Bakıda “Turan Balabilgə Akademiyası” təsis olundu - Fotolar

Dekabrın 5-də Bakıda “Turan Balabilgə Akademiyası”nın təsis iclası keçirilib. Birinci Türkoloji qurultayın 100 illiyi ərəfəsində keçirilən tədbirdə Türk dövlətlərindən görkəmli ziyalılar, elm və ictimaiyyət nümayəndələri, deputatlar və digər fəxri qonaqlar iştirak ediblər.
MANERA.AZ xəbər verir ki, tədbir iştirakçıları şagirdlərin hazırladığı bədii proqramla qarşılandıqdan sonra Hədəf Liseyində “Turan çadırı”nın açılışını ediblər.
Ölkəmizlə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Şimali Kipr Türk Cumhuriyyəti, Makedoniya, Moldovadan olan nümayəndələrin də qatıldığı təsis yığıncağının iştirakçılarını səmimi salamlayan Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq bildirib ki, mühüm tarixi missiyanı yerinə yetirən Türk Dövlətləri Təşkilatı ortaq tarixi və etnik kökləri, müştərək milli-mənəvi dəyərləri birləşdirir və yaşadır. Prezident İlham Əliyevin liderliyində Azərbaycan təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artmasında mühüm rol oynayır, Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji, nəqliyyat, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın dərinləşməsinə öz dəyərli töhfələrini verir. İctimai təşkilatlar, elm-təhsil, mədəniyyət ocaqları da ortaq tarixi və etnik köklərə söykənən qardaşlıq əlaqələrinin möhkəmlənməsində yaxından iştirak edirlər.
Natiq vurğulayıb ki, 2025-ci il oktyabrın 8-də Qazaxıstanın Almatı şəhərində yerləşən Turan Universitetində təsis edilən “Turan Akademiyası” da bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərin davamıdır. Akademiyanın ilk toplantısında Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” tezisi əsas götürülərək təşəbbüsümüzlə Bakı Hədəf Liseyində “Turan Balabilgə Akademiyası”nın yaradılması qərara alınıb. Qısa zaman ərzində təşkilati işlər başa çatdırılaraq təsis yığıncağına ciddi hazırlıq görülüb.
Yığıncaqda “Turan Balabilgə Akademiyası”nın fəxri və qurucu üzvlərindən Qazaxıstanın Turan Universitetinin rektoru Rahman Alışanov, türkoloq alim Firudin Cəlilov çıxış edərək “Turan Balabilgə Akademiyasının” fəaliyyətinə uğurlar arzulayıb, türk tarixi və mədəniyyəti ilə bağlı müəllifi olduqları kitabları Hədəf liseyinə hədiyyə ediblər.
Milli Məclisin deputatı Cavanşir Feyziyev, şair Rüstəm Behrudi, Türk Xalqları Toplantısının rəhbəri, Turan Akademiyası rektorunun köməkçisi Mahmud Oral, Turan Universiteti rektorunun köməkçisi Gülzhanat Tayauva, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitunun direktoru Hikmət Quliyev, Azərbaycan Mədəniyyət Nazirliyinin əməkdaşı Fariz Yunisli və digərləri çıxış edərək bildiriblər ki, Türk ölkələri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə doğru qətiyyətlə atılan addımlar davamlı xarakter daşıyır. “Turan Balabilgə Akademiyası”nın yaradılması da ortaq Türk mədəniyyəti, tarixi, dil və elmi ənənələrinin araşdırılması və təbliği, Türkdilli ölkələrdə və icmalarda elm, təhsil və innovasiyaların inkişafına yönəlmiş tədbirlərin keçirilməsi, Türk xalqları məktəbliləri arasında əməkdaşlıq və akademik-mədəni əlaqələrə töhfə vermək baxımından əhəmiyyətlidir. Akademiyada ideyası milli kimliyə və müdrikliyə əsaslanan, həm texnoloji, həm də mənəvi dəyərlərlə zəngin, gələcəyə fikirlə yön verən türk gənci modeli yaradılmalıdır. Bu gənclər həm tarixini bilən, həm gələcəyi quran, həm də bəşəri elmə inteqrasiya olunmağı bacaran nəsil olmalıdır.
İclasda Şəmil Sadiq “Turan Balabilgə Akademiyasının prezidenti, Mirkan Aydın vitse-prezidenti, Elvin Əliyev isə katibi seçiliblər.
Çıxışlardan sonra “Turan Balabilgə Akademiyası”nın nizamnaməsi və loqotipi təsdiq edilib. Bildirilib ki, akademiya fəaliyyətini könüllülük, bərabərlik, özünüidarəetmə, akademik azadlıq, mədəni ənənələrə hörmət və Azərbaycan respublikası qanunvericiliyinə riayət prinsipləri əsasında, “Turan Balabilgə Akademiyası”nın nizamnaməsinə uyğun şəkildə həyata keçirir. Hüquqi şəxs statusuna malik olmayan akademiyanın fəaliyyətinə dair təşkilati və metodiki dəstəyi Bakı Hədəf Liseyi təmin edir.
