manera.az
manera.az

Onun şeirləri lirik hekayələrdir - Müşfiq Şükürlü yazır

Onun şeirləri lirik hekayələrdir - Müşfiq Şükürlü yazır
Manera.az Müşfiq Şükürlünün "Tanrıya göz vuran şair" yazısını təqdim edir:

Yaşı 30-u keçənlərə gənc şair demək olarmı? Emin Piri 86 təvəllüddür. Əgər insan həyatının yaş mərhələlərini əsas götürsək, yox. Emini cavan şair adlandıraq gərək. Mənə qalsa bunun bir önəmi yoxdur. Önəmlisi odur ki, Emin Piri şeir yazma texnikasına çoxdan bələddir.

Azərbaycan poeziyasında elə misralar var ki, onların üzərinə Emin Pirinin adı yazılıb, nəfəsi deyib. Başqa sözlə, hərhansı məhsulu emblemindən tanıdığımız kimi Eminin şeirlərini də misraların düzülüşündən, səsindən, fikrin, duyğunun ifadə tərzindən tanımaq çətin deyil.

Onu müharibə şairi kimi tanıyırlar daha çox. Amma mən belə təqdimatın tərəfdarı deyiləm. Yazıda Emin Pirinin müharibə şeirlərindən də bəhs edəcəyik. Söz yox. Emini təkcə müharibə şairi kimi təqdim etməyi isə düzgün saymıram. Çünki çağdaş Azərbaycan poeziyasında elə psixoloji, romantik, lirik şeirlər var ki, onların müəllifi məhz Emin Piridir.

***

Şair yeni tapıntılar etməli, təzə metaforalar yaratmalıdır. Emin Piri yaradıcılığı bu baxımdan bütöv və əhatəlidir. Onun şeirlərində obrazlı yanaşma güclüdür. Bənzətmələrində poetik təsirlilik açıqca sezilir.

qar ağlayırdı uşaqlarçün,
can verirdi
tankların
qanlı tırtılları altında


Başqa bir nümunəyə baxaq.

"Qız qalası” bu mövzuda yazılmış ən obrazlı şeirlərdən biridir. Səhər günəşi fonunda Xəzər dənizi və Qız qalası gözlərimiz önündə canlanır. Şair həm mənzərə çəkir, həm obraz yaradır. Qız qalasını estetik təbiət hadisəsi kimi tərənnüm edir.

səhər
Qız qalası
üz-gözündə dənizin izi.
Günəş boylanar
qızarar öpüş yeri,
qızarar qalanın qızı...
əsrlərin daş yaddaşında
süzər qolları
dövrəsindəki qızlarla
yallı getmək istəyər –
qollarını açan olsa.
Bəlkə də qoşulub gedər
Götürüb qaçan olsa.


***
Onun şeirləri lirik hekayələrdir - Müşfiq Şükürlü yazır
Emin Pirinin şeirləri lirik hekayələrdir."Sağ qalan varmı?!” şeirinə diqqət edək. Şeir fevral şaxtası xəbəri ilə açılır.

Əsgər sinəsi axtarır
isinməyə
fevral şaxtasından
üşüyən güllə


Emin müharibəyə insan taleyi kimi baxır və ona lirizm qatır. Qışın sərt havası barədə qısa girişdən sonra şair mövzunu bir az daha açır. Finalda hazırladığı surpriz misraya (duyğuya!) bir az daha yaxınlaşır.

Hər əsgər tabutu
bir ağ gəlinliklə köçər...
əsgər deyil,
sevən qızın arzularını
götürüb gedər
hər atılan güllə.


Şaxtanı isə şair havanın temperaturu, ya da ağla ilk gələn "qar”, "soyuq” sözləri ilə izah etmir. Əvəzində bir hekayəçinin alətləri ilə silahlanır. Dərin və incə duyğular oyadan canlı mənzərə yaradır. Bir qız, bir soba, uzaqlarda bir səngər, sobaya atılan odun və təbii dialoqlar. Çölün şaxtasını bir otağın içindən (içində!) öyrənirik.

soba yanında
gecəyarısı bir qız
məktub yazır səngərə
anasının yarıyuxulu
"qızım, yatmamısan?”
sualına diksinib
"üşüyürəm, ana,
odun atıram sobaya”...

