manera.az
manera.az

Zakir Məmməd: Əyalətin şah sözü

Zakir Məmməd: Əyalətin şah sözü
MANERA.AZ Nəriman Əbdülrəhmanlının "Zakir Məmməd: Əyalətin şah sözü" yazısını təqdim edir.

Zakir Məmməd - 70

1. Yalnız Sözə iddiası olan adam

Zakir Məmmədi şair, yoxsa ədəbiyyatşünas kimi təqdim eləmək barədə düşünmədim. Çünki ən bilən, onun ada yox, yalnız Sözə iddiası var, o Sözü ifadə eləyən kəsin də necə adlanmasının o qədər də əhəmiyyəti yoxdu…

O, Söz duyumu sarıdan Allahın seçilmiş bəndələrindəndi, bəzən özündə, bəzən də başqalarında tapdığı o ilahi Sözü hamıya çatdırmaq missiyasını neçə illərdi ki ləyaqətlə, həm də minnətsiz, umacaqsız yerinə yetirir, bundan da mənəvi zövq alır…

Zakir Məmməd 1956-ci il yanvarın 29-da Qubanın Əlik kəndində doğulub, Qonaqkənd məktəbini, V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nin) filologiya fakültəsini bitirib, doğma rayonunun Zeyid, Dağüstü, Hacıhüseynli məktəblərində, Quba Özəl Türk Liseyində, Azərbaycan Dövlət Mədəniyyət və incəsənət Universitetinin Quba filialında dərs deyib, qısa müddətə Hacıhüseynli kəndində icra nümayəndəsi də işləyib, sonra kənd tam orta məktəbində müəllimliyinə davam eləyib, müddəti bitəndə də səssiz-səmirsiz təqaüdə çıxıb.
Bütün bunlar onun heç də asan olmayan ÖMÜR YOLUnun qısa xronikasıdı...

2. Xalq şairi Hüseyn Arifin xeyir-duası ilə

Bir də var, Zakir Məmmədin SÖZlə təmasının keçdiyi YOL...

Yəqin ki, o yolun hardan başlandığını özü də deyə bilməz, bir onu xatırlayır ki, ilk şeirləri Xalq şairi Hüseyn Arifin “uğurlu yolu” ilə 1983-cü ildə “Azərbaycan gəncləri” qəzetində dərc edilib...

Həmin mehr nəticəsində də dörd kitabı, qəzet-jurnallarda, internet sayt və dərgilərində onlarla məqaləsi, şeiri çap olunub, Beynəlxalq R.Rza və Ə. Salahzadə adına “Avanqard” poeziya mükafatlarına layiq görülüb, 1998-ci ildən üzv olduğu AYB-nin Quba filialında və “Ay işığı” ədəbi birliyində mühiti canlandırmaq üçün əlindən gələni əsirgəməyib...

Məhz elə bu səbəblərdən Zakir Məmməd yaşadığı ömrə görə təəssüflənməməli, əksinə, qürur hissi keçirməlidi. Düzdü, o ömürdə əyalətdə yaşamağın əzabları, şan-şöhrət itkiləri var, amma əvəzində qismətinə insan və yaradıcı kimi bütöv qalmaq kimi gözəl bir fürsət düşüb.

Zakir Məmməd mənəviyyat çadırımızın sütunlarından biridi, onun kimi insanlar olmasalar, bütövlükdə millət kimi çox şey itirərik…

Zakir Məmmədlə şəxsi tanışlığımın tarixi o qədər də uzun deyil. 2012-ci ildə qələm dostum Nurafizlə birgə getdiyim “Ay işığı” birliyinin tədbirində tanış olduq, elə o təsadüfdə də aramızda proloqsuz-filansız münasibət yarandı…

3. Səksəninci illərdən tanıdığım imza

Zakir Məmmədin poetik və ədəbi nəfəsi mənə ötən əsrin 80-ci illərindən tanışdı, mətbuatda rast gəldiyim hər şeirində, hər ədəbi yazısında izaholunmaz hərarət və yaxınlıq duymuşam…

Zakir Məmməd əyalət uzaqlığından baxıb ədəbiyyatımızın mənzərəsini əksər ədəbiyyat və tənqidçilərdən daha yaxşı görür, şəxsi münasibətlər bataqlığına düşmədiyinə görə, yaxşını-pisdən ayırmaqda, ədəbi mətnləri dəyərləndirmədə vicdan kateqoriyasından qorxusuz-ürküsüz yararlana bilir..

