Türkiyənin Milli təhsil nazirinin müavini: “Yüz il sonra eyni məkanda..."

Bir əsr əvvəl Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay zamanı dünyanın müxtəlif ölkələrindən türkoloq alimlər bir araya gələrək ortaq əlifba, ədəbiyyat, mədəniyyət, tarix və digər mühüm istiqamətlər üzrə geniş müzakirələr aparıb, türkologiya elminin inkişafına güclü təkan veriblər. Sonrakı illərdə bu sahədə aparılan araşdırmalar daha da genişləndirilib, yeni elmi istiqamətlər formalaşıb və mühüm nəticələr əldə olunub.
Bunu Türkiyə Cümhuriyyətinin Milli təhsil nazirinin müavini, dos. Celile Öten Ötken Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunan “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.
O, tədbir iştirakçılarını Türkiyənin milli təhsil naziri Yusuf Tekinin adından salamlayaraq, Qurultayın tarixi əhəmiyyətindən bəhs edib.
Celile Öten Ötken yüz ildən sonra, bu gün həmin tarixi zalda Birinci Türkoloji Qurultayın ideya müəllifləri, təşkilatçıları və iştirakçılarının əziz xatirəsinin yad edilməsinin bütün Türk dünyası üçün son dərəcə əlamətdar hadisə olduğunu bildirib. Nazir müavini qeyd edib ki, akademik elmi biliklərin inkişafı və geniş yayılması intellektual fərdlərin və bütövlükdə intellektual cəmiyyətlərin formalaşmasında mühüm rol oynayır. O, müxtəlif ölkələrdən çoxsaylı alim və tədqiqatçıların bir araya gəlməsi üçün yaradılmış şəraitə görə tədbirin təşkilatçılarına dərin minnətdarlığını ifadə edib.