manera.az
manera.az

Özbəkistan universitetində Azərbaycan dili tədris olunacaq

📅 22.05.2025 16:17

Özbəkistan universitetində Azərbaycan dili tədris olunacaq
Özbəkistandakı səfirliyimizin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Kokand Dövlət Universiteti ilə həmkarlıq çərçivəsində növbəti tədris ilindən etibarən sözügedən ali təhsil müəssisəsində Azərbaycan dilinin tədrisi təşkil ediləcək.

Bu barədə MANERA.AZ-a Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ilə Kokand Dövlət Universitetinin rektoru Dilnoza Xocayeva arasında keçirilən görüşdə razılığa gəlinib.

Görüş əsnasında Özbəkistanda Azərbaycan mədəniyyətinin təbliği sahəsində sözügedən universitetlə əməkdaşlıq məsələləri müzakirə edilib. Müzakirələr zamanı Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təklifi ilə Kokand Dövlət Universitetində Azərbaycan dilinin, ədəbiyyatının və tarixinin tədrisi məsələsi irəli sürülüb və bu təklif universitet rəhbərliyi tərəfindən müsbət qarşılanıb.

Təklifə əsasən bu ilin sentyabr ayından etibarən Kokand Dövlət Universitetində ilkin olaraq Azərbaycan dilinin tədrisinə başlanılması razılığı əldə edilib və mühazirələr universitetdə yeni yaradılmış Seyid Əzim Şirvani adına Azərbaycanşünaslıq mərkəzində aparılacaq.

Məlumat üçün bildirmək istəyirik ki, Özbəkistanın köklü ali təhsil ocaqlarından biri hesab edilən Kokand Dövlət Universiteti 1930-ci ildə yaradılıb və Fərqanə vilayətinin aparıcı ali təhsil ocaqlarından biridir. Universitetdə 20 mindən çox tələbə təhsil alır.


Baxış sayı - 261 | Yüklənmə tarixi: 22.05.2025 16:17
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031