ADPU-da magistrantların IX respublika elmi konfransı işə başlayıb

Aprelin 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Təhsildə menecment və yeni təlim texnologiyaları” mövzusunda magistrantların IX respublika elmi konfransı işə başlayıb.
Bu barədə Manera.az-a ADPU-dan məlumat verilib.
Plenar iclasda çıxış edən ADPU-nun rektoru, konfransın Təşkilat Komitəsinin sədri professor Cəfər Cəfərov qeyd edib ki, universitetdə ənənəvi olaraq keçirilən magistrantların respublika elmi konfransları Elm Gününə həsr olunur və builki tədbir ADPU-nun 105 illik yubileyi ilə əlamətdardır. Rektor çıxışında vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan təhsil siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət göstərilir. Bu diqqət və qayğının nəticəsi olaraq, ADPU-da son illərdə mühüm islahatlar həyata keçirilir, yeni layihələr icra olunur və universitet inkişafın yeni mərhələsinə qədəm qoyur. 2026-cı ilin əvvəlində ADPU ilk dəfə olaraq “QS Dünya Universitetləri Reytinqi Avropa 2026” siyahısında 601-650-ci yerlər intervalında qərarlaşıb. Həmçinin ADPU “QS Avropa 2026”nın Qərbi Asiya regionu üzrə reytinq sıralamasında 140 ali təhsil qurumu arasında 54-cü sırada yer alıb. Rektor, həmçinin universitetdə rəqəmsal inkişaf üzrə fəaliyyət planının hazırlandığını, yeni ixtisaslaşmaların yaradıldığını, beynəlxalq təcrübənin tətbiq olunduğunu və müasir təhsil proqramlarının icrasına başlanıldığını qeyd edib. Diqqətə çatdırılıb ki, 2025-2026-cı tədris ilindən etibarən Azərbaycanda magistratura səviyyəsində bütün ixtisaslaşmalar üzrə tam yeni təhsil proqramları, onlara uyğun olaraq hazırlanmış yeni tədris planları icra olunmaqdadır.
ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, konfransın Təşkilat Komitəsinin sədr müavini professor Asəf Zamanov vurğulayıb ki, müasir dövrdə təhsil yalnız biliklərin ötürülməsi prosesi deyil, eyni zamanda, innovasiyaların, idarəetmə bacarıqlarının və texnoloji yeniliklərin inteqrasiyasını tələb edən mürəkkəb bir sistemdir. Qloballaşan dünyada rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması təhsildə effektiv menecment və müasir təlim texnologiyalarının tətbiqindən birbaşa asılıdır. Bu baxımdan, konfransın mövzusu strateji əhəmiyyət kəsb edir.
Magistratura və doktorantura şöbəsinin müdiri, konfransın məsul katibi Rəşad Sadıqov ötən illər də daxil olmaqla statistik məlumatları təqdim edərək bildirib ki, builki konfransda rekord sayda – 492 məruzə, o cümlədən 12 kənar ali təhsil müəssisəsindən 58 məruzə dinləniləcək.
Daha sonra ADPU-nun Ümumi fizika kafedrasının müdiri professor Cahangir Hüseynov və Təhsil menecmenti kafedrasının professoru Müseyib İlyasov çıxış edərək magistrantlara tövsiyələrini çatdırıblar.
Plenar iclasda ADPU-nun magistrantı Aytac Abbasovanın “Pedaqoji kadr hazırlığının strateji idarə olunmasında beynəlxalq təhsil layihələrinin rolu”, BDU-nun magistrantı Ləman Tağıyevanın “PISA 2029 çərçivəsində media və süni intellekt savadlılığının (MAİL) qiymətləndirilməsi” mövzularında məruzələri dinlənilib.
Konfrans işini “Təhsildə strateji idarəetmə”, “İnnovasiyalar və təhsilin keyfiyyəti”, “Təhsildə sosial-psixoloji xidmət”, “Tədrisin müasir problemləri” bölmələri üzrə davam etdirib.
İki gün davam edəcək konfransda 492 məruzə dinləniləcək, müzakirələr aparılacaq. Təşkilat Komitəsinin yekun rəyinə əsasən çapa tövsiyə olunan elmi məruzələr topluya daxil ediləcək.