Darıxmaq ağrısı... - Hekayə

Günel NATİQ
Gözlərinin ağı-qarası bircə oğullarını da qəzada itirəndən sonra darıxmaqdan başqa iş-gücləri qalmamışdı.
Qocanın da, qarının da olan-qalan hissləri ölmüşdü. Yanlarında olan, başlarını qatan yeganə hiss- darıxmaq idi.
Bu evin otaqları geniş, amma ruhsuz idi. Sanki bu evdə yaşayanların nəfəsi də gedib-gəlməyə ərinirdi.
Basırıq əşyalar, mebellər elə bil adamın üstünə yeriyir, “aparın bizi burdan” deyib yalvarırdılar. Genişliyinə görə məscidi xatırlatsa da, sanki Allah da yox idi bu evdə.
İş elə gətirmişdi ki, ev sahibəsi biş-düş, təmizlik və başqa evdarlıq işlərini yetərincə bilmirdi. Vaxtilə buna nə həvəsi olmuşdu, nə də məcburiyyəti.
Həftədə bir dəfə 40-45 yaşlı xidmətçi qadın gəlib evdə təmizlik işləri görür, bişirib-düşürüb gedirdi.
Bir həftəlik bişirilən xörəklər də darıxmağa məhkum idi; o xörəklər ki, qocayla qarının soyuducudan onları ağır-ağır çıxaracağını, darıxa-darıxa yeyəcəyini gözləyirdilər.
Alışdıqları kimi yox, bir başqa cür yemək heç ağıllarına da gəlmirdi.
-Birinci gün küftə yeyəcəyik, ikinci gün kələm dolması, üçüncü gün yarpaq dolması...
-Yarpaq dolmasını üçüncü gün yeyəcəyik?- kişi saxta həvəslə soruşurdu. Hər həftə eyni sualı verirdi.
-Üçüncü gün,- qarı qətiyyətlə deyirdi. Artıq qətiyyətini göstərməyə başqa bir meydan qalmamışdı.
Birinci gün küftə darıxırdı, ikinci gün yarpaq dolması, üçüncü gün kələm dolması... Qapısı güclə örtülən basırıq soyuducuda da, iştahaları çoxdan ölmüş qocayla qarının qabağındakı boşqabda da darıxırdılar. Elə darıxırdılar ki, tezcə yeyilmək və bu dünyadan baş götürüb getmək istəyirdilər.
Bu evin tənhalığı da həcmi kimi böyük idi. Ailədə elə üç nəfər olmağa adət etmişdilər. Kişi, qadın və yeganə övladları. Yalnız üçünün arzuları… üçünün sevincləri... üçünün qəm-ələmləri... İndiyə qədər heç kimi buraxmamışdılar həyatlarına. İndən sonra isə artıq heç kim gəlmirdi.
Bir dəfə qoca bir pişik tapdı həyətdən. Amma həmin gündən pişiyin günü göy düyünçəyə düyünləndi. O da onlar kimi darıxmağa məhkum idi.
Gəlib qocayla qarının qabağında quyruğunu oynadır, o tərəf bu tərəfə çevrilir, sonra öz mənasız meymunluğundan bezib həyatın reallığını anlayan kimi olur, tirtap yerə uzanırdı. Bezginliyi elə aydın hiss olunurdu ki, ikisi də baxa bilməyib üzünü yana çevirirdi.
Pişik pəncərənin qabağında durub saatlarla aşağı baxır, həyətin, digər pişiklərin iyini alırdı. Sonra başını pəncərənin qırağına qoyub elə oradaca yuxuya gedirdi, elə bil yuxusunda bu evdən qurtulduğunu görürdü.
Amma günlərin birində pişik darıxmağa elə nifrət etmişdi ki, onlarla bir yerdə darıxmağa dözə bilməmiş, özünü pəncərədən atmışdı.
Bu, bir pişik intiharıydı. Qocayla qarı “pişik həmişə dörd ayağı üstə düşür” deyiminin gücünə inanmaq istəmişdilər, ancaq pişik inanmaq istəməmişdi, ölməzdən qabaq özünü ölülüyə vurmuşdu. Sonra da doğrudan ölmüşdü. Bəlkə də onun üçün belə daha yaxşıydı.
