manera.az
manera.az

3 şairdən 3 şeir - Rubrika

📅 23.11.2025 20:17

3 şairdən 3 şeir - Rubrika
MANERA.AZ Müasir Azərbaycan poeziyasının 3 tanınmış imzasından (Şəhriyar del Gerani, Qismət, Aqşin Yenisey) şeirlər təqdim edir.

Şəhriyar del GERANİ

Oktyabr şeiri…

kəsib tullayasan qollarını da,
yetim saxlayasan qucaqlarını…
biryolluq hamıdan çıxıb gedəsən,
bir it qucaqlaya ayaqlarını...

ay ağac, yazıqsan – qış ağacısan,
bu bekar torpağın boş ağacısan,
bilsəydim anamın baş ağacısan,
o vaxt sındırmazdım budaqlarını...

qırmızı kəndirdə boynun dincələ,
ölüm də gələndə gülərüz gələ,
bir gün uzaqlardan bir payız gələ,
deyə ki, qaytarın yarpaqlarımı!


***
sən axı bilmirsən
üzünnən iraq –
it kimi darıxmağ nə təhər olur...
sən axı bilmirsən
sənin yoxluğun
hamıdan, hər şeydən
beş-betər olur.
sən axı bilmirsən
əlim qurusun –
sənə açmadığım zəng zəhər olur...
günəş zəhər olur
gün zəhər olur,
yağış zəhər olur
yol zəhər olur,
bir qurtum araqla
bir siqaretlə
uzanır gecələr
taa... səhər olur...
sən axı bilmirsən
hardan biləsən
üzünnən iraq –
it kimi darıxmaq nə təhər olur...


***
Nəfs evində qul olanın tamahı daşdan keçər.
Sabahına gün ağlayar, şah üçün başdan keçər.
Oğul, hər yoldan ötəni quyuya sallamazlar,
Küsmə, nə olsun, qardaşın işi qardaşdan keçər.

Gövhərini canan üçün xərc eyləyən ac olmaz,
Zər qədrini bilən bilir, zərgər ehtiyac olmaz.
Haqq yolun tutub getməsən, Zöhrədən əlac olmaz,
Karvanqıran müsibəti səhər o başdan keçər.

Fəsli-güldə suyun eşqi əhdi yardan eyləməz,
Şair olan Haqqı tanır, mədhi yardan eyləməz.
Hal bilənlər heç bi dərdi Şəhriyardan eyləməz
Güzgülənib canım içrə gözümdə yaşdan keçər...


QİSMƏT

***
Əvvəlcə axşam düşər, sonra mənim ürəyim...
Küləklər dənizlərin üzünü qırışdırar.
Qapını cırmaqlayar səni görmək istəyim,
Səbrimin pişiyini divara dırmaşdırar.

Əllərimi yandırar soyuq, quru fotolar
Axtararam, tapmaram otağımda ölməyi...
Külqabıda dəfn olar siqaretlər, qutular,
Qədəhlərə boşalar şüşələrin ürəyi.

Mən bu sevgi testini istəmirəm yoxlayım,
Qorxuram üç doğrunu silər yanlışın biri.
Başın çiynimdə yoxdu, səni necə qoxlayım?
Əllərimdə darıxır əllərinin boş yeri...

Mən bir az öz-özümdən, bir az səndən gedirəm
Mən hamıdan gedirəm gəlib sənə çıxmağa...
Hər səhər darıxmağı parça-parça edirəm,
Hər gecə qandallanır ürəyim darıxmağa...
əvvəlcə axşam düşür, sonra mənim ürəyim...


***
Daha son ümidə ümid qalmayıb,
Qalsa yollarına baxardım, olmur...
Soyuq əllərimi üzük yerinə,
Qaynar əllərinə taxardım, olmur...

Yanında, elə bil, yersiz qonağam,
Mən sənə günaham, suçam, yasağam.
Sən güllə deyilsən, mənsə qorxağam...
Səni öz başıma sıxardım, olmur...

Neyləyək olmadı, çatmadı gücüm,
Elə bil, tutmadı bürcünlə bürcüm.
Səni ürəyimdən çıxarmaq üçün,
Gərək ürəyimi çıxardım, olmur...


***
Səndən xəbərsizcə mənim gözlərim,
Səni sizə qədər ötürdü, gəldi.
Səni qabaqlayıb ayaq izlərim,
Sizdən gözlərini götürdü, gəldi.

Düşdü aralığa tətil- ayrılıq,
Dinamit ucunda fitil- ayrılıq,
Səssiz tapançayla qatil- ayrılıq,
Ümidin işini bitirdi, gəldi.

Mən cavan, can vərən ümüdüm qoca...
Bir dostdan bir ümüd istədim borca.
Tutdum ayrılığı döydüm yaxşıca,
Getdi böyüyünü gətirdi, gəldi.


Aqşin YENİSEY

Sənə məktub yazıram

Sənə məktub yazıram
Yazıram ki,
bağışla...
Burda hava pis keçir
Ara vermir yağışlar

Tək yatıb tək durmaqdan
Bezdirmişəm otağı
Bilirsən...
pinti olur
Yalqızların yatağı

Yalqızlar az yuyunur
Gəlir yalqızlardan iy
Çayları soyuq olur
Yeməkləri alaçiy

Çirkli ayaqqabılar...
Dibi yanmış qazança...
Bir qırıq da ümid var
...qayıdacaq haçansa...

Yalqız sabaha baxmır
Arzulayır keçmişi
Çox miskin mənzərədir
Ev yığışdıran kişi

Hələ bunun gecələr
içib ağlamağı var,
saçın daramamağı
saqqal saxlamağı var

Üstəgəl pəncərədən
Gözünü yola dikmək
Gəlməyini gözləmək
Qadın həsrəti çəkmək

Dərd ağır, hava da pis
Ara vermir yağışlar
Sənə məktub yazıram
Yazıram ki,
Bağışla...

Gedək, içək

Bu sevgim də daşa dəydi
Bəxtəvər daşın başına.

Qarımış göy üzü kimi
Asta-asta qar yağıram
sağ əlim qışın başına.

Daha dostlar da qocalıb
Mənim Parisim dağılıb
Bütün səfillər yığılıb
Yenə Qavroşun başına.

Bəs o kimdi göydən baxdı
Baxdı...baxdı... yoxa çıxdı.
Bir şimşək də güllə çaxdı
Yağan yağışın başına.

Bu sevgim də daşa dəydi
Daş düşsün daşın başına!


***
Demə, insan görkəmində,
Özümüzə qorxuymuşuq.
Biz ən böyük qorxumuzun
Adını Allah qoymuşuq.

Birimizin ömrü gödək,
Birimizin bəxti qırıq.
Biz Allahdan qorxa-qorxa,
Qorxumuza sığınırıq.

Elə ki tək qalır insan,
Ömür, gün düyünə düşür.
Hamı Allahın altında,
Allahın üstünə düşür.

Qeyd: Fotoda soldan sağa Şəhriyar del Gerani, Qismət, Aqşin Yenisey

Tural Adışirinin təqdimatında..


Baxış sayı - 697 | Yüklənmə tarixi: 23.11.2025 20:17
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031