manera.az
manera.az

Sönmüş arzuların sonası sənsən - Yeni İmza

Sönmüş arzuların sonası sənsən - Yeni İmza
Elgiz Xəlil ( Əhmədov) - ADPU-un filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasının 4-cü kurs tələbəsi.

MANERA.AZ "Yeni İmza" layihəsində Elgiz Xəlilin şeirlərini təqdim edir.

LAÇINIM

Ay ata, gəlmişəm doğma vətənə,
Düz demisən, cənnət imiş Laçınım.
Təbiəti minbir dərdə davadır
Gəzmək üçün fürsət imiş Laçınım.

Bulaqları sanki zəmzəm suyudur,
Qucağında oğulları uyudu.
İgid Nəbi, Koroğlular soyudur
Həqiqətən, dəhşət imiş Laçınım.

Həsəd aparırsan baxanda yurda,
MaşAllah igidlər döndülər qurda.
Şəhidlər, qazilər can qoyub burda,
Gör nə gözəl sərvət imiş Laçınım.

Elgiz gəldi, gördü vətən bağını
Keçirdi ömrünün şirin çağını.
Burda heç görməzsən acı, ağrını
Dizlərdəki taqət imiş Laçınım.

A QOCA DAĞLAR

O qədər gözəlsən, çaşıb qalıram,
Mən səndən nə yazım, a qoca dağlar.
Küləyin behiştin laylay səsidir,
Utandı avazım, a qoca dağlar.

Qayana dırmaşım, qanasın dırnaq,
Gözümün yaşıyla qaynasın bulaq.
Məndəki dəlisov istəyə bir bax!
Dumanında azım, a qoca dağlar.

Şahidi olasan qocalmağına,
Boynuna Elgizin sarılmağına.
Havan bəs eyləyir sağalmağına,
Dərman nəyə lazım, a qoca dağlar.

LAÇIN DAĞLARI

Duruşu gözləri qamaşdırırdı,
Cənnətə bənzərdir Laçın dağları.
Cəm edib yağışı, qarı, günəşi,
Elə bil zərgərdir Laçın dağları.

Azadlığın dadın çıxarır indi,
Həm mərhəmətlidir, həm də mətindir.
Yayı möcüzədir, qışı çətindir,
Nəbidir Həcərdir Laçın dağları.

Ceyranı, cüyürü döşündə gəzər,
Qartalı, laçını göylərdə süzər.
Zəmzəm bulaqları yan-yana düzər,
Unutdurur dərdi Laçın dağları.

Lülpərindən, Əyriqardan danışın,
Mıxtökəndə, İşıqlıqda yığışın.
Qulaylıdan Kəlbəcəri soruşun,
Dillərdə əzbərdir Laçın dağları.

QADIN

Sevgi məktəbisən, eşq müəlliməsi,
Sevməyi öyrətdin ürəkdən, qadın.
Şanə saçlarında naz eyləyəndə,
Ətrin də duyulur küləkdən, qadın.

Yetim duyğuların anası sənsən,
Sönmüş arzuların sonası sənsən,
Qırıq ümidlərdə yanası sənsən,
Fərqin tapılmadı mələkdən, qadın.

Sən varsan, ehtiyac yoxdur güllərə,
Səninlə qatmışam məna illərə.
Ağarmaq yaraşmır qara tellərə,
Düşməsin saçına gərək dən, qadın.

ALINMIR

Saat birdir, gözlərimin önündən,
Çəkil yatım. Çəkilməsən, alınmır.
Lap elə bil saçımdakı tük kimi,
Qəmə düşdün, tökülməsən, alınmır.

Səni sevdim, səni seçdim yenə mən,
Bəs eləmir sənsiz qalan mənə mən.
Ürəyimdə ev tikirəm sənə mən,
Sökük qəlbim tikilməsə, alınmır.

Dərdlərimin tək dərmanı sığaldı,
Arzulara xəzan dəydi, saraldı.
Bu sevgimdə yetim qalıb qocaldı,
Həsrətindən bükülməsə, alınmır.

İMANSIZ

Son görüşdə qəfil tutub əlindən,
Dayan dedim, dayanmadı imansız.
Razıyam, as məni qara telindən,
Lağlağ edib inanmadı imansız.

Nazı ilə ürəyimi dələrdi,
Ağlamalı gündə mənə gülərdi.
Görüşlərə öz kefində gələrdi,
Ayrılığa yubanmadı imansız.

Sevgi nədir? sevənlərdən soruşaq,
Sevənlərin cərgəsinə qoşulaq.
Qəlbimdə yat,oyananda qovuşaq,
Yatdı, amma oyanmadı imansız.

Elgiz bu dərd ilə qalıb baş-başa,
Zəri nə atırsa, düşməyir qoşa.
Ömrümün yazını döndərdi qışa,
Bu əzabdan usanmadı imansız.

MANERA.AZ


Baxış sayı - 736 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
232425262728