Ana dilinin müqəddəsliyi və milli kimlik: “Ana dilim” şeirinə elmi-ədəbi baxış

Manera.az Pedaqoji elmlər doktoru, professor, Əməkdar Müəllim Rüfət Lətif oğlu Hüseynzadənin Professor Mahirə Nağıqızının “Ana dilim” şeiri haqqında düşüncələr" məqaləsini təqdim edir:
“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”
Ümummilli Lider Heydər Əliyev
Professor Mahirə Nağıqızının “Ana dilim” adlı şeiri milli varlığımızı, milli kimliyimizi əks etdirən, oxuduqca qürurverici, iftixar edici duyğular yaşadan ən dəyərli şeirlərimizdəndir. Bu şeir başdan- başa vətənpərvərlik, milli- mənəvi dəyərlərimiz, soy kökümüz, min illiklərdən gələn tariximiz üzərində köklənmişdir. Müəllif – “Bu dünyanın yaşı qədər tarixin var/ Sonu qədər, başı qədər tarixin var” – deyərək dilimizin dünya qədər dərinliyini, qədimliyini, zənginliyini anladır.
Tarix boyu ana dilimzidə qiymətli əsərlər yazılmış və hələ VII əsrdə folklorumuzun, ana dilimizin qədim abidəsi olan Dədə Qorqud kimi möhtəşəm, ulu dastanımız doğma ana dilimizdə meydana gəlmişdir. Bu dildə Füzuli, Nəsimi, Həqiqi, Vaqif, Vidadi, Mirzə Cəlil, Sabir və başqa mütəfəkkirlər qiymətli əsərlər yazıb yaratmışlar. Bu dillə dünyaya səs salan şairlərimiz, yazıçı və alimlərimiz, dünya şöhrətli siaysətçilərimiz danışmış, Qarabağda zəfərimiz bu dillə dünyaya bəyan edilmişdir. Ulu öndər Heydər Əliyev deyirdi ki, dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi kökləri vardır. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla çox fəxr edirəm.
Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə müxtəlif təzyiqlərə, təsirlərə baxmayaraq, Azərbaycan dilinin çiçəklənməsinə, hərtərəfli inkişafına, beynəlxalq münasibətlər sisteminə yol açmasına, zənginləşməsinə böyük əhəmiyyət vermişdir. Ulu öndər ana dilini ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla və vətənpərvərliklə bağlayırdı. Onun dilimizlə bağlı dediyi sözlər böyük mənalar kəsb edir: “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini də yaxşı bilməz”.
“Xalqı xalq edən, milləti millət edən onun ana dilidir” - deyən Ulu Öndər Heydər Əliyev dühası Mahirə Nağıqızının “Ana dilim” şeirində bədii ifadələrlə, dəyərli misralarla belə ifadə olunmuşdur:
Yurd yaratdın, xalqıma ev-eşik oldun,
Laylalarla ruhumuza beşik oldun.
Dünyamızın sərhədinə keşik oldun,
Millət etdin el-elatı, ana dilim.
Dədəm-babam amanatı, ana dilim.
Mahirə Nağıqızının misralarında ana dilimiz yurdumuz, vətənimiz, tariximiz, millətimizlə əlaqələndirilir, ana dilini qorumaq, vətəni qorumaq, sərhədlərimizi qorumaq anlayışları ilə bütövləşdirilir, millətin, el obanın ana dilinin müqəddəsliyi bildirilir. Millətin kədəri də sevinci də ana dilində ifadə olunur. Laylalar, bayatıılar ana dilində söylənilir, nağıllar, dastanlar ana dilində anladılır, alqışlar, qarğışlar ana dilində çatdırılır. Ana dili millətin səsi, ruhudur. Bu dili təmiz, saf saxlamaq və gələcək nəsillərə çatdırmaq hər bir vətəndaşın borcudur. Ana dili təkcə keşmişin xatirəsi deyil , həm də gələcəyin yoludur.
Ana südyülkə öyrənilən bu dil yalnız sözlərdən ibarət deyil, bu həm də əxlaqdır, mənəviyyatdır, xarakter və kimlikdir. Ona görə deyirlər “Danış ki, mən səni görüm!” Ana dilində danışmaq bir ürəyin düşüncəsi, mənəviyyat və əxlaqın göstəricisidir. Dil düşüncənin evidir. Bu ev yıxılırsa millət də dağılır.
