Nəsimi festivalının açılışı oldu - Fotolar
Sentyabrın 23-də Heydər Əliyev Mərkəzində 3-cü Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalının açılışı olub.
MANERA.AZ xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə keçirilən festival “Əbədi həqiqət axtarışında” mövzusunda beynəlxalq forumla işinə başlayıb.
Forumda Azərbaycanla yanaşı, Almaniya, İran, İraq, Kanada, Qazaxıstan, Oman, Özbəkistan, Pakistan, Şimali Kipr, Tacikistan, Türkiyədən alimlər iştirak ediblər.
Forum işini panel sessiyalarla davam etdirəcək.
Qeyd edək ki, üç gün ərzində Bakı və Şamaxıda keçiriləcək festival zəngin proqramı ilə diqqəti cəlb edir. Festival çərçivəsində Nəsimi yaradıcılığına dair müzakirələr, sərgilər, musiqi təqdimatları təşkil olunacaq, tamaşaların nümayişi keçiriləcək.
Festivalın ikinci günü Şamaxıda – Nəsiminin doğma diyarında baş tutacaq. Nəsimi Bağları Kompleksində təşkil ediləcək festival bu ərazinin müxtəlif məkanlarını əhatə edəcək. Burada tanınmış və sevilən xanəndələr, vokalçılar, qiraətçilərin iştirakı ilə Nəsimi yaradıcılığına həsr olunan bədii proqram, açıq səma altında “Multidisiplinar İncəsənət Festivalı”, bədii konsert proqramı təqdim ediləcək.
Nəsimi festivalı 2018-ci ildən təşkil olunur. Bu ildən isə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO Nəsimi festivalının tərəfdaşı olub.