manera.az
manera.az

Ölüm də sevgi kimi gəlir - Əlisəmid Kürün şeirləri

Ölüm də sevgi kimi gəlir - Əlisəmid Kürün şeirləri
Çağdaş poeziyamızın tanınmış nümayəndələrindən olan Əlisəmid Kür vəfat edib. MANERA.AZ şairə Allahdan rəhmət diləyir, seçmə şeirlərini oxuculara təqdim edir.

ÖLÜM DƏ SEVGİ KİMİ GƏLİR

Ölüm də sevgi kimi gəlir -
Özü öz gözünü qapayanlar
bunu yaxşı bilir.

Güzgü tut üzünə ölən insanın -
nəfəsi kəsildikcə güzgüdəki əksi yoxa çıxacaq.
Qurumaz göz yaşları endirməsələr kirpiklərimizi.
Çiçəkləyə-çiçəkləyə axar göz yaşı,
sinəmizdəki sevgi qurumayınca.

Ölüm göz yaşına toxuna bilmir,
güzgü tut üzünə ölən sevginin.
Torpağa dönəcəyim yer
hələ dincəlir.
Nə sevgimi duydun,
Nə ölümümü biləcəksən.
Güzgü tut üzünə ölən sevginin,
Ölüm də sevgi kimi gəlir.

ADAM CİBİNDƏN ÜŞÜYƏR

Nə baxırsan yoxsul bəyə,
Nə gülürsən bu kişiyə?!.
Ağac içindən oyular, –
Adam cibindən üşüyər…

Pul əl çirkidi… Yalandı.
Malın verən canın verər.
Ağac içindən sıyrılar,
Adam canından çürüyər.

Kasıb qəribdi Vətəndə, –
Qalıb yollarda tövşüyər.
Adam canından sıyrılar,
Adam cibindən üşüyər.

QAN-TƏR İÇİNDƏ

Əqrəbləri itmiş saat kimiyəm,
Vaxt ölür, çökür içimdə.
Cin çapmış at kimiyəm,
Qan-tər içindəyəm, anam,
Qan-tər içində.

Zaman dolaşıq nər qovğasında
Şeytan-mələk davasında
Ürəyim əlimdən gedir,
Çırpınır qollarım qoynumda,
Gecəm qan-tər içində,anam,
Günüm qan-tər içində.

Bu əlim, bu da lal dilim,
Sözü xəmir kimi yoğuran dilim,
Cadar-cadar, dilim-dilim
Söz əkib-becərən dilim,
Sözüm qan-tər içində, anam,
Dilim qan-tər içində,
Alnımın qırış yerindən
Taleyin çaparı keçir.
Bu yurdun süyər yerindən
Bir ölüm qatarı keçir,
Elim qan-tər içində, anam,
Obam qan-tər içində.

Toxdayıb, səbrimdən asıldım,
Buğlanıb, ruhumdan asıldım,
Can hamı, qəbrimə qısıldım,
Söndüm qan-tər içində, anam,
Öldüm qan-tər içində.

DƏNSİZ DƏYİRMAN DAŞLARI

Fırlanır dəyirman daşı
Baxıram, başım fırlanır.
Fırlanır dünya başıma
Torpağım, daşım fırlanır.

Saçı-saqqalı ağarmış
Sığal çəkmə alt daşına, üst daşına.
Un ələnmir üst-başına.
Dənsiz dəyirman daşları qəm ələyir,
Dərd üyüdür ömrün qışına.

Bu çərxi-dövran daşları
Dəyir, bir-birinə dəyir.
Dənsiz dəyirman daşları
Yeyir, bir-birini yeyir.
Acıdı dəyirman daşları
Dən gözləyir əvvəl-axır.
Tanrı dinmir, Tanrı susub
Çörəyimiz daşdan çıxır.

