manera.az
manera.az

Pəncərədə pişik - Hafiz Ataxanlının hekayəsi

Pəncərədə pişik - Hafiz Ataxanlının hekayəsi
Dan yeri sökülürdü. Borudan su elə fışqırdı ki, yalan olmasın, adamın başını yarardı. İman kişinin dəstamazdan ötrü kranın altına sarı uzanan əlləri üşüdü. Amma bu hal çox çəkməyəcəkdi. Çünki bir azdan günəş Ağabalagilin məhləsindəki 12 mərtəbənin arxasından boylanacaqdı.

Vaxt o vaxt idi ki, artıq Ağabala kişi acqarına üçüncü “Astra”nı yandırıb qoymuşdu damağına və evin qabağında min bir əziyyətlə qoruduğu bağçada ondan 20 yaş balaca əncir ağacına baxıb, Allahın nemətinə şükür eləyirdi. Onunla üzbəüz həyət evində Sarıgül arvadın nəvəsi – mamaçanın əlindən təzəcə canını qurtarmış çağa cavan anasının döşlərini axtarırdı.

Gizlincə bu mənzərəyə göz qoyan Sarıgül xala düşünürdü: Allah, səni tanımayana lənət! Gör necə axtarır ey döşü?! Gəlin də biologiya müəlliməsi olduğundan bu dəmdə ağrını da, pay gözləyən mamaçanı da, abırı da unudub siftəsinin hərəkətinə göz qoyurdu və heyrətamiz instikti təhlil edirdi.

Uşağın atası dənizdə tor qurmuşdu. İki iri balıq düşdü tora. Çabalayıb-çabalayıb heydən düşdülər. Çağa doyunca anasının ürəyini çəkib dünyanı vecinə almadan mışıl-mışıl yatırdı. Evin qabağındakı iri dairədə Bəybalanın cinli oğlu Sərvər nol doqquzun bağrını yarırdı. Zalım oğlunun iti də özünə oxşayıb.

Fağır Zeytinin binəva pişiyini qatmışdı qabağına, sanki hündürlüyə tullanmaqdan zaçot götürürdü. Axır yazıq pişik özünü atdı məhlədə “Kar sənətkar” ayamasıynan tanınan qıyıqgöz rəssamın pəncərəsinə. Rəssam da belə birtəhər kişiydi. Heç nə xətrinə dəymirdi. İtin sözünü deyirdin, gülümsünürdü.

Karlığını üzünə vuranda da, qayıdırdı ki, qədeş, zəmanə korlanıb, bu dəqiqə üç kəlmənin ikisi söyüşdü, biri qeybət. Onu eşitməkdənsə, kar qalmaq daha sərfəlidir. Gözəl qadındı, deyirdi, az qalırsan ki, vurulasan, ağzını açır, görürsən ki, ifritədi. Ya da salidni kişidi, əməlli-başlı vücuddu, danışır, görürsən primitiv düşüncəlidi, cındırın biridi. Çox şey deyirdi, Allah haqqı yadımda deyil. Bir sözlə, deyirdi ki, fonoqramanı özüm verirəm, dinləməyə ehtiyacım yoxdur. Təki ağızlar açılıb- yumulsun.

Nəysə, qardaş, bu pişik ki, kar rəssamın pəncərəsinə tullandı və düz pəncərədə oturub yazıq-yazıq baxmağa başladı. Rəssam qımışdı “Pəncərədə pişik” düşünüb fırçanı götürdü. Bütün rəngləri qarışdırdı. Elə biləsən, rənglərin bolluğuna düşmüşdü. Amma, bir xeyli işləyib qara pərdəni qaldırdı. . . -

Dükandakı ətsatan kişi bığlarını eşib durmuşdu. Bir dənə də ceyran onunla qabaq-qənşər nazlanırdı. Sanki qız naz-qəmzənin bütün çalarlarını göstərmək müsaqibəsində iştirak edirdi. Və adama elə gəlirdi ki, kişi oxuyur: – -Ay qız, keçmə bizim məhlədən. Qız da cavabında qayıdır ki, bu nədi, alə, yekə kişisən? Bunlar him-cimdə olsunlar, sizə kimdən deyim, həmən çağadan.

