Nə yaxşı, bir dərviş ömrü yaşadıq - Yeni şeirlər

MANERA.AZ Fəxri Müslümün yeni şeirlərini təqdim edir.
Yaşadar
Salam, yaz yağışı, salam, göy üzü,
Bu ömrü, bu günü nurun, yaşadar.
Nə yaxşı, ümidlər torpağa bağlı,
Göyərən zəmilər, barın, yaşadar.
Adamı yazağzı bağ-bağat çəkər,
Adamı yazağzı tər ovqat çəkər,
Bu eşqin, istəyin hər qatı çəkər,
Gülü puçur-puçur narın, yaşadar.
Kəsilməz ayağı suyun, selin də,
Şellənər dənizin, çayın, gölün də,
Zirvənin başında, dağın belində,
Xarlamış, tar olmuş qarın, yaşadar.
Xalıtək yamacdan gözlər güllənər,
Meh əsib keçdikcə üzlər güllənər,
Gecə, böcəklərdən şərqi yönlənər,
Adamı bir kövrək xoru, yaşadar.
Bilirəm kölgələr dərədən keçər,
Könlün də, körpüsü bərədən keçər,
Çiçək də, ətirdən, şirədən keçər,
Adamı bal üstə arın, yaşadar.
Şenlənər yurd yeri, şenlənər ellər,
Canlanar canda da arzu, diləklər,
Ocaq çıtır-çıtır, alov, millənər,
Adamı, ya közü, qoru, yaşadar.
Salam, yaz yağışı, salam, göy üzü,
Narın yağışınla, çənlə döy, üzü,
Çaşdırma gözümdə gecə, gündüzü,
Bu canı, bu ömrü yarı, yaşadar.
Salam, yaz yağışı, salam, göy üzü,
Bu ömrü, bu günü nurun, yaşadar.
Nə yaxşı, ümidlər torpağa bağlı,
Göyərən zəmilər, barın, yaşadar.
21.03.25
Hava sapı qaçmış paltar kimidi
Hava sapı qaçmış paltar kimidi,
Küləyin ağzında cındırı çıxır.
Bu keçən qaraçı köçümü belə?
Nə yaxşı, şaxtadan can diri çıxır.
Göylərin üzündə buludlar kövrək,
Kipriyi yaş üstə bir himə bənddi.
Bu dəli küləyin, yelin əlindən,
Ağlamaq bir telə, bir simə bənddi.
Yazağzı sopsoyuq qılınc kimidi,
Döyüş meydanında savaş axtarır.
Cibi mədəsitək boş olanlar da,
Künə bir kafedə bozbaş axtarır.
Sükuta qərq olub şəhər də, kənd də,
Yazın da ilk günü şəhidlə bitdi,
Namərdlik elədi dağların qarı,
Qışı da mərdimlə, igidlə bitdi.
Tanrıda, hörmətə, izzətə bir bax,
Bu hava “ Pasxanı” gözləyə gərək.
Əl qoya əkinə, tarlaya biraz,
Onların nazını izləyə gərək.
Yazın qaranquşu gecikir yenə,
Dağılmış yuvanın çöpü yellənir,
Küləyin ağzında, yelin ağzında,
Çarpaz bağlaması, ipi yellənir.
Yer var ki, göylərdən od-atəş yağır,
Yer də var, nə haqqı, düzü bilən döy.
Dünya da tərsinə dönmədən belə,
Bu köpək can verən, nə də, ölən döy.
Hava sapı qaçmış paltar kimidi,
Küləyin ağzında cındırı çıxır.
Bu keçən qaraçı köçümü belə?
Nə yaxşı, şaxtadan can diri çıxır.
23.03.25.
Çox tənha görünmə qızıl gül kolu.
Güllərin güldükcə əllər daradı,
Yarpağını bir-bir yellər daradı,
Yanı-yörəni də, bellər daradı,
Çox tənha görünmə qızıl gül kolu.
Ağac da adam tək, sirr verən olmur,
Böyründə-başında yer verən olmur,
Bu yaşıl kollar da bar verən olmur,
Çox tənha görünmə qızıl gül kolu.
Bir köynək vaxt qalıb bahara, yaza,
Ötüşər bu qış da, ötüşər qəza,
Nə qaldı sığala, nə qaldı naza,
Çox tənha görünmə qızıl gül kolu.
İndidən bülbüllər yola çıxacaq,
Ətrin nəfəsində bala, çıxacaq,
Kəpənək təptəzə xala çıxacaq,
Çox tənha görünmə qızıl gül kolu.
Danüzü eşqini şehə tutacaq,
Danüzü eşqini mehə tutracaq,
Canı şikəstədə neyə tutacaq,
Çox tənha görünmə qızıl gül kolu.
Ay sığal çəkəcək gecələr sənə,
Gündüz də, günəşin güləcək yenə,
Arıyla toy-düyün gələcək yenə,
Çox tənha görünmə qızıl gül kolu.
Gülün ulduz-ulduz, göz oxşayacaq,
Gözəl yanağını köz oxşayacaq,
Könlü də, şeirlə, söz oxşayacaq,
Çox tənha görünmə qızıl gül kolu.
Güllərin güldükcə əllər daradı,
Yarpağını bir-bir yellər daradı,
Yanı-yörəni də, bellər daradı,
Çox tənha görünmə qızıl gül kolu.
24.01.25.
Gəldi
Nə yaxşı, bir dərviş ömrü yaşadıq,
Görgötür, yovşanlı çöllərnən gəldi.
Vurulduq al-əlvan yamaca biraz,
Davası-dərmanı güllərnən gəldi.
Buluda qoşulduq, çənə qoşulduq,
Tarlada cücərən dənə qoşulduq,
Qürubda günəşə, günə qoşulduq,
Sədası gümüşü tellərnən gəldi.
Canı səma çəkdi, göyləri çəkdi,
Gizlin odaları, öyləri çəkdi,
Könülü şam kimi, ayları çəkdi,
Ruh da qanad açıb
Oxuyan küləknən, yellərnən gəldi.
Yörük türküləri kövrəltdi bizi,
Özə-özümüzə yönəltdi bizi,
Qurulan Turana dövr etdi bizi,
Nı yaxşı, bu karvan,
Ulu elatımnan, ellərnən gəldi.
Yer aldıq hər öndə, səfdə, durumda,
Dəyişdik zamanı yolda, yorumda,
Hər milli marşım da, milli xorum da,
Mənzilə, mənsəbə,
Bulaqtək qaynayan sellərnən gəldi.
Nə yaxşı, bir dərviş ömrü yaşadıq,
Görgötür, yovşanlı çöllərnən gəldi.
Vurulduq al-əlvan yamaca biraz,
Davası-dərmanı güllərnən gəldi.
09.01.25.
MANERA.AZ
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.