Bizi dərdə salan dünya - Məhəmmədhüseyn Şəhriyarın şeirləri

31 iyul Azərbaycanın böyük şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 119-cu ildönümüdür.
MANERA.AZ bu münasibətlə görkəmli şairin seçmə şeirlərini oxuculara təqdim edir.
AZƏRBAYCAN
Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan,
Xoş günlərin getməz müdam xəyalımdan Azərbaycan.
Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan.
Bütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə,
Abad olub, azad olub, mülkü-İran, Azərbaycan.
Bisütuni-İnqilabda Şirin-Vətən üçün Fərhad,
Külüng vurmuş öz başına zaman-zaman Azərbaycan.
Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
Ustadımız demiş heçdir vətənsiz can, Azərbaycan.
Qurtarmaqçün zalımların əlindən Rəy şümşadını,
Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan.
Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin,
Qolu bağlı qalacaqdır nə vaxtacan Azərbaycan.
İgidlərin İran üçün şəhid olmuş, əvəzində,
Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan.
Evladların nə vaxtadək tərki-vətən olacaqdır,
Əl-ələ ver, üsyan eylə, oyan oyan Azərbaycan.
Yetər fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa, Ya azad ol, ya tamam yan, Azərbaycan.
Şəhriyarın ürəyi də səninki tək yaralıdır,
Azadlıqdır sənə məlhəm, mənə dərman, Azərbaycan.
BEHCƏTABAD XATİRƏSİ
Ulduz sayaraq gözləmişəm hər gecə yarı,
Gec gəlmədədir yar, yenə olmuş gecə yarı.
Gözlər asılı, yox nə qaraltı, nə də bir səs,
Batmış qulağım, gör nə döşürməkdədi darı.
Bir quş: "Ayığam!"- söyləyərək, gahdan inildər,
Gahdan onu da, yel deyə laylay, huş aparı.
Yatmış hamı, bir Allah oyaqdı, daha bir mən,
Məndən aşağı kimsə yox, ondan da yuxarı.
Qorxum budu, yar gəlməyə, birdən yarıla sübh,
Bağrım yarılır, sübhüm, açılma, səni tarı!
Dan ulduzu istər çıxa, göz yalvarı çıxma!..
O çıxmasa da ulduzumun yoxdu çıxarı.
Gəlməz, tanıram bəxtimi, indi ağarar sübh,
Qaş böylə ağardıqca, daha baş da ağarı.
Eşqin ki qərarında vəfa olmayacaqmış,
Bilməm ki təbiət niyə qoymuş bu qərarı?
Sanki xoruzun son banı xəncərdi, soxuldu,
Sinəmdə ürək varsa, kəsib qırdı damarı.
Rişxəndilə qırcandı səhər, söylədi durma,
Can qorxusu var eşqin, uduzdun bu qumarı,
Oldum qaragün ayrılalı o sarı teldən,
Bunca qara günlərdi edən rəngimi sarı.
Göz yaşları hər yerdən axarsa, məni tuşlar,
Dəryaya baxar, bəllidi, çayların axarı.
Əzbəs məni yapraq kimi hicranla saraldıb,
Baxsan üzünə, sanki qızılgüldi qızarı.
Mehrabi-şəfəqdə özümü səcdədə gördüm,
Qan içrə qəmim yox, üzüm olsun sənə sarı.
Eşqi var idi Şəhriyarın güllü-çiçəkli,
Əfsus ki, qəza vurdu, xəzan oldu baharı.
GETMƏ, TƏRSA BALASI
"İzn ver toy gecəsi mən də sənə dayə gəlim,
Əl qatanda sənə məşşatə təmaşayə gəlim".
Sən bu məhtab gecəsi seyrə çıxan bir sərv ol,
İzn ver, mən də dalınca sürünüb sayə gəlim.
Mənə də baxdın o şəhla gözülən, mən qaragün
Cürətim olmadı bir kəlmə təmnnayə gəlim.
Mən cəhənnəmdə də baş yastığa qoysam sənlə,
Heç ayılmam ki, durub cənnəti-məvayə gəlim.
Nənə qanında da sənlə əkiz olsaydım mən,
İstəməzdim doğulub bir bu dünyaya gəlim.
Sən yatıb cənnəti röyada görəndə gecələr,
Mən də cənnətdə quş ollam ki, o röyayə gəlim.
Qıtlıq illər yağışıtək quruyub göz yaşımız,
Kuyi-eşqində gərək bir də müsəllayə gəlim.
Sən də səhrayə marallar kimi bir çıx, nolu ki,
Mən də bir seyrə çıxanlar kimi səhrayə gəlim.
Allahından sən əgər qorxmayıb olsan tərsa,
Qorxuram mən də dönüb dini-Məsihayə gəlim.
Şeyx Sonan kimi donquz otarıb illərcə,
Səni bir görmək üçün məbədi-tərsayə gəlim.
Yox, sənəm! Anlamadım, anlamadım, haşa mən
Buraxım məscidimi, sənlə kəlisayə gəlim!
Gəl çıxaq Turi-təcəllayə, sən ol cilvəyi-tur,
Mən də Musa kimi, ol Tura təcəllayə gəlim.
Şirdir Şəhriyarın şeri, əlində şəmşir,
Kim deyər mən belə bir şir ilə dəvayə gəlim?
TÜRKÜN DİLİ
Türkün dilitək sevgili, istəkli dil olmaz,
Ayrı dilə qatsan bu əsil dil əsil olmaz.