ALO, MƏN SƏNİ GÖRÜRƏM

Yuxarı mərtəbədən gələn mahnı
Ürəyimi göynədən vaxtda
əllərim qoynumda
uzanmışam çarpayıda.
Tavandan,divarlardan
Kədərli üzlər,
Dilxor maskalar asılır
Səni düşündükcə, qızım!
Hər oxunan nəğmə
Bir doğma anı yada salar,
Hər tanış səs bir doğma üzü
Canlandırar gözlərimizdə…
Telefon zəngi.
-Alo, Bakıyla danışın.
-Al-lo! Qızım, sənsənmi?!
-…
-Al-lo!
…2400 kilometrlik həsrətin içində
Qatar keçdi deyəsən.
Bir zahı bulud
Silkələdi telefon xətlərini.
Yüz saniyəlik sükutun arxasına
Sığdı bir insan ömrü.
-Alo! Alo!!
-A-ta! A-ta!
…Üzün yadımdan çıxır,
İlğım axır dalğa-dalğa
Yaddaşımın dörd olmuş gözündən.
Yuxu da yalanmış, fotoşəkil də yalan…
-Alo! Alo!
-Ata, məni eşidirsən?
-Al-lo, mən səni görürəm, qızım…

ADAMLAR DƏYİŞİR HAVALAR KİMİ

Çəkilib uzaqdan baxdım özümə, –
Gördüm görkəmim dəyişib,
Üst-başım tamam köhnəlib,
Dabanı yeyilib çəkmələrimin…

Tanrının gözünə dik baxdığımdan
Xəbərim olmayıb üzümə düşən qırışdan
Yaman inanmışam arvad sözünə:
«- Dağa bənzəyirsən sən bu duruşda».

Güzgüdə özünə baxıb göz vuran
O şux, o kür adam mən deyilmişəm.
Adamlar dəyişir havalar kimi
İlahi, mən niyə dəyişməmişəm?!

Dünyaya piyada gəlib-gedənlər
Odu eee… yanımdan atlanıb keçir.
Ürək qızdırdığım, çörək kəsdiyim
Qəfildən üstümdən atdanıb keçir.

Mən koram… Sən hara baxırsan, Tanrım!
Sənin də oyunun yamannan-yaman.
Haqqın tərəzisi qurulan vaxtı
Kiminə taxt verdin, kiminə palan.

Çəkilib uzaqdan özümə baxdım, –
bir də üzə gülüb,
arxamca daş atanlara…
Yol üstə ilantək qıvrılanlara…
Başımın üstündə qovğalar kimi
Bu yağış adamlar, külək adamlar –
Bu payız oğlanlar, bu qış gözəllər,
Bu külək oğlanlar, kələk oğlanlar,
Bu payız gözəllər, bu xəzəl qızlar,
Dayanıb yolumda qovğalar kimi, –
Adamlar dəyişir havalar kimi, –
Niyə dəyişmədin, Cəfərin oğlu?!

KENTAVR

Bir gecə vağzalın yanından keçəndə şəhərdə qəfildən işıqlar söndü.
Kürəyində yük daşıyan adamlar mənə KENTAVRLARI xatırlatdı…
Bir də qulaqlarıma at kişnərtisi gəldi…


Dərdin arxasınca dördnala çapan
Bədəni at, başı adam,
Bu yarıat, yarıadam
Qaçmağa hallı adam
hara gedir, Yaradan?!

Sözünün dalında dağ kimi durub,
Hər gün bir sevdayla döyüşə gedir.
Dalına atdığı şələyə baxmır.
Xəndəyə yıxılmır, tələyə baxmır,
Özüylə söyüşə-söyüşə gedir.

At kimi yeriyir qəmin üstünə
Çapır, dördnala çapır,
Hara gedir qəm gətirir
Bir gün çörək tapır,
bir gün də tapmır…

«Mersedes» gözəllər keçir yanından
Vaxtı yox onlara gözucu baxa.
Faytona qoşulmuş ata boylanır,
Bu yarıat, yarıadama
ana boylanır
ata boylanır.

Kentavr şəhərdən baş aça bilmir.
Dəyənək qorxusu çıxmır canından.
Bu köçkün kentavr,
qaçqın kentavr
Polisin əlindən qaça da bilmir.

Bu qovur, o qovur,
Göydə Allah qovur, yerdə bəndəsi
Kəpənək yuxusu qaçıb gözündən
Hələ kütə gedir onun kündəsi.
– Hara gedirsən, KENTAVR?
– Kimdən qaçrsan, KENTAVR?
Başın bədənindən ayrı,
Bədənin başından ayrı,
Özün-özündən qaçırsan,
Gedirsən qəmin üstünə
söyüşə-söyüşə,
Yaşamaqçün, ölməməkçün
Atlar örüşə gedir,
Kentavrlar – döyüşə!

Tural Adışirinin təqdimatında..


Baxış sayı - 665 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI