manera.az
manera.az

Eşqi var idi Şəhriyarın... - ŞEİR

📅 18.09.2020 10:36

Eşqi var idi Şəhriyarın... - ŞEİR
MANERA.AZ böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın məşhur "Behcətabad xatirəsi" qəzəlini təqdim edir:

Ulduz sayaraq gözləmişəm hər gecə yarı,
Gec gəlmədədir yar yenə, olmuş gecə yarı

Gözlər asılı, yox nə qaraltı, nə də bir səs,
Batmış qulağım gör nə döşürməkdədi darı

Bir quş : “Ayığam”-söyləyərək gahdan inildər,
Gahdan onu day yel deyə laylay huş aparır

Yatmış hamı, bir Allah oyaqdı, daha bir mən
Məndən aşağı kimsə yox, ondan da yuxarı

Qorxum budu, yar gəlməyə birdən yarıla sübh,
Bağrım yarılar, sübhüm, açılma səni Tarı!

Dan ulduzu istər çıxa, göz yalvarır, çıxma
O çıxmasa da ulduzumun yoxdur çıxarı

Gəlməz, tanıram bəxtimi, indi ağarar sübh,
Qaş beylə ağardıqca, daha baş da ağarı

Eşqin ki, qərarında vəfa olmayacaqmış,
Bilməm ki, təbiət niyə qoymuş bu qərarı?

Sanki xoruzun son banı xəncərdi soxuldu,
Sinəmdə ürək varsa, kəsib qırdı damarı.

Rişxəndilə qırcandı səhər, söylədi:-Durma,
Can qorxusu var eşqin, ulduzun bu qumarı

Oldum qaragün ayrıları o sarı teldən,
Bunca qara günlərdir edən rəngimi sarı.

Göz yaşları hər yerdən axarsa, məni tuşlar,
Dəryaya baxar, bəllidi, çayların axarı.

Əzbəs məni yarpaq kimi hicranla saraldıb,
Baxsan üzünə, sanki qızılgüldü, qızarı.

Mehrabi-şəfəqdə özümü səcdədə gördüm,
Qan içrə qəmim yox, üzüm olsun sənə sarı.

Eşqi var idi Şəhriyarın güllü, çiçəkli,
Əfsus, qara yel əsdi, xəzan oldu baharı.


Baxış sayı - 10 941 | Yüklənmə tarixi: 18.09.2020 10:36
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031