manera.az
manera.az

Söz çəkər göyə adamı - Şeirlər

📅 13.04.2020 16:48

Söz çəkər göyə adamı - Şeirlər

İslam Rzayevin şeirləri


İlan

Mənə yaşamağı öyrət -
Sal yanına balan kimi...
İlan adamtək yaşayır,
Sürünürəm ilan kimi...

Hər adamdan ilan olmaz,
Adam deyil adamçalar.
Məni heç vaxt ilan çalmaz,
Məni hər gün adam çalar...

Gözləri məndə qalan var –
Yatmayım, çimir eləyim.
Axı mənim də balam var –
Torpağı xəmir eləyim?!

...Düşmüşəm izinə sənin –
Sürünürəm balan kimi...
Arxamca balam sürünür,
Lap balaca ilan kimi!..


***
Ayağında çörək yoxsa,
Söyə-söyə yıxılarsan.
Ayağın yerdən üzülər –
Yerdən göyə yıxılarsan.

Şeir də çörək kimidi-
Şeir qaçar ayağından.
Sözü varağa çəkincə
Bu yer qaçar ayağından.

Söz çəkər göyə adamı,
Sözdən damar göyün damı.
– Yenə də yerdə deyilsən,
Xoş gördük, göyün adamı!..

Nə baha çıxdı bu bazar,
Naşısı içində azar.
Allah ayağıma yazar
Öz ayağındakı sözü...


***
Cümlə sonunda nöqtətək
sevgimiz axıra düşdü.
Səni gözlədiyim yolda
gözlərim çuxura düşdü.

Qapısı-bacası açıq,
ruhum... ar gəlir sənə.
Daha yuxuma girmirsən,
yuxum dar gəlir sənə?

Varaqlar üzümə ağ olur –
araya ağlıq düşüb.
Daha yastığın islanmır –
yaman quraqlıq düşüb...

Mənə ölməyi öyrətdin
bir aydan, bir ildən, qadın.
Hərdən yüz yol gündə məni
öldürüb-dirildən qadın!..


***
Qara torpaq – qara quşdu...
Gör necə bədən dənləyir!
Ac illər Anamı yeyir -
Ağ saçında dən dənləyir...

O qaçan qıza qoşulub,
Rəngim də qaçıb, deyəsən.
Qırmızı qanımı yeyir –
Ağ qanım acıb, deyəsən...

Göz yaşların duz kimidi,
Səp yaramın yarasına.
Qanım çiçəktək açılıb,
Gir qanımın arasına...

Bir misra yandırdım adına şamtək...

Qara kağız kimi yazılır gecə,
Ağ günlər yazılır qara qələmlə...
Ağ varaq üstündə qara gecənin
Qara saçlarını dara qələmlə...

Keçdiyim yollardan əvvəl dərd keçər,
Üzülər ürəyim, düşər axşamtək.
Sənsiz üşüyəndə durub hər gecə
Bir misra yandırdım adına şamtək...

Ömrü ağ ayırıb, qara hörən qız,
Ağ-qara günləri daraqdan keçir.
Mənim "ağ günümü" qara görən qız,
Ömrüm – qara qələm, varaqdan keçir...

O qızın göyündən yağışlar yağar...

Havalar soyudu aralar kimi –
Söz dönüb dilimin ucunda dondu.
Buludlar ağactək çiçəkləyəndə
Gözlərimin quşu yağışa qondu...

Alnımı söykədim göyün üzünə –
Yağışın səsini eşidim bir az.
Ömrün ortasında "üşüdüm" – dedin,
"Üşüdüm" sözündən üşüdüm bir az...

Arada tutular sevginin göyü,
Araya buz kimi baxışlar yağar.
O qızın göyündə buludlar dolar,
O qızın göyündən yağışlar yağar...

Bu yağış özünə yer tapa bilmir,
Bir də görərsən ki, qar olub dondu...
Buludlar ağactək çiçəkləyəndə
Gözlərimin quşu yağışa qondu...


***
Tanrım, gül nəfəsin dəydi üzümə,
Telimi oxşadı küləyin kimi...
Əcəl son nəfəsə qurub saatı –
İşləyir qara qul – ürəyim kimi.

Yol eylə, yer saxla mən olan yerə,
Sən toya gələrsən mən ölən yerə...
Dərdin ürəyimdə min olan yerə
Bədənim paltardı bir əyin kimi.

Ürəyi daşlara, başı boşlara,
Tanrım, sevgi doldur bu boş başlara.
Min ildi bir sevgi dəyir daşlara -
Məni qul eylədi çörəyin kimi...

Tural Adışirinin təqdimatında


Baxış sayı - 1 326 | Yüklənmə tarixi: 13.04.2020 16:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031