Tatar şairinin kitabı Bakıda işıq üzü görüb

Tatarıstanın tanınmış şairi, publisisti və filoloq-alimi Lenar Şeyxin “İsti ürək, buzlu yol…” adlı yeni poetik toplusu Bakıda çap olunub.
Kitab Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) ilə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB) birgə layihəsi əsasında nəşr olunub.
Bu nəşr Lenar Şeyxin Azərbaycanda çıxan ilk kitabıdır və çağdaş tatar poeziyasının ruhunu, lirizmini, milli yaddaşını oxuculara təqdim edir.
Bu barədə MANERA.AZ-a kitabın layihə rəhbəri, redaktoru və “Ön söz” müəllifi Əkbər Qoşalı məlumat verib.
Bildirib ki, kitabda sevgi, gənclik duyğuları, vətəndaş səsi, həmçinin Türk dünyasının ortaq ağrıları və ümidləri poetik dillə ifadə olunur.
Layihənin məsləhətçiləri İsmət Orucəliyev və Arzu Bağırova, rəyçisi İntiqam Yaşar, koordinatoru Nilufər Lətif Abbasdır. Şeirləri dilimizə tatarca və ruscadan Afaq Şıxlı və Əhməd Şəfəqli uyğunlaşdırıb, illüstrasiyaları isə tatar rəssamı Rüstəm Həbibullin çəkib.
Topludakı şeirlər içində “Dan qızına”, “Bir isti söz…”, “Oyan, tatar!..”, “Ey Krım!”, “Təkər”, “Göy yasəmən”, “Qara yorğa at verin…”, “Payız” kimi örnəklər özəlliklə diqqət çəkir. Kitab həm gənclik romantizmini, həm milli özünüdərk çağırışlarını, həm də insan ruhunun incəliklərini poetik şəkildə birləşdirir.
Nəşr həm Azərbaycan–Tatarıstan ədəbi bağlarına, həm də ümumtürk mədəni inteqrasiyasına daha bir uğurlu töhfədir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.