Çağa yetkinlik yaşına doldu və geyinib-keçinmiş halda, gözəl- göyçək, centlemen bir oğlan kimi gəldi ki, şəxsiyyət vəsiqəsi üçün şəkil çəkdirsin.

Fotoqrafın siftəsiydi, deyə, əldən-ayaqdan getdi. Oğlan oturub gözlədi. Görünür, təmkinliydi. Amma, sən Allah, dünyanın işinə bax ey, şəkildə oğlan dilənçi kökündə, saçları və dişləri tökülmüş halda çıxdı. Oğlanın gözləri doldu, qəhərdən boğuldu, dəli bir istəklə anasının bətninə qayıtmaq istədi.

Təəssüf ki, gec idi. Çünki bu gün axşam küçədə soyuqdan və aclıqdan gəbərmiş dilənçi haqqında xəbər məhləyə yayılacaqdı. Hələ ki, pəncərəsi önündə qara pişik oturmuş rəssam rənglərlə oynayırdı. Onları bir-birinə qarışdırırdı, keçib pəncərədən üzüaşağı süzürdü. Və bu rənglər küçədən keçən insanların paltarına hopurdu. “Bu nədi, alə, yekə kişisən” deyib nazlanan qız da yuxarıdan süzülən rənglərdən canını qurtara bilmədi.

Qırmızı rəngi axa-axa ora-bura boylanıb xarici maşina oturdu. Sükan arxasında da kim ola? Qurumsaq ətsatan! Maşın futbol meydançasının yanından şütüyüb keçdi. Uşaqların ayağından ora-bura vurulub pis günə düşmüş ağ topu görəndə qızın əti çimçəşdi. Yanğın təhlükəsizliyi maşınları ətsatanın maşınını ötdü. Allah bilir, neçə saat keçmişdi. Ətsatan məzələnə-məzələnə paltarını geyindi. Ləzzətlə gərnəşib siqaret yandırdı. Sonra kişi-kişi qıza baxdı.

Guya dinmədi, sadəcə, gülümsədi. Amma bir yandan adama elə gəlirdi ki, ürəyində bunları deyir: “Ay qız, gözünün qorasını tökmə. Nə vaxt xətrinə havayı ət düşsə, gəl dükana”. Qız hıçqıra-hıçqıra köynəyinin yaxasını düymələdi. Çiynini ata-ata gəlib pəncərədən aşağı boylandı ki, görsün, bura haradı?

Tanıya bilmədi. Yanğın söndürənlər yellənə-yellənə geri qayıdırdılar. Küçədən keçən dəlini tanıdı. Bu, onların məhələsinin dəlisiydi. Allahın var günündə əlində iri yarpaq şəhəri ayağının altına salıb tapdayırdı. Soruşana da deyirdi, qardaş, kölgə axtarıram, nağayrım, Allah heç kəsi kölgəsiz eləməsin. İndi də dəlibala gəlib durdu pəncərənin altında. Qız yenə də öz faciəsini xatırladı. Hıçqıra-hıçqıra barmağındakı nişan üzüyünə baxdı. Qeyri-iradi üzüyü dartıb çıxartdı. Xeyli baxdı, baxdı, ağladı.

Ətsatan mobil telefonda danışırdı: həri, mənim toruma həmişə yağlı asatrin düşür. Bir az gözünün yaşını axıdacaq, sonra giriyəcək. Neyniyəsidir ki? Qız diksindi. Dönmək istəyəndə andır üzük düşdü barmağından. Dəli gədə havada tutdu üzüyü. Bir az orasına-burasına baxıb deyindi. -Əh, qızıl olsaydı, rast gəlməzdi. Sonra uzun pencəyinin cibindən quşvuran (raqatqa) çıxarıb üzüyü qoydu. Rezini dartdı. Rezin dartıldıqda vaxt ötdü, zaman keçdi.