Zakir Məmməd ədəbi meyarlarında qərəzsiz, iddiasızdı, öz elmi səviyyəsini, ədəbi istilah ehtiyatını göstərməyə çalışmır. Bəlkə, elə buna görə də heç müdafiə eləmək, elmi dərəcə almaq fikrinə də düşməyib. Şair-dəbiyyatşünas Mehman Qaraxanoğlunun təbirincə, “...paytaxt yazarları haqqında yazan Z.Məmməd bircə dəfə də ağlında tutmur ki, filankəs, tutaq ki, bir “X” (məchul) yazar mərkəzdə yaşayır. Amma çox maraqlıdı, əgər həmin “X” “müəllim” Zakir Məmməd haqda yazası olsaydı, sövq-təbii onun əyalətdə yaşamasını qabardardı. Niyə? Bəlkə belə istedadlı adamlarla bir şəhərdə olmasını istəmirlər? Bəlkə özlərinin əvəzolunmazlığı, yeganəliyi haqda dolaşan söz-söhbətlərə o qədər aludə olurlar ki, kiminsə onların şöhrətinə “şərik” olacağını düşünürlər? Yəni “burda mənəm Bağdadda kor xəlifə” təfəkkürü...”

Zakir zorakılıq düşüncəsindən də uzaqdı, yəni heç vaxt ədəbi hədəfilə bağlı hökm verib, qəti qərar çıxarmır. Bu cəhətdən özünün mülahizələri çox maraqlıdı: “Mənə elə gəlir ki, bəzi tənqidçilər hətta özlərini polis rəisi kimi aparırlar. Bu, sovet ədəbiyyatından qalma vərdişlərin nəticəsidir. Tənqid öz əvvəlki məzmun və mahiyyətindən bir qədər uzaqlaşmalıdır. Mənim fikrimcə, tənqid hər hansı bir bədii mətnin içindən yeni bir neçə mətn tapıb eyni mövzunun davamını yazmalıdır. Hər hansı bir paradiqmaya nəzərən yeni paradiqmalar işləyib hazırlamaq tənqidin və ya tənqidçilərin işidir. Tənqidçi bütün fəaliyyətini yazıçıya qiymət verməyə sərf etsə, onun şəxsi ambisiyası daha qabarıq görünəcək, müəllifin maraqları oxucu maraqlarını üstələyəcək”.
Elə bu məqsədlə də Zakir Məmməd öz üslubunu yeniləşdirməyə, modernləşdirməyə və kəmiyyətə yox, mətnin keyfiyyətinə çox diqqət ayırmağa çalışır, daha çox öz maraq dairəsinə daxil olan mətn üzərində iş aparmağa üstünlük verir…

4. Əyalətdən gördüyü ədəbi mənzərə

Zakir Məmməd əyalətdən gördüyü ədəbi mənzərəni oxuculara çatdırmağı özünün başlıca yaradıcılıq missiyalarından biri sayır…

Onun Məmməd İsmayıl, Ələkbər Salahzadə, Ramiz Rövşən, Tofiq Nurəli, Maarrif Soltan, Ramiz Qusarçaylı, Nurafiz, Novruz Nəcəfoğlu, Saday Şəkərli, Tərlan Əbilov, Ehtiram İlham, Ayaz Arabaçı, Rəşid Bərgüşadlı, Ay Bəniz, Esmira Məhiqızının... yaradıcılığı barədə qələmə aldıqlarını yalnız bu kontekstdə qiymətləndirmək olar.

