş əsərlər oxucuya yalnız bədii-estetik zövq bəxş etmir, eyni zamanda Azərbaycan oxucusunun qədim bir xalqın mənəvi aləmi, həyat tərzi, mədəni mühiti və əsrlərdən süzülüb gələn ənənələri ilə daha yaxından tanış olmasına imkan yaradır.
Sədaqət Kərimova qonaqları salamlayaraq qeyd etdi ki, qələm adamlarının ən etibarlı dostları onların vəfalı oxucularıdır və yazıçı həyatının ən məsuliyyətli, eyni zamanda ən xoşbəxt anları məhz oxucularla görüş anlarıdır. Çünki yazıçı oxucunun qarşısına yalnız kitabı ilə deyil, ruhu ilə çıxır. Ən əziz, ən doğma insanlarından belə gizlədiyi sirləri, qəlbindəki fırtınaları, dəruni arzularını, həyəcanlarını və ağrılarını məhz oxucularına etibar edir.
“İllər bəzən ən yaxın bildiyim insanları müxtəlif səbəblərlə məndən uzaq sala bilib. Amma kitablarımın mənə qazandırdığı həqiqi dostları əlimdən ala bilməyib. Çünki kitab vasitəsilə yaranan dostluq adi tanışlıq deyil, ruhların görüşüdür”, – deyən müəllif daha sonra sözü qonaqlara verdi.
Dağıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəsi Əliyar Abdullayev, “Samur” Ləzgi Milli Mədəni Mərkəzi İctimai Birliyinin sədri İmran Rzayev, Şuşa fatehi, polkovnik Rəşad Aslanov müəllifin yaradıcılığı ilə bağlı ürək sözlərini bölüşdülər, onun çoxşaxəli fəaliyyətindən, milli mədəniyyətin qorunması istiqamətində gördüyü işlərdən danışdılar.
Təqdimat mərasiminə tanınmış qələm sahiblərinin çoxsaylı qatılması tədbirə xüsusi rəng və məna qatmışdı. Yazıçı-publisist Əli Şamilin, jurnalist və bloger Lətif Şamxalın, müəllifin bir neçə kitabının redaktoru Mehriban Cəfərovanın, tənqidçi Sədaqət Kamalın, jurnalist Nəzakət Kərimovanın çıxışları böyük maraqla qarşılandı.
Tədbirdə iştirak edən tanınmış alimlərin çıxışları da yaddaqalan oldu. Rəfayət Əlimirzəyeva, Hilal Məmmədov və Şafi Danyalov müəllifin yaradıcılığı haqqında dəyərli fikirlər səsləndirdilər. Tanınmış şair Bəydadaş Cəfərlinin olduqca emosional və odlu-alovlu çıxışı iştirakçıların ürəyincə oldu.
Çıxış edənlər arasında Sədaqət Kərimovanın şeirlərini rus dilinə tərcümə edən şair Aleksandr Rodionov və gənc qələm sahibi Əfsər Abdullayev də var idi. Müəllifin uzun illər rəhbərlik etdiyi “Suvar” ansamblının indiki bədii rəhbəri Zavir Nəcəfovun təbriki maraqla qarşılandı. Ansamblın solistləri Cavahir Abdulova və Roza Hacımuradova poetik-musiqili təbrikləri ilə tədbirə xüsusi bir ovqat və əlvanlıq gətirdilər.
Həmin səmimi və duyğulu əhval-ruhiyyəni müəllifin balaca oxucuları davam etdirdilər. Sədaqət Kərimovanın şeirlərini əzbər söyləyən Sariyat Həmidova və Səbinə Şixkərimova öz parlaq istedadları və duyğulu çıxışları ilə tədbir iştirakçılarını heyran etdilər.
Olduqca səmimi və yüksək əhval-ruhiyyə şəraitində keçən tədbirin sonunda səbəbkar yeni kitabını öz imzası ilə oxucularına ərməğan etdi. Bu dəfə də oxucular sevimli yazıçını çiçək yağışına tutmuşdular. Sədaqət Kərimova isə öz gözəl ənənəsinə sadiq qalaraq ona təqdim olunan çiçək dəstələrini pərəstişkarlarına bağışladı.
Bir sözlə, “LIBRAFF” şəbəkəsinin Park Akademiya filialında sadəcə kitab təqdimatı deyil, sözün, ədəbiyyatın, mənəvi yaxınlığın və oxucu sevgisinin əsl bayramı yaşandı.