manera.az
manera.az

Cənubun Müşfiq Cəbi görüntüsü - Tərlan Əbilov yazır

📅 14.10.2024 11:06

Cənubun Müşfiq Cəbi görüntüsü - Tərlan Əbilov yazır
MANERA.AZ Tərlan Əbilovun gənc şair Müşfiq Cəbi haqqında yazısını təqdim edir.

"Səpildi havaya quşların səsi
Töküldü ulduzlar dən-dən aşağı".


Bu iki misranı şeirdən anlayışı olan hansı adam oxusa, deyəcək ki, müəllifi çox istedadlıdır. Mən də elə düşündüyüm üçün gənc şair Müşfiq Cəbinin yaradıcılığı haqqında yazmağa qərar verdim. Çünki belə istedadlı gənclərin haqqını zamanında ödəməyin tərəfdarıyam.

Cənub ədəbi mühiti haqqında yazılan məqalələrdə adının çəkilməsi, bir-iki misrasına olan kiçicik səhahətlə yola verilməsini yaradıcılığına diqqət kimi deyil, bir laqeydlik kimi dəyərləndirirəm. Yazdığım son iki cümləni əslində mən yox o, özü bir şeirində deyir:

"İllərdir ki, tənhayam,
Elə təkəm bu yerdə.
Qəribsəmiş sazım da,
Gəlmir kökə, bu yerdə".


Mən sadəcə bu misraların üstündən yaşadığı mühitin tozunu çırpağa çalışıram ki, bu misraların həqiqi boyaları Müşfiq Cəbinin ətrafındakı insanlara aydınlansın. Qəribçiliyə, təkliyə gəlincə isə o, bütün yaradıcı insanların alın yazısıdır.

Təbii ki, mühitin ağırlığı da üstünə gələndə dözülməz, çəkilməz olur. Ancaq şair olanın yolu elə məhz ağrıdan keçməli deyilmi? Düşünürəm ki, hər ruh düşkünlüyünün yeni şeirlə naticələnməsi sevinci özü bir təntənədir, həzdir, zövqdür.

Müşfiq özü də bunun fərqində olmamış deyil. Və onu da bilir ki, yazmaqdan başqa bir yolu yoxdur. Axtarışlarına sevinirəm, təcrübəsizliyinə acıyıram. Çünki istedadlı olmaq hələ işin hamısı demək deyil. Almaz da cilalanmayanda brilyanta çevrilə bilmir. Öz həqiqi qiymətindən uzaq düşür. Yəni insan istəsə belə kölgəsindən qaça bilməz, onunla birgə yaşamağa alışmağın yolunu tapmalıdır əvvəl-axır. Eynən bu misralardakı kimi:

"Bütün yaxınlara yaxın gedəsən,
Uzaqdan baxasan uzaqlarına".


Şairlik elə öz yaxınına, öz kölgəsinə bürünə bilməkdir, özünü başqalarının təsirindən qorumaqdır, özünü hər dəfə palçıq kimi tapdalayıb, yenidən yoğura, öz seyrçilərində heyrət doğura bilməkdir. Bunun üçün hər bir poeziya daşıyıcısı həm də ən əvvəl zamanındakı ən gözəl şeir nümunələrinin müəlliflərinin yaradıcılığını öz içində əritməlidir.

"Neylim bu zəmidə göyərmir dənim,
Bu külək haraya qovur bu çəni?
Min ildir ömrümü yaşayır mənim,
Güzgüdə üzünə baxdığım adam".

Müşfiq də misal göstərdiyim bu bəndin üçüncü, dördüncü misrasında Ramiz Rövşənin "Güzgüdəki adam"ının taleyindən yaxa qurtarmağa çalışır. Və elə bilirəm ki, qismən də olsa buna nail olur. O, çağdaş poeziyamızın ən gözəl, ən qiymətli aksesuarlarında özünə aid nəsnələri tapmağa çalışır. Başa düşür ki, bir şeyi tapmaq üçün onu əvvəl mütləq itirmək lazımdır.

İtirdiyin vaxtı şeirdə qazanmaq istəyi onu mütləq tapacağına götürəcəkdir. Tez-tez ruhdan düşsə belə yalqızlığı ilə çiyin-çiyinə yenidən özündə inam tapıb deyimdən-deyimə, şeirdən-şeirə bu yolda addımlarını böyüdür. Eyni bölgədən olduğumuz üçün deyə bilərəm ki, Müşfiq son 15 ildə Lənkəran ədəbi mühitində zamanın kəşf elədiyi 2-3 istedadlı gəncdən biridir.

Şeirlərinin "Azərbaycan," "Ulduz" jurnalında dərc olunması məni də az sevindirməyib. Tənqidə açıqlığı ən çox xoşladığım keyfiyyətlərindəndir. Bir-birindən gözəl lirik şeirlərin müəllifi Müşfiqi cənubun ucqar poeziya səmasında sayrışan kiçik bir ulduza bənzətsəm, yanılmaram. Çünki onun ruhu lirik şeirlərində daha sərbəstdir, daha azaddır.

"Gələndə bir xəbər eylə,
Bağlamayım qoy qapımı.
Qoşul hərdən küləklərə,
Gəl, arada döy qapımı".


Bu misralardan sonra sonda bir yazı müəllifi kimi çox istəyərdim ki, şairin arzuladıqlarıyla yanaşı qapısını həm də bir-birindən gözəl mövzular, bir-birindən tapıntılı misralar, bir-birindən sanballı, bir-birindən daha böyük uğurlar döysün. O, öz nəbzinin ipini açıq saxlamaq istədiyi qapının cəftəsinə daha inamla bağlaya bilsin. Qapısı necə döyülürsə döyülsün, nəbziylə döyülən qapısı arasındakı o bağ heç vaxt qırılmasın...

14.10.2024


Baxış sayı - 596 | Yüklənmə tarixi: 14.10.2024 11:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031