Zakir Məmməd bu yönümdə ilk addımını qələm dostu Ramiz Qusarçaylının yaradıcılığıyla bağlı atıb, “Haqqın calalı Qusarçaylı” (2009) monoqrafiyasüında onun yaradıcılığına ətraflı nəzər salıb, Sözünün siqlətini dəyərləndirib…

O, çağdaş ədəbi prosesi əks etdirən icmal xarakterli yazıların faydalı ola biləcəyini də düşünür, bu yönümdə çoxlu qeydlər aparır, imkan tapanda xülasə səpkili yazılar qələmə almaq istəyir. Bu məqsədlə də uzun illər səbirlə çapa hazırladığı iki-üç kitablıq materialı var.

Zakir Məmməd, axır ki, 2018-ci ildə bu istəyi yönündə ilk addımını atdı, bir neçə il əvvəl işıq üzü görən bir toplusunu “Vətənə aid” adlandırdı. O kitabda Azərbaycan ədəbiyyatının ümumi mənzərəsini və aktual problemlərini əks etdirən məqalələri, esseləri, ayrı-ayrı qələm sahibləri və əsərlər haqqında rəyləri, sosial şəbəkələrdə ədəbiyyyatın müxtəlif yönlərinə həsr etdiyi qeydləri, müsahibələri və onun haqqında işıq üzü görmüş portretlər toplanıb…

Onun ədəbi çəkisini elə bircə kitabla da sezmək çətin deyil, çünki o, ədəbi düşüncələrində və mülahizələrində dəqiq, orijinaldı, mürəkkəb elmi ibarələrdən və “izm”lərdən sui-istifadə eləməyi sevmir, buna heç ehtiyac da duymur. Elə buna görə də Zakirin akademizmdən, həm də ifrat modernlikdən uzaq olan özünəməxsus təhlilləri oxucunun qəlbinə dərhal yol tapır…

Əlbəttə ki, bu, son deyil, Zakir, yəqin ki, növbəti toplusunu da oxuculara çatdıracaq və daxilən bir qədər də rahatlıq tapacaq…

5. Əyalətin ədəbiyyatını yaşatmaq cəhdi

Zakir Məmməd ədəbi mühitin mərkəzindən uzaqda olmağın çətinliklərinin və üstünlüklərinin nədən ibarət olduğunu çox yaxşı bilir, hər iki cəhəti də öz yaradıcılıq taleyində sınaqdan keçirib…

Onun fikrincə, kommunikativ ünsiyyət vasitələri ədəbi ünsiyyətin imkanlarını azaldır: “…İndi Bakıda da ədəbi həyatın qaynarlığından danışmağa dilimiz qısadır. Bunun səbəbi internetdir. Sosial şəbəkə vasitəsilə fikir mübadiləsi apara bilməyimiz, buradan hər cür informasiyanı əldə etməyin mümkünlüyü digər kommunikativ vasitələri kölgədə qoyur”.

Amma belə bir məhdudiyyət heç də Sözə sevgi bəsləyən insana maneə törədə bilməz: “Ədəbi prosesi internet vasitəsi ilə izləməmək həmin prosesdən kənarda qalmaq deməkdir. Bu baxımdan, çağdaş ədəbiyyatımızda baş verən hadisələri həm yaxından izləyirəm, həm də onun içində olmağa çalışıram. İnsanların daha haradasa yaşamağının onun dünya ilə əlaqələrinin intensivliyinə mənfi, ya müsbət təsiri ola bilməz. “Uzaqda” yaşamağın daha ağrılı tərəfi var. Söylədiyin bir fikir kiminsə mənafeyi, ya mövqeyi ilə üst-üstə düşməyəndə dərhal əyalət qaxıncını işə salırlar”.

