manera.az
manera.az

Güləri çox sevir hamı - Nazim Hüseynlinin yeni uşaq şeirləri

Güləri çox sevir hamı - Nazim Hüseynlinin yeni uşaq şeirləri
MANERA.AZ Nazim Hüseynlinin yeni uşaq şeirlərini təqdim edir.

POLADDIR ADIM MƏNİM

Dünyaya gələndə mən
Cəbhədə olub atam.
Döyüşün axırında
Xəbəri alıb atam.

Anama zəng eyləyib,
Adımı Polad qoyub.
Vətəni Polad kimi
Qorusun, sevsin deyib.

Cəbhədən qazi kimi
Zəfərlə dönüb atam.
Şəhidləri həmişə
Hörmətlə anıb atam...

Qəhrəman generalın
Adını daşıyıram,
Fəxr edirəm bu adla,
Qürurla yaşayıram.

General Polad kimi
Qəhrəman olacağam!
Vətənin qisasını
Yağıdan alacağam!

ÇƏLİK

- Axtarıram, tapammıram,
Çəliyimi bayaqdan mən.
Tural, dur, bax ora-bura,
Unutmuşam harda görən?

- Görməmişəm çəliyini,
Olma belə rahatsız sən.
Hara desən gəl aparım,
Nənə, sənin çəliyin: mən!

GÖY QURŞAĞI

Baba göyə tutdu üzün:
- Yeddi rəngli göy qurşağı,
Bax, gözəldir necə, - deyə.
Orxan baxıb heyran oldu,
Tez soruşdu babasından:
- Kim çəkib o şəkli göyə?

GÜLƏRİ ÇOX SEVİR HAMI

Nəvəm Gülərə

Paltarları səliqəli,
Həmşə təmiz üstü, əli,
Gülər üzü, şirin dili,..
Güləri çox sevir hamı.

Qaçır evdə gülə-gülə,
Gah göz yaşın silə-silə,
Heç üç yaşı yoxdu hələ,
Güləri çox sevir hamı.

Əl-üzünü özü yuyur,
Dişlərini fırçalayır,
Otuzacan düzgün sayır,
Güləri çox sevir hamı.

Bilir çəngəl tutmağı da,
Bilir “zibil” atmağı da,
Bilir sakit yatmağı da,
Güləri çox sevir hamı.

Bir-bir ona şəkil verin,
Heyvanların, meyvələrin
Adın deyir necə görün,
Güləri çox sevir hamı.

Şıltaqlığı tutur bəzən,
Əşyaları atır bəzən,
Qarışdırır, qatır bəzən,
Güləri çox sevir hamı.

Çiçək tək ətir qoxuyur,
Güllərdən çələng toxuyur,
Himnimizi də oxuyur,
Güləri çox sevir hamı!

GƏLİN BAXIN

Qızarıbdı yanaqlar,
Sallanıbdı dodaqlar...
Çox narahat görünür,
Dərdə-qəmə bürünür
Hümeyranın nənəsi ,
Hümeyranın anası:
Xəstələnib gözəl qız
Tez bir tədbir görək biz,
Gedib dərman alağın,
Qızdırmanı salağın.
Yaxınlaşıb tez ona
Yanağına, alnına
Əl gəzdirir babası,
Eşidilir gur səsi:
Aç ağzını, dayan bir,
Səni sıxan de nədir?
Üzü gülür babanın,
Sözü gülür babanın:
-Haray-həşir salmayn,
Heç narahat olmayın.
Gəlin baxın, görün siz:
Diş çıxarır nəvəmiz!
Şad olaq hər birimiz,
Tez bişirin hədik siz!

ŞİRƏ YIĞIR ARILAR

Çiçəyə bax, gülə bax:
Qıpqırmızı, sarı, ağ,..
Hər birinə qonaraq
Şirə yığır arılar.

Yaylağın da, dağın da,
Tarlanın da, bağın da
Çiçək açan çağında-
Şirə yığır arılar.

Baba izlər onları,
Pətək gözlər onları,
Çatar işin sonları,
Şirə yığır arılar.