Sonra fəxri və qurucu üzvlərə diplom və plaketlər, “Turan Balabilgə Akademiyası”nın ilk üzvləri və bölmə rəhbərləri seçilən balabilgələrə isə sertifikat və nişanlar təqdim olunub.
TÜRKSOY-un baş katibi Sultan Raev, Turan Universitetinin rektoru və Turan akademiyasının prezidenti Rahman Alşanov və tanınmış türkoloq alim, filologiya elmləri doktoru, professor Firudin Cəlilov Naxçıvanın təbii daş duzundan hazırlanmış, üzərində Orxon-Yenisey əlifbası həkk edilmiş Turan Balabilgə Akademiyasının ilk mükafatına – “Turan bilgəsi” nominasiyasına layiq görülüblər. Digər qonaqlara da xatirə hədiyyələri, Türk tarixi və Türk birliyindən bəhs edən kitablar verilib, xatirə fotosu çəkdirilib, Sumqayıt kitab sərgisi ilə tanışlıq olub.
Təsis yığıncağının iştirakçıları səfər proqramı çərçivəsində Bakı şəhərinin tarixi məkanlarında olub, Şəhidlər xiyabanını və Zəfər muzeyini ziyarət ediblər.
Turan Balabilgə Akademiyasının fəxri üzvləri
Rahman Alşanov – Turan Universitetinin rektoru, Turan Akademiyasının rektoru (Qazaxıstan)
Mahmut Oral – Türk Xalqları Toplantısının rəhbəri, Turan Akademiyası rektorunun köməkçisi (Türkiyə)
Gülcanat Tayauova – Turan Universiteti rektorunun köməkçisi (Qazaxıstan)
Sultan Raev – TÜRKSOY-un Baş katibi
Mahirə Hüseynova – ADPU prorektoru (Azərbaycan)
Nizami Cəfərov – Atatürk Mərkəzinin direktoru (Azərbaycan)
Cavanşir Feyziyev – Millət vəkili (Azərbaycan)
Fazil Mustafa – Millət vəkili (Azərbaycan)
Rasul Ahmetov – Qazaxıstan Xalqları Assambleyası direktorunun köməkçisi (Qazaxıstan)
Almaz Toktomamatov – Cümhuriyyət Pedoqoji Kadrların İnkişafı İnstitutunun baş direktoru (Qırğızıstan)
Tufan Gündüz – Qazi Universiteti (Türkiyə)
İlbər Ortaylı – Tarixçi, professor, Türk Tarix Qurumunun fəxri üzvü (Türkiyə)
Nazim Muradov – Lefke Avropa Universiteti (ŞKTC)
Aktokı Raimkulova – Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti (Qazaxıstan)
İlham Əliyev – Akdeniz Universiteti (Türkiyə)
Rüstəm Behrudi – Şair (Azərbaycan)
Yunus Oğuz – “Olaylar” İnformasiya Agentliyinin baş direktoru, yazar (Azərbaycan)
Turan Balabilgə Akademiyasının qurucu üzvləri
Şəmil Sadiq – Hədəf Şirkətlər Qrupunun qurucu direktoru (Azərbaycan)
Mirkan Aydın – Nesibe Aydın Okulları direktoru (Türkiyə)
Elvin Əliyev – Hədəf Şirkətlər Qrupunun qurucu direktorunun müavini (Azərbaycan)
Gökhan Yazgan – Atatürk Liseyi, Turan Yazgan Vəqfi (Türkiyə)
Juliboy Eltazarov – Orta Asiya Dilləri və Mədəniyyətləri İnstitutunun rektoru (Özbəkistan)
Elçin İbrahimov – Qarabağ Universiteti Elmi Bölmə rəhbəri (Azərbaycan)
Əkbər Qoşalı (Yolçuyev) – DGTYB Məsləhət Şurası başqanı (Azərbaycan)
Akınbek Ergeşov – Cümhuriyyət Pedoqoji Kadrların İnkişafı İnstitutu Beynəlxalq Əlaqələr Şöbəsi (Qırğızıstan)
Kadir Özer – “Educo” Şirkətlər Qrupunun qurucu direktoru (Türkiyə)
Orhan Hasanoğlu – Azərbaycan–Kipr Dostluq Dərnəyi başqanı (ŞKTC)
Bora Karasu – İzbilim Kolleci qurucusu (Türkiyə)
Alla Büyük – Gənc Qaqauz Yazarlar Birliyinin başqanı (Qaqauziya)
Murat Toylu – TRT Türkmən şöbəsinin rəhbəri (Türkmənistan)
Bekjon Adizov Qoçiyeviç – Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti nəzdində Akademik Liseyin müdiri (Özbəkistan)
Obidjon Şofiyev Baxtiyoroviç – Termiz Dövlət Universiteti rektorunun köməkçisi (Özbəkistan)
Fahri Karaman – Beynəlxalq Balkan Universiteti (Türkiyə)
Esra Aslan – İş xanımı, məktəb qurucusu (Türkiyə)
Məhman Həsənli – AMEA Nizami adına Ədəbiyyat İnstitutunun icraçı direktoru (Azərbaycan)








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.