O, ədəbiyyatın əyalətində yaşamır, bayaq sadaladığım taledaşları ilə birgə əyalətin ədəbiyyatını yaşadır, onu məkan anlayışından çıxarıb bütövlüyə qovuşdurur. Həmin bütövlüksə Azərbaycan ədəbiyyatıdı...

6. Ruhun mənzərəsini yaratmaq istəyi

Zakir Məmməd yaradıcılığa ötən əsrin 70-ci illərindən başlayıb, “Ağ qaya ilə üz-üzə” (1977) şeirlər kitabı işıq üzü görüb, amma poetik nəfəsiylə ədəbiyyatımızın səksəninci illərinə mənsubdu.

Zakirin xoşbəxtliyi ondadı ki, heç vaxt tələsib-təntiməyib, “daha çox, çap olunmaq, daha çox tanınmaq” meyarını qəbul eləməyib, yazdıqlarını zamanın axarına buraxıb, nə vaxtsa öz qiymətini alacağına inanıb. Bu səbəbdən də “Dedim sözü” adlı ikinci şeirlər kitabı yalnız 2007-ci ildə, “Etiraf” adlandırdığı üçüncü poetik toplusu isə 2015-ci ildə işq üzü görüb, uşaqlar üçün qələmə aldığı şeirlərini bir kitabda toplayıb.

Onun poetik mətnə öz münasibəti var. Fikrincə, “nəsə köhnəlirsə, bunun səbəbi şeirin sərbəstdə, ya hecada yazılmasında deyil. Şair metodoloji cəhətdən nə qədər hazırlıqlı olsa da, daim yeni üsul və priyomlar axtarıb tapmağa cəhd etməlidir. Şeir obrazlı təfəkkürün məhsulu kimi meydana çıxdığı üçün orada oxucunu əyləndirən yeganə cəhət bədii obraz ola bilər. Amma bu obrazlılıq orijinal deyilsə, təkrardırsa, deməli, köhnədir. Oxucu isə həmişə yeniliyə can atır, necə deyərlər, hər şeyin təzəsini axtarır”.

Mənə görə, Zakir Məmməd ədəbiyyatın, əslində, nə olduğunu aydın dərk eləyən azsaylı qələm adamlarımızdandı...

O, Sözün bir növ Ruhun mənzərəsini yaratmaq üçün vasitə olduğunu, o havanı yaratmaq üçün yaradıcı adamdan böyük istedad tələb edildiyini bilir, poetik mətnlərində də bu açıq-aşkar görünür...

Zakir əmindi ki, hər bir yazıçı öz fərdi üslubuyla ədəbiyyatın tarixi yaddaşında qalmaq şansı əldə edir.

7. Daim borc hissi ilə yaşayan adam

Zakir Məmmədin “Əhvalat” adlı bir şeiri var. O şeiri müəllifin ruhi siqlətini ifadə elədiyinə görə çox sevirəm.

Yadımdan çıxmışdı, deyim:
Bir həyat borcluyam sənə.
Çapıb murada yetməyə
Bir də at borcluyam sənə.

Yağıb tez kəsən yağışam.
Çətin bir yana yığışam.
Bilməyib çox sındırmışam,
Qol-qanad borcluyam sənə.

Bu qəmdən doyaq, doymayaq?
Sirr edək, yayaq- yaymayaq?
Tapıb ad qoyaq, qoymayaq?
Yaxşı ad borcluyam sənə.

Ürək dilə gələ gərək.
Eşqdən bir zəlzələ gərək.
Başımıza gələ gərək,
Əhvalat borcluyam sənə.


Kimə ünvanlandığından asılı olmayaraq, bu şeir Zakir Məmmədin xarakterindəki borc hissinin ifadəsidi.

O, özünü xalqına, torpağına, Sözünə, ədəbiyyatına, hətta dostlarına borclu sayıb, həmişə də o borcu ləyaqətlə verməyə çalışıb…

2026, yanvar


Baxış sayı - 472 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
232425262728