manera.az
manera.az

Türkiyədə “Azərbaycan sənət həftəsi”: Antalya və Hatayda mədəni tədbirlər keçirilib

📅 23.05.2026 06:29

Türkiyədə “Azərbaycan sənət həftəsi”: Antalya və Hatayda mədəni tədbirlər keçirilib
Türkiyənin Antalya və Hatay şəhərlərində Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində “Azərbaycan sənət həftəsi” keçirilib. Layihə çərçivəsində Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyətinin tanıdılmasına həsr olunan bir sıra tədbirlər təşkil edilib.

Manera.az xəbər verir ki, Antalyada keçirilən tədbirlər zamanı Azərbaycan tarixi və mədəniyyətinə dair nəşrlərdən ibarət zəngin kolleksiya Antalya Şəhər Kitabxanasında yaradılmış “Azərbaycan guşəsi”nə hədiyyə olunub. Kitabxanaya, həmçinin azərbaycanlı rəssam Arzu Əsgərovun Türk dünyasının görkəmli şəxsiyyətləri – böyük Azərbaycan şairi Nizami Gəncəvi və türk şairi Yunus Əmrənin portretləri təqdim edilib.

“Azərbaycan sənət həftəsi” çərçivəsində azərbaycanlı sənətçilərin iştirakı ilə konsert proqramı da təşkil olunub. Tədbirlərdə Antalya Şəhər Kitabxanasının müdiri Oğuzhan Ceylan, Azərbaycan səfirliyinin müşaviri Füzuli Məcidli, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Azər İsmayıl və Antalya Kepez Bələdiyyəsi sədrinin müavini Evrim Yalçın çıxış ediblər.

Çıxışlarda Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin önəmi vurğulanıb, mədəni layihələrin ortaq dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm rol oynadığı bildirilib.

“Azərbaycan sənət həftəsi” çərçivəsində tədbirlər Türkiyənin Hatay bölgəsində də davam etdirilib. Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Hatay İl Mədəniyyət və Turizm Müdiri Abdullah Dinç ilə görüşərək mədəni əməkdaşlığın genişləndirilməsi, ortaq dəyərlərin beynəlxalq festivallarda tanıdılması, birgə sərgi və konsertlərin təşkili istiqamətində fikir mübadiləsi aparıb.

Daha sonra Hatay İl Mədəniyyət və Turizm Müdirliyinin nəzdində fəaliyyət göstərən Cəmil Meriç İl Xalq Kitabxanası və Hatayda aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan mozaika əsərlərindən ibarət sərgi ziyarət olunub.

Layihə çərçivəsində Azərbaycan dövləti, tarixi, ədəbiyyatı və incəsənətinə dair 100 seçilmiş nəşr Hatay Mustafa Kamal Universitetinin kitabxanasında yaradılmış “Azərbaycan bölümü”nə hədiyyə edilib.

Tədbirlər çərçivəsində universitetdə “Dünəndən bu günə Azərbaycan–Türkiyə münasibətləri: dildən sənətə uzanan bir qardaşlıq bağı” mövzusunda elmi panel də təşkil olunub. Paneldə Azərbaycan və Türkiyədən alimlər, ziyalılar və mütəxəssislər iştirak ediblər.

Universitetin müəllimi, doktor Nəzrin Əlizadənin moderatorluğu ilə keçirilən paneldə Azərbaycan–Türkiyə strateji müttəfiqliyi, tarixi və mədəni əlaqələr geniş müzakirə olunub. Tədbirdə Füzuli Məcidli, Samir Abbasov, professor Qiyas Şüküroğlu və professor Əli Əskər mövzu ilə bağlı məruzələrlə çıxış ediblər. Panel interaktiv müzakirələrlə davam edib, tələbələrin sualları cavablandırılıb.


Baxış sayı - 156 | Yüklənmə tarixi: 23.05.2026 06:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031