Öz ləfzini farsa, ərəbə qatmasa şair,
Şerin oxuyanlar, eşidənlər kəsil olmaz,
Şerin gərək ehsas ilə riqqətlə qanşsın,
Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz.
Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı,
Bir dəfə bunu anla, ipəkdən qəzil olmaz.
Ötməz, oxumaz bülbülü salsan qəfəs içrə,
Dağ-daşda doğulmuş dəli ceyran həmil olmaz.
Sözlər də cəvahir kimidir, əsli bədəldən
Təşxis verən olsa, bu qədər zir-zibil olmaz.
Sağ gündə dolar taxta-tabaq ədviyə ilə,
Onda ki, nənəm sancılanar, zəncəfil olmaz.
Şair ola bilməzsən, anan doğmasa şair,
Missən, a balam, hər sarıköynək qızıl olmaz.
Çox da ki, Sərabın suyu var, yağ, balı vardır,
Başı ərşə də çatdırsa, Sərab Ərdəbil olmaz.
İnsan odu, tutsun bu zəlil xalqın əlindən,
Allahı sevərsənsə, bu insan zəlil olmaz.
Millət qəmi olsa, bu cocuqlar çöpə dönməz,
Ərbablarımızdan da qarınlar təbil olmaz.
Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı,
Bir dəfə bunu qan ki, ipəkdən qəzil olmaz.
Düz vaxtda dolar taxta-tabaq ədviyyə ilə,
Onda ki nənəm sancılanar, zəncəfil olmaz.
Fars şairi çox sözlərini bizdən aparmış,
Sabir kimi bir süfrəli şair pəxil olmaz.
Türkün məsəli, folkloru dünyada təkdi,
Xan yorğanı kənd içrə, məsəldir, mitil olmaz.
Bu Şəhriyarın təbi kimi çimməli çeşmə
Kövsər ola bilsə, demirəm, Səlsəbil olmaz.
YAR QASİDİ
Sən yarımın qasidisən,
Əylən, sənə çay demişəm.
Xəyalını göndəribdi
Bəski mən ax-vay demişəm.
Ax! Gecələr yatmamışam,
Mən sənə lay-lay demişəm.
Sən yatalı, mən gözümə
Ulduzları say demişəm.
Hər kəs sənə "ulduz" deyə,
Özüm sənə "ay" demişəm.
Səndən sora həyata mən
Şirindisə, zay demişəm.
Hər gözəldən bir gül alıb,
Sən gözələ pay demişəm.
Sənin gün tək batmağıvı
Ay batana tay demişəm.
İndi yaya qış deyirəm,
Sabiq qışa yay demişəm.
Gah toyuvu yada salıb,
Mən dəli nay-nay demişəm.
Sonra yenə yasa,batıb
Ağları hay-hay demişəm!
Ətək dolu dərya kimi,
Göz yaşıma çay demişəm.
Ömrə, sürən mən qaragün
Ax demişəm, vay demişəm!
YALAN DÜNYA
Bu dünya fanidir, fani,
Bu dünyada qalan hanı?
Davud oğlu Süleymanı
Təxt üstündən salan dünya.
Sənin bəhrən yeyən kimdir?
Kiminkisən? Yeyən kimdir?
Sənə doğru deyən kimdir?
“Yalan dünya, yalan dünya!”
Səni fərzanələr atdı,
Qapıb divanələr tutdu,
Kimi aldı, kimi satdı,
Satan dünya, alan dünya,
Atı əzəl dağa saldıq,
Yorulduqca dala qaldıq.
Atı satdıq, ulaq aldıq,
Yəhər oldu palan, dünya.
Çatıb səndən keçən keçdi,
Əcəl camın içən keçdi,
Olan-oldu, keçən-keçdi,
Nə istirdin alan dünya.
Boğulaydın doğan yerdə,
Doğub, xalqı boğan yerdə,
Oğul nəşin olan yerdə
Ana zülfün yolan dünya.
Qazanıb, hey talanıbsan,
Qalanıb hey calanıbsan,
Əzəldən çalxalanıbsan,
Yenə də çalxalan, dünya!
Nənə qarnı ilk beşiyin,
Qəbristanlıq sən deşiyin.
Nə içərin, nə eşiyin,
Qaranlıq bir dalan dünya.
Səni bayquşlar alqışlar,
Dəli viranəni xoşlar.
Dolan əqlə səni boşlar,
İçi boşla dolan dünya.
Sənə Qarunlar allandı,
Qızıldan təlli qallandı,
Batıb zülmatə quylandı,
Ölüb təlli qalan dünya.
Ocaq ikən sönəymişsən,
Çanaq ikən çönəymişsən,
Nə pis qan nənəymişsən
Nağıl! Yalan-palan dünya.
Biri ayna, biri pasdır,
Biri aydın, biri kasdır,
Gecə toydur, səhər yasdır,
Gül içində solan dünya.
İgidlərin başın yeyən,
Qocalar bozbaşın yeyən,
Qəbirlərin daşın yeyən,
Özü yenə qalan dünya!
Nə qandın, kim gül əkəndir?
Kim qılınc tək qan tökəndir?
Teymur hələ kürəkəndir,
Çingiz canın alan dünya.
Yaman qurğu, yıxılaydın!
Tufanlarda boğulaydın!
Noleydi bir dağılaydın,
Bizi dərdə salan dünya.
Tural Adışirinin təqdimatında...
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.