Qocayla qarı yenidən ikilikdə darıxmağa üz qoymuşdular.
-Sarı oğlan gələcək ha. Darıxmağın ən dözülməz yerində kişi deyirdi.
Sarı oğlan kənd toyuğu gətirirdi, iki həftədə bir dəfə. Alış veriş vaxtı zarafata salıb nəsə deyir, qocayla qarını güldürürdü. Sarı oğlan onları sevdiyi üçün güldürmürdü, toyuqları satdığı üçün xoş söz deməyi özünə borc bilirdi. Amma onlar üçün fərqi yox idi, Sarı oğlan hansı niyyətlə bunu deyir. Əsas odur könülləri xoş olurdu. Sarı oğlan getdikdən sonra yenidən darıxmağa başlayır və onun yeni gəlişinə, zarafalarına hazırlaşırdılar.
-Sarı oğlan nə deyirdi?- kişi soruşurdu, bu sözdən sonra darıxmağın kəsafət iyi bir neçə anlığa, bəlkə daha çox müddətə çəkilib gedirdi.
-Hə, dedi ki, çil toyuqla qara toyuq əməlli dava ediblər- qarı yalandan həvəslənirdi.
-Gör ha- kişi özünü gülən kimi göstərirdi.
-Həə- qadın saxta coşqunluqla davam edirdi- Sarı da yamanca hirslənib, hər ikisini tutub kəsib.
-Ondan sonra da xoruz üstünə gəlib, xoruzlanıb,- kişi daha bir zəif cəhd edərək onu ruhlandırırdı.
-Hə-e... qarı öləziyən ümidlə başını tərpədirdi.
Sarı oğlanın növbəti gəlişinə qədər söz-söhbətləri ancaq bu mövzuda olurdu- qara toyuqla çil toyuğun dava eləməsi, Sarının acığa düşüb ikisini də kəsməsi, toyuqların intiqamını almaq üçün əjdaha kimi üstünə gələn xoruzla mücadilə etməsi…
Bəlkə də bunlar Sarının uydurmasıydı və çil toyuqla qara toyuq ömür billah onun hinində olmamışdı. Bəlkə də Sarı onları uşaq başı aldadan kimi aldatmışdı, indi də onlar uşaq kimi bir-birinin başını qatırdılar.
Dərd orası idi ki, bu iki adamın həyatda heç bir marağı yoxuydu, heç nədən zövq almırdılar, ətrafdakı təbii gözəllikləri görmürdülər. Nəinki insanları, heç təbiəti də sevmirdilər. Bəlkə əşyalarla deyil, təbiətlə, ağaclarla dost olsaydılar, bu qədər tənha olmazdılar.
Onların yeganə hobbisi əşya, daş-qaş alıb yığmaq idi, amma indi bunun da faydası yox idi. Əşyaların heç biri ona yiyə durmurdu. Halbuki vaxtilə qadın bütün ömrünü onlara həsr etmişdi, evi böyük-böyük mebellərlə doldurmuşdu, dəst-dəst paltarlar alıb dolablara yığmışdı, təsərrüfat əşyalarını on-on, beş-beş alıb şkaflara qoymuşdu- fərqi yoxdur, kimsə istifadə edəcək, ya yox. İndi o əşyalar da ev sahibləriylə bir yerdə darıxırdı.
Dolabların ən məhrəm yeri daş-qaşların ixtiyarında idi. Almazlar, brilyantlar, yaqutlar, firuzələr… Cürbəcür, növbənöv bəzək əşyaları… İllərlə ağzıqıfıllı şkafın içində, qaranlıq guşədə qalıb darıxan əşyaları kiminləsə bölüşmək ağıllarına da gəlməmişdi. Canlı insanlara verilməli dəyəri əşyalara vermişdilər. Sədd çəkmişdilər ailənin ətrafında. İndi özləri həmin səddin içərisində qalmışdılar.
-Sarı oğlan gələcək ha- qoca dilləndi.
Qarı fikirləşdi ki, bəlkə kiçik qaşlı çıqqılı üzüyü Sarının qızına hədiyyə versin- o, söz arası tək qızının bu günlərdə yeni yaşına girəcəyini demişdi.
Onsuz da Allah bilir kim yiyə duracaq bu dolu mənzilə. Əslində həmişə içində bir qorxu olmuşdu; bu mal-mülkün bir gün əlindən çıxacağı, heç oğluna da qismət olmayacağı qorxusu. İndi daha qorxmurdu. Bütün ömrü boyu ilan kimi boynuna dolanan qorxu oğlunun ölümündən sonra açılıb getmişdi. İndi ona əzab verən bütün hisslərdən qurtulmuşdu. İndi yalnız darıxırdı. Əzabla, ağrıyla darıxırdı.
Əvvəllər ər-arvad hər ikisi ticarət obyektində işləyirdi. Kişinin pul qazanmaq bacarığı, arvadın pul hərisliyi bir-birini tamamlayırdı. Bəlkə də ikisini birləşdirən ən böyük yol bu idi. Və sözsüz ki yeganə övladları.
Onları gələcəyə bağlayan yeganə bağ qırıldıqdan sonra sabaha gedən yol bağlanmışdı, keçmişə dönmək də mümkün deyildi, beləcə yer və göy arasında qalmışdılar.
Yeni mövzu olmadığına görə, danışmağa söz də yox idi. Televizora da baxmırdılar. Qarı sonuncu dəfə ana-bala ülfətinə dair bir kadr gördükdən sonra televizorun üzünü divara çevirmişdi. Kişi də razılaşmışdı. Hər dəfə analıq, atalıq hisslərinin bircə işartısını görmək keçmişi və yeganə oğullarını xatırlamağa və əzab çəkməyə kifayət edirdi. Onsuz da televizora baxanda da darıxırdılar. Çünki ordakı zamanla ayaqlaşa bilmirdilər. Yeganə övladlarını itirəndən bəri zamanı itirmişdilər.
Qarı düşündü ki, bugün ayın neçəsidir görən. Yadına sala bilmədi. Hansısa bir tarixçəni xatırlayıb ondan üzü bəri günləri hesablamaq istədi, amma elə bir tarixi günü yadına sala bilmədi. Yaxın vaxtlarda heç kimlə bağlı xatirəsi yox idi. Heç kimin ad gününü də bilmirdi. Canlı insanlarla əlaqəsi çoxdan kəsilmişdi. Əvəzində, əşyaların tarixçəsini əzbər bilirdi. Hansı üzüyü, hansı qolbağı, hansı yataq dəstini necə gördüyü, necə bəyəndiyi, necə aldığı. Şkafın hansı küncünə yığdığı...
Sonuncu dəfə qardaşıyla 15 il bundan qabaq görüşmüşdü. Onda qardaşı qapısına gəlmişdi. O da həvəssiz-həvəssiz onu içəri buraxıb gözləmişdi ki, görən nə vaxt sözünü deyib gedəcək. Saata baxmışdı, düz 15 dəqiqə idi ki, təlaşı üzündən oxunan bu adam (doğma qardaşı) divanla üzbəüz stulda oturub (divanda oturmağa ürək eləməmişdi) nəsə deməyə çalışırdı.
Yəqin ki, pul istəyəcəkdi. Qardaşı oğlunun xəstə olduğundan xəbəri vardı. Odur ki, tez özünün, oğlunun, ərinin problemlərini salmışdı araya. Saysız-hesabsız dərd-səri olduqlarını, nəinki müalicə, heç müayinə ola bilmədiklərini demiş, üstündən də yaxşıca öskürmüş, asqırmış, lap inandırıcı olsun deyə əlini ürəyinin üstünə qoyub ağlamsınmışdı.
Çox vaxt sağla solu səhv saldığından əvvəl əlini sağ tərəfə qoymuşdu, amma tezcə xətasını düzəltmişdi. (Ürəyi sağlam olduğundan heç vaxt ağrımamışdı ki, o da onun yerini hiss eləsin). Amma qardaşı bunun fərqinə varacaq halda deyildi. Avropada işləyən oğlu qəfil küçədə beyin qanaması keçirmişdi. Yaxşı ki, gec olmadan xəstəxanaya çatdırılmış, əcnəbi həkimlər küçədə tapılan bu qəribanı təcili əməliyyat edib həyata qaytarmışdılar.
Amma sonra şərt qoymuşdular ki, qohum-əqrabası xəstəni çıxarmazdan əvvəl xəstəxananın və dava-dərmanın pulunu ödəməlidir. Oğlan bir növ xəstəxanada girov qalmışdı. Amma həkimləri qınamalı da deyildi; hər halda öz borclarını yerinə yetirmişdilər, qəribanı ölümün əlindən aldıqdan sonra da taleyin ümidinə buraxmamış, günlərlə qayğısını çəkmişdilər.
Qardaşı heç ağzını açmamışdan qadın bütün bunların hamısını bilirdi- ordan-burdan eşitmişdi, qardaşının pul üçün onun üstünə gələcəyini də elə əvvəlcədən yəqin etmişdi. Ona görə hazır idi yalandan and-aman edib, ərini “öz əliylə qəbrə qoymağa”. Qardaş əli ətəyindən uzun durub gedəndən sonra da qadının nə vicdanı, nə əli-ayağı- heç yeri sızlamamışdı. Başını yastığa qoyub mışıl- mışıl yatmışdı. Qardaşı isə arvadıyla bir neçə qapı gəzmiş, axır ki, yəhudi qonşularından borc pul tapıb xaricə yollanmış, oğlanı sağ-salamat evə gətirmişdilər. Bunu eşitcək, tez telefon açıb qardaşına zəng etmiş, “kasıblığın üzü qara olsun, kömək edə bilmədim” deyə dil-ağız etmişdi. Amma qardaşı o gündən sonra onu həyatından kəsib atmışdı.
Bir dəfə də bacısı gəlmişdi. Banka borcu vardı, evini girov qoymuşdu. Növbəti kreditin ödənişi çətin vaxta düşmüşdü, lazım olan məbləği yalnız bir neçə günə əldə edə biləcəkdi, ev isə əldən çıxa bilərdi. Ümidi yalnız ona idi, ondan başqa heç bir doğmasında bu qədər pulu tapa bilməzdi. O isə tikan üstündə oturmuşdu, tərslikdən həmin gün görəcəyi vacib işi vardı. Bacısını qabaqlayıb, elə ağlaşma qurmuşdu ki, biçarə o gedən getmişdi.
O da bacısı gedən kimi tez durub mebel mağazasına zəng etmiş, “qonağım getdi, indi mebeli gətirə bilərsiz” deyə sifarişini tamamlamışdı. Bacısı bu qapıdan biryolluq çıxsa da əvəzində dəbdəbəli mebel dəsti içəri girmişdi.
İllər keçəndən sonra da həmin mebeli atmağa əli gəlməmişdi (hər halda bir ətək pul vermişdi), çoxsaylı otaqların birinə qoymuşdular. İnsan öz ailə üzvünü ata bilərmi? O da atmamışdı.
Oğlu öləndə də yanlarında bu mebellər vardı. Və özgə heç kim yoxdu.
Son vaxtlar ürəyi qardaşını da, bacısını da istəyirdi.
Və darıxırdı. Qəribə idi ki, insanlar üçün darıxırdı.
Qoca da canlı təmas üçün darıxırdı və indi, əlini ürəyinə aparanda sonuncu dəfə bunun fərqinə vardı.
-Sarı oğlan gələcək, e, Sarı oğlan...
Bu dəfə qarısının dediyi bu sözlər qocanı üz qoyduğu gedər-gəlməz yoldan qaytara bilmədi.
Qarı, ərinin cansız bədəninə baxıb ölümlə birgə darıxdı.
O özü öləndə isə ancaq ölüm darıxdı.
Çünki başqa heç kim qalmamışdı…
MANERA.AZ