manera.az
manera.az

Cəlil Məmmədquluzadənin kədərli "Azərbaycan"ı - Mehman Qaraxanoğlu

📅 16.03.2026 07:30

Cəlil Məmmədquluzadənin kədərli "Azərbaycan"ı - Mehman Qaraxanoğlu
MANERA.AZ Mehman Qaraxanoğlunun "Cəlil Məmmədquluzadənin kədərli "Azərbaycan"ı və onun başına gətirilən "akademik" oyunlar" başlıqlı silsilə şeirlərini təqdim edir.

“...Dünyavü aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni bizim dilcə söyləsək, o şeylər ki əsl mənalarını itirmişdi, qayıdıb əslini tapdı.”
Cəlil Məmmədquluzadə “Azərbaycan” məqaləsi

Ey Mirzə Cəlil mətnləri ilə manipulyasiya edib
Elmi dərəcə alanlar,
Fəxri ad alanlar,
Titul alanlar,
Orden və medal alanlar,
Vəzifə kreslosunu öz boynundan asanlar
Və guya “Cəlilşünas”lar
Və guya nə bilim, nə şünaslar,
Nəhayət, hər şeyşünaslar!
Hələ də düşünürsünüz ki,
“Azərbaycan” məqaləsi
Azərbaycannamədir,
Çağırışdır,
Manifestdir?!

Nəyin çağırışı, manifesti?
Ey ümumi sözlərlə
Mirzə Cəlil mətnlərindən yaxa qurtarmaq istəyənlər,
Heç utanmırsınız?!
Əlbəttə ki, yox!

Onunçün də
Mirzə Cəlil mətnləri üzərində “düzəliş”lər edib
Guya onu modernləşdirirsiniz?
Və guya özünüzü də modern göstərmək istəyirsiniz?!

Rədd olsun hər iki versiya!
Sadəcə,
Demək istəyirsiniz ki,
Mənim “tədqiq” elədiyim yazıçı
Görün nə qədər çağdaşdı,
Görün nə qədər vətənçidir mənim kimi!

Və zamanın,
Zəmanənin fövqündə duran bir yazıçını
Çağınızın ideoloji tozuna bulaşdırmaqla,
Və özünüzə oxşatmaqla rahatlıq tapırsınız!

Bilirsiniz nədir
“Azərbaycan” məqaləsi?!
Həqiqət axtarıcılığına çıxıb,
Sonsuz səhrada tək-tənha qalan,
Dilinin ucundakı əsl həqiqəti deyə bilməyib,
Gündə yüz yol ölüb dirilən
Və bütöv Azərbaycanı imdada çağıran
Bir Vətən sevdalısı - Dəlisinin fəryadı!!!

Bilməmiş deyilsiniz,
O dahinin bir təxəllüsü də Dəli idi...
Baxın, özü də etiraf edir:
“Vallah, ağlım çaşıb!”
Onu dəli edən bizik,
Sizsiniz...
Və haray çəkib yalvarır:
“Gəlin, gəlin, gəlin mənə bir yol göstərin!”
Və üç dəfə təkrarlanan “gəlin!!!” nidası da sizə bir şey demədimi?!
Əslində,
O dahi yolu bilirdi,
Amma qorxurdu daşqalaq olmağından...

Baxın, özünüz baxın:
“Ax, gözəl Azərbaycan Vətənim! Harada qalmısan? Gəl, gəl, bir gəl gör bizi zornan rusca danışdıran türk qardaşlar bizdən nə istəyirlər. Ay torpaq çörəyi yeyən təbrizli qardaşlarım, ay keçəpapaq xoylu, meşkinli, sərablı, coruslu və moruslu qardaşlarım, ay bitli marağalı, mərəndli, gülüstanlı qulibiyaban vətəndaşlarım, ey vəhşi ərdəbilli, qəlxanlı bəradərlərim! Gəlin, gəlin, gəlin mənə bir yol göstərin! Vallah ağlım çaşıb!”

Fəqət ötən əsrin 50-ci illərində çap olunan kitabdan
Çıxarılıb bu cümlə:
“Gəl, gəl, bir gəl gör bizi zornan rusca danışdıran türk qardaşlar bizdən nə istəyirlər?”
Bilirsiniz niyə?
Anlamayıblar kimdən gedir söhbət?
Rusca ala-babat təhsil alıb vətənə dönənlərdən -
Əlbəttə, özümüzdən...
Məgər Azərbaycan dili türk dili deyilmi?
Burada türkiyəli türk qardaşlarından getmir söhbət!

2004-cücü ildə çap olunmuş 3-cü cilddə də
Həmin açar cümləni yerinə qoymayıb tərtibçi.
Əksinə,
Bir az da “irəli” gedib
“– Dilim nə dildi?
– Azərbaycan dili!”
“Türk dili”
yerinə “Azərbaycan dili” yazıb.

Tərtibçiyə min əhsən!
Çünki tərtibçi də
Mirzə Cəlili deyil,
Onun onqatlı mətnlərinə söykənmiş
Şöhrət nərdivanını - rəngli taxtapuşları görür...

Hələ onu demirik ki,
Bəzi “Cəlilşünaslar”
Ağız yox,
Öz yüngül beyin dadlarına uyğun olaraq
Mətnin ilk qışqırtısını -
“Ax, unudulmuş vətən, ax, yazıq vətən!” - nidasını da
Kəsib atıblar çölə...

Qulağınızda sırğa edin, cənablar,
Məhz unudulanda
Yazıqlaşır vətən!
O cümlədən,
İnsan da...
Və gec-tez sizlər də
Unudulub,
Yazıqlaşıb,
Bir heç olacaqsınız!

Əlqərəz,
Nədir “Azərbaycan” məqaləsində qoyulan başlıca problemlər?!
Birincisi,
Vətənin bütövlüyü problemidir ki,
O dahi böyük öngörənliklə
İçimizdəki “ağıl dəryası” olan danabaşlar hesabına
Vətənin tədricən necə kəsilib, budanıb, xırdalanıb, kiçilib
Və unudulub yazıqlaşmasını göstərir:
“– Haradır Azərbaycan?
– Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən; qalan hissələri də Gilandan dutub qədim Rusiya hökuməti ilə Osmanlı hökuməti daxillərindədir ki, bizim Qafqazın böyük parçası ilə Osmanlı Kürdüstanından və Bayəziddən ibarət olsun.”


İkincisi,
Dil problemidir!!!
Dayanın!
Buna, sadəcə, problem deyib keçməyin, cənablar,
Tanrı bizi elə geosiyasi “tələ”yə - coğrafiyaya salıb ki,
Dil bu məkanda
Varlığımızın təməl təsdiqinə dönüşüb, cənablar!
Baxın,
Qonşularımızda yoxdur belə faciəvi problem,
Hətta dünyada da çox az xalqlarda vardır!
“Bizi zornan rusca danışdıran türk qardaşlar”
Yəni, bizlər
Dünən də bunu anlamırdıq,
Bu gün də...
Rusiya vətənimizi tarixən dillə işğal edib, cənablar!
Bu gün də etməyə can atır...

Nəhayət, üçüncüsü,
Şifrəsi bu günəcən açılmayan ən ağrılı, ən həssas problemdir bu!
Gəlin,
Əvvəlcə o dahini dinləyək:
“Gəlin, gəlin, ey unudulmuş Vətənin cırıq-mırıq qardaşları! Gəlin görək beşikdə yad millətlərin südünü əmmiş, Vətənimizdən yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət başçılarımız sizə nə gün ağlayacaqlar. Niyə sakitsiz, ey mənim lüt-üryan Vətən qardaşlarım?!.”

Əslində,
Məqalənin yazıldığı vaxt - 1917 ci il
Ən pik nöqtəsi idi siyasi mübarizənin.
O vaxtlar da
Özünü cümhuriyyətçi adlandıranlar arasında çox idi
Qərbə,
Ən çox da Rusiyaya meyilli qüvvələr...
İndiki leksikonla desək,
Beşinci kolon...
Onlar həm müsavata,
Həm də Moskovaya işləyirdilər.
Liberal baxışlı idilər əksəriyyəti,
Həm də loyalçı...
Böyük Rəsulzadə yumşaq şəkildə “ilhaqçı” adlandırırdı onları...
Çoxu da əcnəbi ölkələrdə almışdılar təhsillərini...

“Azərbaycan” məqaləsinin ağırlıq mərkəzidir təkrarən yazdığımız bu cümlə:
“Gəlin görək beşikdə yad millətlərin südünü əmmiş, Vətənimizdən yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət başçılarımız sizə nə gün ağlayacaqlar.”

Özünüz deyin,
Həyəcan təbili çalmaqda nə qədər haqlı imiş o dahi...
Yetər quru statistika ilə öyünməyimiz:
Lap Şərqdə bir “ilk”ik!
Bəs sonra?!
Bizi beşikdəcə boğmadılarmı?
Səbəblərini göstərmək yerinə
Yapışmısınız böyük “xilaskar”ınız pafosdan!
Deyirsiniz ki,
ADR-i ilk qardaş Türkiyə tanıdı,
ABŞ, Böyük Britaniya, Fransa, İtaliya tanıdı...
Bəs niyə demirsiniz ki,
Onlar da öz maraqları dairəsində
De fakto tanıdı...

Mentalitet mərəzimizdir:
Ya göylərə qaldırır,
Ya da göylərdən alıb çırpırıq yerə!
Biryolluq bilin:
Aristotelin “qızıl orta”sı
Və ya Lütfi Zadənin qeyri-səlis məntiqi
Qurucu babalarımıza münasibətdə də tam gücü ilə işləməlidir,
Çünki heç kim süddən çıxan qaşıq deyildir...

Mətni düzgün təhlil edib
Həqiqəti vaxtında demədiyimizə görə
“Cəlil Məmmədquluzafə cümhuriyyətçiləri niyə sevmirdi?” - deyə
Bu gün də bağırır
Yad dəyirmanına su tökən
Modern danabaşlar!

O dahi
Dünən də haqlı idi,
Bu gün də:
Yad millətlərin südünü əmmiş,
Vətənini yadırğamış
Millətinin ruhundan xəbərsiz bir para millət başçıları
Heç zaman gün ağlaya bilməz öz millətinə!
Məhz “bir para!”
Çünki təpədən dırnağınacan milli olan
Rəsulzadələr, Fətəli xanlar, Fürudin bəylər
Və sairələr
Bu “para”ya daxil deyillər!

Və o dahi
Özünəməxsus bir ehtiyatla yol göstərirdi bizə...
Bu yolun bir ucu isə
İstəsək,
İstəməsək də
Qonşu həyətlərdən keçir.
Həmin həyətlərdə isə bizi:
İnsan əti yeyən ikibaşlı qartal (Rusiya),
Əlində qılınc olan şiri-xorşid (İran),
Sola baxan qartal,
Və sağa baxan aslan (Ermənistan),
Nizə ilə vurulan əjdahalar (Gürcüstan) gözləyir...
Yalnız və yalnız
Balanslaşdırılmış siyasətlə
Qoruya bilərik özümüzü!
Və həyəcan təbili çalır Mirzə Cəlil:
Fəqət millətinin ruhundan xəbərsiz bir para millət başçıları
Qismətimizə düşən bu kədərli coğrafiyanı
Dərk etməzlər heç zaman...

20.02. - 02.03.2026


Baxış sayı - 203 | Yüklənmə tarixi: 16.03.2026 07:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031