Çoxdu balın hikməti,
Əvəzsizdi ləzzəti,
Çəkib böyük zəhməti,
Şirə yığır arılar.

AZANGÜLÜ

Saatına baxıb baba
Azan vaxtı çatır dedi.
Gülə bənzər Gülər nəvəm,
Tez özünü yetir dedi.
Gözəl nəvəm, diqqətlə bax,
Bağçamızda bir azdan sən,
Təbiərin yaratdığı
Bir möcüzə görəcəksən.
Bu gül azan oxunan an
Elə bil ki, cana gəlir,
Ləçəkləri bir-bir açır,
Zərif, gözəl bir gül olur...
Bu möcüzə heyran edir
Sey eyləyən hər adamı.
Azanla bir açan gülə
Azangülü deyir hamı.

BƏDİRLƏNMİŞ - DOLU AY

Ana, ata və Alpay
Göyləri seyr edirdi...
Günəş batdı, dolu ay
Özünü tez yetirdi.

Ana dedi: Bütövdü ,
Bədirlənmiş ay adı.
Ən çox nurun paylayan,
İşıq verən ay odu.

Ata dedi: Dolu ay,
Necə parlaq görünür.
Gecə bütün yer üzü,
İşığına bürünür.

Top əlində dinləyən
Alpay yaman döyükdü:
-Bədirlənmiş o aydan
Mənim topum böyükdü!

QUZUQARNI

Quzuqarnı-
Quzu qarnı.
Mart olanda,
Yaz gələndə,
Göy guruldar,
Yağış yağar,
Sonra bitər,
Tez də itər.
Qovaq dibi,
Onun yeri.
Qoçaq tapar,
O an qapar.
Gedər evə,
Sevə -sevə
Ocaq çatar,
Nələr qatar:
Qabda yağ var,
Yumurtalar,
Bir çimdik düz...
Ocaqda köz,
Tavada göz,
Bir az da döz.
Quzuqarnı-
Quzu qarnı,
Kələ-kötür,
Bişir, ötür.

SÖYÜD AĞACI

Yay fəsliydi... Yollandılar
Bağa baba Baba ilə.
İşləyirdi bağda baba
Dəryaz ilə, yaba ilə.

Qonşu bağdan qonşu baba,
Salam verdi, əhval tutdü.
Sonra baxııb ağaclara,
Gülümsədi, bir söz atdı:

-Barsız söyüd ağacını
Neynəyirsən sən bağında ?
Kəsib , onun yerindəcə,
Bir alma ək yaz çağında.

-Göğzəlliyi, sərinliyi
Deyildirmi onun barı?
İnsanları valeh edir,
Yerə dəyən saçaqları.

Qovalayr bəd ruhları-
Bu mif qədim çağa gedər.
Kök atdığı torpağına,
Başın əyib səcdə edər.

İstirahət yeri tikən,
Orda salxım söyüd əkər.
Tez boy atar, sərinliyi
Çoxlu yolçu, qonaq çəkər.

Hazırlanır çiçək, yarpaq,
Qabığından gözəl məlhəm.
Qiymaz, kəsməz onu heç vaxt,
Faydasını duysa hər kim.

Taxtasından düzəldilir
Mebel, parket, əşya, qapı.
Həm yüngül, həm yumşaq olur
Söyüd dəryaz, yaba sapı.

Arıların sevimlisi-
Çiçəyinə uçub çökər.
Ora qonar, bura qonar
Yorulmadan şirə çəkər.

Gözəllik var söyüdlərin
Boy verdiyi hər bir yerdə.
Amma bəzən pisləyirlər
Şeirlərdə, təmsillərdə.

Çox haqsızlıq edilibdir:
Barsız ağac? Ad qoyublar.
Bu ad ilə söyüdlərin
Ürəyini də oyublar.

Təbiətin düzənində
Hər ağacın yeri olar.
Qulluq edək, insanlara
Söyüdün çox faydası var.


Baxış sayı - 124 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
293031