Qız yenə ət dükanındaydı. Ağlayırdı, həm də qarnı burnundaydı. Adama elə gəlirdi ki, qız bu dəfə qarnına işarə edib oxuyur: -Bu nədi, alə, yekə kişisən? Ətsatan da sırtıq-sırtıq irişir: -Ay qız, gündə neçə dəfə məhlədən keçmək olar? Nəysə, axır ki, ətsatan deyinə-deyinə dükandan çıxdı. Oturdular maşına.

Abort eləyən həkim ərinə də maşın almışdı, qardaşlarına da oğlanlarına da. Oturub-durub ətsatan kişinin ata-anasına rəhmət oxuyurdu. Amma ətsatan bədbəxt özü cana yığılmışdı. Özünün balaca oxşarlarının əlindən yer tapmırdı qaçmağa. Hər gün neçə uşağı doğrayıb qarışdırırdı satdığı mal ətinə sırıyırdı camaata.

Bir də görürdün iki-üç gündən sonra özü sifətdə uşaqlar kliyentlərin əlindən tutub girdilər dükana. Hamısı da cinbala, haramzadə. Yazıq ətsatanın pulunu oğurlayırdılar, mobil telefonunu aparırdılar. Bürküdə “sərin limonad var, əmi” deyə qışqırırdılar bu it uşağı. Ətsatan bədbəxt də tamahsılanıb pul çıxarırdı, tələm-tələsik şüşəni çəkirdi başına.

Elə o dəqiqə də “toru” eləyib mal kimi böyürürdü: - Toru, qancıq uşağı, yenə aldadıb sidik içirtdilər. Üzük andıra qalasan, gəlib komisyonunun qarşısındakı iri güzgüyə nə təhər dəyəsən, güzgünü yeddi yerdən çatladasan. Sən öl, özüm ölüm mərc gəlsəydim, dəyməzdi biz heç millət də ölür də şəbədəyçün.

Deyirlər, guya qan yaddaşımızda meydan, şəbeh, şəbədə oyun elementləri çox olub. Ona görə də açığı camaatı qınamaq istəmirsən. Çatda əcaib, əyilmiş sifətlər əks olunduqca hır-hır güclənirdi. Gülməyən bir nəfərdi. Dünyanı otarmış ağsaqqal dayanmışdı qıraqda. Heykəlsayaq. Maddım-maddım baxırdı.

Atova lənət məni qınayan. Sən demə, ağsaqqal özü deyilmiş baxan. Mərmər daşındakı qara haşiyəli portretiymiş. Ə, vallah, özüm ölüm, adamın deməyə də dili gəlmir. Sonra qayıdacaqlar ki, ya başı xarabdı, ya da yuxusunu qarışdırır. Sən demə, heç başdaşı da deyilmiş. Nənniymiş bu. Şəkildəki kişi də ətsatanmış. Nənnini yelləyən nənə də həmin hamilə qızdı, başında qara yaylıq. Uşaq, yəni ətsatan gorbagor ağlayır, təmiz süd istəyir. Nənə döşünü çıxarıb sıxır, sıxır, qan çıxır.

Birdən qara pişik qəfil özünü tulladı nənənin üstünə. Cavan ətsatan oğlan and-aman eləyirdi, Allaha, Peyğəmbərə and içirdi ki, qardaş, vallah -billah, erkək ətidi. Tay o cür andın qabağında neyniyəsiyəm ki? İnandım. Yalansa, bunun atasına lənət. Əti alıb baxıram ki, erkəkliyi bildirən simvol saxtadı, qoyunun adi əzasındandır, tikib ətin üstünə.

Gələnə deyir ki, görürsənmi, erkək ətidi. Hay-küy salmaq istəyirdim ki, mənə ehtiyac qalmadı. Məhlədən ağlaşma səsi eşidildi. Dedilər kor rəssam ölüb. Bəs deməzsən, 40 günmüş qapını bağlayıb giribmiş evə. Dəhşətli bir əsər çəkib. Bu, o qədər dəhşətli olub ki, çəkdiyi gözündə canlaşıb və qorxudan ürəyi partlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031