Min bir dərdə davam sən - Yeni İmza
Firuzə Quliyeva - 2005-ci ildə Ordubad rayonunda anadan olub. Naxçıvan Dövlət Universiteti Tarix-filologiya fakültəsinin Filologiya ixtisası üzrə II kurs tələbəsidir.
MANERA.AZ "Yeni İmza" layihəsində Firuzə Quliyevanın şeirlərini təqdim edir. Nəzərə alaq ki, bunlar gənc yazarın ilk qələm təcrübələridir.
* * *
Gəl! Pərvanətək gəl!
Evimə qonaq gəl!
Qayğılarımı könlünə elə sıx ki
İncilər tökülüb nəm etməsin çatlaq dodaqlarımı,
Yetim uşaqtək boynubükük qalmasın.
Birlikdə gəzək cənnət bağını,
Sənsiz mənə qəlb evim cəhənnəm.
Çəkmə çinar gözlərini gözümdən
İcazə ver sulayım budaqlarını.
Hər saniyə şəklinə tamaşa edib də,
Çəkmirəm gözlərimi bəxt üzüyündən,
Güləcək dünya yazdıqlarıma
Anlamayacaq qəlb məbədimi...
Şahlar əmr edəcək, fərman yazacaq,
Asacaq boynumdan kəndir ipini
İp təsəlli edərmi
Qandallı taleyimi?
Ruh məskənim!
Biz səninlə “Adəm və Həvva” deyilik.
Biz səninlə Yusif və Züleyxayıq
Kədər yollarında...
* * *
İki qaşının arasındakı məsafənin
Qırışları bağlayır gecə ilə gündüzü.
İki heca söz qalır dillərdə dastan...
İlahi! Görəsən düşünürmü məni.
Dəsmalındakı həsrət baharının
Ürəyimdə damğa izi var.
Çəpərlərini çeynəyib qaçmır mənzilinə
Dilsiz quyunu ev bilirmiş özünə.
Bağçam fırtına xəncəri ilə boyalı
Küllərindən doğulan kədər dəmində.
İç! Qansız şərabını sorğusuz.
Ləzzətlə mənim sağlığıma iç!
Gizləyir qəlbim qəlbini gözlərimdə,
Sorğulama! İtirəm sözlərində.
Neçə çinarlar əkirəm çatlaq əllərimə.
İki ayrı məbədin məhəbbət toru
Kirpiklərin qovşağında qovuşar bəlkə.
Sən nəyimsən?
Əllərim qəlbimdə gəzir...
Susayıb qara gözlərinə
Gülün susadığı kimi.
Son səsin işləyib qəlbimə,
Uzaq ölkələrə çıxıram səfərə.
Şəklin gözümün önündə
Yaşıllarımda dolaşır.
Gözün kimi bax uşaqlığıma,
Qoru onu yad doğmalardan
İnsan saydıqlarımdan.
Mehman ol qəlb otağıma
Ac qalmışam qucağına
Bahar qoxulu yurd-yuvama.
Sən nəyimsən?
Dodaqlarımda batmayan günəş?
Parıldayan aylı gecəm?
Tanrım qədər sevdiyim?
Ey doğma insan!
Musiqim sən, yaram sən,
Min bir dərdə davam sən.
Gəlməyin gülüşümün zirvəsinə qar gətirdi
Zəhər dadıram hər sözündə
Necə şəkər qatım həsrətinə?
Hansı tərəfə dönüm, İlahi!?
Yastığımın nəmini külək sovursun.
Qəlbimin hansı nöqtəsinə ağı deyim?
Nidayla dolu nifrət bəsləyim?
Gecələr yuxunda laylamı oxuyum?
Qızılgülün içində yatasan
Sevgi mülkündən birdəfəlik qopasan.
Gözlərimə olan susuzluğun
Boş stəkana ümidindən damır.
Sinoptikdən aldığım soraq
Gəldiyin günə yozdurur.
Gövdəsi tumurcuq bağçası çiçəyin
Köksündə neçə qəlpə izi var.
Canımı parə-parə
Çarmaxda mələklərə ehsan verirəm.
Gülay Tahirlinin təqdimatında..