I Bakı Kitab Festivalı keçirilir - Fotolar
Oxucuların yazıçılarla ünsiyyətdə olması, Azərbaycan milli ədəbiyyatı ilə tanış olması vacibdir.
MANERA.AZ xəbər verir ki, bunu “Azərbaycan Nəşriyyatçılar Assosiasiyası” İctimai Birliyinin (ANAİB) sədri Şamil Sadiq I Bakı Kitab Festivalının açılışı zamanı deyib. Festival Bakı İdman Sarayında ANAİB tərəfindən Mədəniyyət Nazirliyi ilə birgə təşkil edilib.
Festival “Yeni ilə yeni kitablarla!” şüarı altında keçirilir. Burada ANAİB üzvləri də daxil olmaqla 30-dan çox nəşriyyat təmsil olunur. Festivalda, həmçinin yerli qəzet və jurnallar öz çap məhsullarını nümayiş etdirir.
Festivalın açılış mərasimində ANAİB-nin sədri Şamil Sadiq salamlama nitqi ilə çıxış edib. O, qonaqlara təşəkkürünü bildirib və festivala hazırlıq prosesi barədə ətraflı danışıb.
Xalq şairi Sabir Rüstəmxanlı, Türkiyə Üsküdar Universitetinin rektoru Nazife Güngör, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri, Azərbaycan Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Milli Məclisin deputatı Fazil Mustafa, Mətbuat Şurasının sədri Rəşad Məcid və Azərbaycanın Əməkdar artisti Rafiq Həşimov çıxışlarında kitab və mütaliənin əhəmiyyətini, cəmiyyətin inkişafındakı rolunu vurğulayıb, eləcə də təhsilin əhəmiyyətini diqqətə çatdırıblar.
Festivalda ziyarətçiləri 90 faizə qədər endirimli kitablar, tanınmış yazıçı və şairlərin təqdimatları və avtoqraf sessiyaları, məşhur şəxsiyyətlərlə görüşlər, poeziya saatları, eləcə də uşaqlar üçün ucadan nağıl oxuma gözləyir.
Festival dekabrın 22-nə kimi davam edəcək və hər gün saat 10:00-dan 20:00-dək ziyarətçilər üçün açıq olacaq.