Müəllifin dərin fəlsəfəsi, ədəbi düşüncəsi, tarixi qan yaddaşı yaradıcı təfəkkür sintezində birləşərək dəyərli misralarına hopmuş və ədəbi tariximizi, klassik şeirimizin ustadlarını yada salmışdır.
Nizaminin hikmətini sən yaratdın,
Nəsiminin qüdrətini sən yaratdın
Füzulinin fitrətini sən yaratdın,
Hikmət dolu söz büsatı, ana dilim
Dədəm- babam əmanatı, ana dilim.
Şair bu qiymətli misraları ilə ana dilimizin hikmətini, qüdrətini, Nizami, Nəsimi, Füzuli kimi dahi şairlərimizin dünya mədəniyyət xəzinəsinə ana dilimizdə bəxş etdiyi töhfələri bir daha xatırlatmışdır.
Orxonlardan üzü bəri yazın qalıb,
Altaylardan Balkanlara izin qalıb –
Çox dillərdə rəddin qalıb, izin qalıb,
Qurdnan görər qiyamatı, ana dilim.
Dədəm-babam amanatı, ana dilim.
misraları ilə şair xalqımızın qədim yazı mədəniyyətimizin, əlfba tariximizin qədimliyini bildirir, Orxon – Yenisey abidələri üzərində Bilgə Xaqanın müdrik ikirlərini bizə xatırladır: “Üstdən göy çökməвikcə/ Altdan yer dəlinmədikcə/ Türk milləti, Türk yurdu, Türk törəsi dağılmaz”.
Müəllif “Çox dillərdə rəddin qalıb, izin qalıb” deməklə bildirir ki, ana dilimizin sözləri bir çox dünya dillərində kök salmış və bu gün də işlənməkdədir.
“Qurdnan görər qiyamatı, ana dilim/Dədəm-babam amanatı, ana dilim” misraları isə türklüyün cimvolu olan Qurdun – Bozqurdun ulu əcdad, yol göstərici, bələdçi, xilaskarlıq, sədaqətlilik, ordunu Zəfərə aparan bir amil funksiyasını yada salır.
Ucsuz Qıpçaq çöllərindən havalandın,
Qədim Oğuz ellərindən havalandın,
Qopuzumun tellərindən havalandın,
Sənlə atdım qaramatı, ana dilim.
Dədəm-babam amanatı, ana dilim.
Bu hikmətli misralarda qədim yurdlarımız, Oğuz elləri, Qıpçaq çölləri, üç telli, uzun qollu Dədəm Qorqudun Qopuzu, Sazı, sözü xatırladılır: Dədə Qorqud igidlik göstərən oğula qopuzla nəğmə deyə-deyə ad qoyur, soy soylayır, Allahın xeyir-duasını səsləndirir. Qopuzun müqəddəsliyi, toxunulmazlığı bütün el tərəfindən qəbul edilir: “Dədəm Qorqud, qopuzun hörmətinə çalmadım. Əgər əlində qopuz olmasaydı, ağam başı üçün səni iki para qılırdım”
“Mərə, alca qopuzumu ələ alın, məni öyün! “Mərə ozan, Qopuzunu mənə ver, atımı sənə verəyim” . “Xanım, məqsədim odur ki, ərə varan qız xalqa oynasın, mən qopuz çalam...”.
Dədəm Qorqud nüdrikliyində deyilmiş: “Allah-Allah deməyincə işlər olmaz. Qadir tanri verməyincə ər bayılmaz. Əzəldən yazılmasa, qul başına qəza gəlməz. Ölən adam dirilməz, çıхan can geri gəlməz. Təkəbbürlik eyləyəni tanrı sevməz. Könlün uca tutan ərdə dövlət olmaz. Qaravaşa don geydirsən qadın olmaz. Yapa-yapa qarlar yağsa, yaza qalmaz. Qarı düşmən dost olmaz. Ər malına qıymayınca adı çıxmaz. Qız anadan görməyincə öyüd almaz. Oğul atadan görməyincə süfrə açmaz. Oğul atanın yetiridir, iki gözünün biridir…”
“Ana dilim” şeirinin hər bir misrası zəngin mədəniyyətimizi, kökümüzü, soyumuzu, mənəvi dünaymizi əks etdirir, qan yaddaşımızı oyadır.
Professor Mahirə Nağıqızının “Ana dilim” şeiri yetişən gənc nəslimizin, tələbə gənclərimizin milli – mənəvi ruhda tərbiyəsində əhəmiyyətli rolu olduğunu vurğulayaraq müəlifi təbrik edir və uğurlar arzulayırıq.