“Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib

Aprelin 2-də Akademik Milli Dram Teatrında Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib.
Layihə Mədəniyyət Nazirliyinin dəstəyi ilə, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu və Mədəniyyət TV-nin media tərəfdaşlığı ilə həyata keçirilir.
Tədbirdə dövlət və hökumət rəsmiləri, deputatlar, şəhid ailələri və qazilər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Çıxış edənlər – mədəniyyət nazirinin müavini Fərid Cəfərov, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, Veysəloğlu Şirkətlər Qrupunun sədr müavini İlqar Nuri, şəhid anaları Ziba Əsgərova və Zeynəb Bayramova – Aprel döyüşlərinin Azərbaycan Ordusunun sonrakı Zəfərinə aparan yolun başlanğıcı olduğunu vurğulayıb, şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbir çərçivəsində şəhidlərin xatirəsinə ithaf olunmuş “Xatirələr muzeyi” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.

