Xalq şairi haqqında elmi tədqiqat kitabı çapdan çıxıb

Bu günlərdə Dr. Şəhla Aslanın “Dil, Kimlik, Vətən” adlı yeni elmi tədqiqat kitabı nəşr edilib.
Kitabda görkəmli ictimai-siyasi xadim, Xalq şairi Sabir Rüstəmxanlının yaradıcılığında milli varlıq konsepsiyası elmi-nəzəri müstəvidə araşdırılıb.
Sabir Rüstəmxanlının poeziyası, publisistikası və ictimai düşüncələri əsasında ana dilinin milli kimlik, tarixi yaddaş və dövlətçilik şüuru ilə bağlılığı sistemli şəkildə təhlil olunan kitabda dilin yalnız ünsiyyət vasitəsi deyil, həm də millətin mənəvi bütövlüyünü qoruyan, milli özünüdərkin əsas sütunlarından biri olduğu vurğulanır.
Kitab Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə hazırlanıb.
Kitabın ön sözünün müəllifi akademik Nizami Cəfərovdur. Nizami müəllim “Dil, Kimlik, Vətən” əsərini son illərdə Azərbaycan türkcəsi və milli düşüncə ilə bağlı qələmə alınmış ən sanballı tədqiqatlardan biri kimi dəyərləndirərək, bu nəşrin geniş maraq doğuracağına əminliyini ifadə edib.
Qeyd edək ki, müəllif əsərdə Sabir Rüstəmxanlının yaradıcılığında ana dilini millətin görünməyən sərhədi, mənəvi bütövlüyünün dayağı və milli varlığın əsas ifadə vasitəsi kimi təqdim edir.
“Dil, Kimlik, Vətən” milli ideoloji düşüncə baxımından mühüm əhəmiyyət daşıyan dəyərli elmi tədqiqat əsəri kimi diqqət çəkir.
Xatırladırıq ki, kitabın müəllifi Şəhla Aslan Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi olan Qazi Universitetindəki Azərbaycan Türkcəsi Tədris Ocağının rəhbəridir. O, eyni zamanda, həmin universitetdə müəllimdir.
Onu da qeyd edək ki, dil, milli kimlik, mənəvi dəyərlər, təhsil və ədəbi düşüncə istiqamətlərində araşdırımalar aparan Şəhla xanım bu günlərdə 11 yaşı tamam olan və təhsil, ədəbiyyat və mədəniyyət istiqamətində oxucularına dolğun, maraqlı və faydalı materiallar təqdim edən tanınmış “Manera.az” portalının baş redaktorudur. Ş. Aslan həmçinin Azərbaycan Yazıçılar Birliyinin və Türkiyə Yazarlar Birliyinin üzvüdür.
Əminik ki, müəllifin sayca dördüncü olan “Dil, Kimlik, Vətən” kitabı da geniş oxucu auditoriyası, xüsusilə tədqiqatçılar və milli düşüncə mövzusuna maraq göstərən oxucular tərəfindən maraqla qarşılanacaq.
Dr. Şəhla Aslanı bu dəyərli elmi əsərin nəşri münasibətilə səmimi qəlbdən təbrik edir, Sabir Rüstəmxanlı yaradıcılığında milli kimlik, dil və vətən kimi həssas və mühüm bir mövzuya müraciət etdiyi üçün təşəkkürümü bildirirəm. Bu cür tədqiqatlar milli düşüncənin formalaşması və qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Müəllifə gələcək yaradıcılıq fəaliyyətində yeni uğurlar, ilham və davamlı elmi nailiyyətlər arzulayıram!..
Nurəddin ƏDİLOĞLU,
Manera.az