Azərbaycan Rizə Kitab Sərgisində fəxri qonaq statusunda iştirak edəcək

Azərbaycan Türkiyənin Rize şəhərində keçiriləcək kitab sərgisində “fəxri qonaq” qismində iştirak edəcək. Sərgi bu il 24 aprel – 3 may tarixləri arasında baş tutacaq.
Manera.az xəbər verir ki, kitab sərgisində Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycan stendi qurulacaq. Stenddə azərbaycanlı yazıçıların oxucularla görüşləri keçiriləcək, həmçinin ölkəmizə dair yeni kitabların təqdimatı olacaq.
Sərgidə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində nəşr olunmuş böyük Azərbaycan şairi Nizami Gəncəvinin professor Nimet Yıldırım tərəfindən Türkiyə türkcəsinə tərcümə edilən “Xəmsə” əsərləri, eləcə də tədqiqatçı Dilqəm Əhmədin hazırladığı “Şərqlə Qərb arasında bir mütəfəkkir. Əhməd Ağaoğlu” adlı kitabın təqdimatı keçiriləcək.
Azərbaycan stendində, həmçinin Türkiyədə Azərbaycan ədəbiyyatı ilə bağlı Türkiyə türkcəsində əsərlər nəşr edən “Zəngin Yayıncılık” nəşriyyatının kitabları da sərgilənəcək.
Azərbaycan stendi və kitab təqdimatları çərçivəsində Türkiyədə fəaliyyət göstərən azərbaycanlı alimlər – Marmara Universitetinin dosenti Mehdi Gəncəli, Nizami tədqiqatçısı, Azərbaycan Milli Elmlər Akademiyasının dosenti Tahminə Bədəlova və Ərzurum Atatürk Universitetinin kafedra müdiri, professor Nimet Yıldırım oxucularla görüşəcəklər.
Məhəmməd,
Manera.az