Aliq Nağıoğlunun “Salao adam”ı çap olunub

Aliq Nağıoğlunun “Salao adam” adlı növbəti kitabı “Çap Art” nəşriyyat evində işıq üzü görüb.
Müəllifin Manera.az-a verdiyi məlumata görə, kitaba onun son illər qələmə aldığı 20 hekayə, 10 esse və 10 resenziya daxil olub. Janr müxtəlifliyi baxımından zəngin olan kitab həm bədii, həm də publisistik düşüncənin vəhdətini təşkil edir.
Hekayələrdə insan taleləri, cəmiyyətin sosial-psixoloji mənzərəsi, zamanın doğurduğu ziddiyyətlər və fərdin daxili aləmi bədii dillə təsvir olunur. Müəllif hadisələri yalnız nəql etmir, eyni zamanda oxucunu düşündürən, onu sual qarşısında qoyan məqamlar yaradır. Aliq Nağıoğlunun üslubuna xas olan səmimilik, müşahidə dəqiqliyi və həyatiliyi bu topluda da özünü aydın göstərir.
Kitabda yer alan esselər müəllifin ədəbiyyata, sənətə və ictimai proseslərə münasibətini əks etdirir. Resenziyalar isə müasir ədəbi mühitə diqqətli baxışın nəticəsi olaraq oxucuya təqdim olunur və müəllifin ədəbi prosesə aktiv münasibətini nümayiş etdirir.
Qeyd edək ki, 256 səhifəlik 300 tirajla çıxan “Salao adam” yazıçı Aliq Nağıoğlunun sayca onuncu kitabıdır.
Məhəmməd,
Manera.az