Bu sadalananları Emin lirik hekayəyə çevirib. Amma onları verməkdə bir məqsədi var şairin. Sanki, hər şey fantastik sonluq üçün lazım imiş.

Daha
gecələri oyaq qalmağa
soba yanında
məktub yazmağa,
yalandan üşüməyə
sobaya odun atmağa
ehtiyac yoxdu...
səngərdən qıvrıla-qıvrıla
boğuq səsi gəlir
tağım komandirinin:
kimsə sağdı?!


***

Məncə, Eminin bütün şeirlərinin bir ortaq tərəfi var. Bu, Emin Pirinin üslubi özəlliyidir: Nağıl sadəliyi və onun musiqili atmosferi!

Bizə Əli Kərimin poeziyasından da, Ekzüperinin "Balaca şahzadə”sindən də tanış və doğmadır həmin aura. Amma bu, ayrıca üslubi keyfiyyət kimi seçilir Emində. Emin Piri poeziyasının möhkəm poetik kökləri olduğunu düşünürəm.

***

"Poetik köklər” demişkən. Şairin poetik təfəkkürü barədə bunu qeyd etmədən keçmək olmaz. Eminin şeirlərində zərif ironiya qatı da var. Bu, bəzən özünü tamam açıq, bəzənsə yarıgizli büruzə verir.

Əsəbimi soyutmaq istəyirəm
bir şeylə:
Təpik vurasan yer kürəsinə
Marsla Venera arasından keçə
sən də sevinəsən "qol vurdum” deyə.


***

Onun heca şeirləri də var. "Buludları kim sağır?!” Eminin hecada yazdıqlarına ən yaxşı nümunələrdən biridir. Sözsüz ki, Emin Piri sərbəstdə daha uğurludur.

Götürək "Ölüm kölgəsi”ni.

Gənclik depressiyasının məhsuludur, yəqin ki. Hətta bu ciddi məzmunlu( yaxud təbiətli!) şeirdə də Emin şirin ironiyasından qalmır.

Şair üçün Tanrının varlığı problematik mövzu ola bilər. Varmı-yoxmu sualı onun fəlsəfi düşüncələrinin, ya da yaradıcılığının ana xətti kimi fərqlənə bilər. Amma Emin Piri üçün Tanrının varlığı-yoxluğu artıq üçüncü məsələdir. O, bir gəncin daxili sarsıntıları arasında Tanrı adlanan naməluma göz vururmuş kimi atmaca atır.

Eminin "Ölüm kölgəsi” şeirindən aşağıda verdiyim parça, məncə, insanın mənəvi iztirabları baxımından onun ən yaxşı şeirlərindən biridir.

Həyata üsyan, ölümlə barışıqlıq var bu şeirdə. Amma ölüm bütün üzləri ilə həyatın özüdür. Şair ölümə bir ikinci can verib. Onda həyat əlamətləri tapıb.

Aldadasan hamını...
Elə özünü də,
Tanrını da,
Onun yazdığı
75 illik ömrü də.
28 yaşında atasan özünü
dənizin qolları arasına.
Cırasan alın yazısının qalan səhifələrini,
balıqlar öpə gözündən,
yosunlar anantək bələyə səni.
Allah köks ötürüb deyə:
"Bağışla.
bağışla məni!..."


***

Emin 34 yaşındadır. Mənə elə gəlir, istedadla yazılmış yeni şeirlər müəllifi kimi ona minnətdar olmalıyıq. Təşəkkür etməliyik ki, Azərbaycan poeziyasını zənginləşdirib. Ona yeni məna verib. Ümid edirəm, Emin Piri bundan sonra da hər yeni kitabı, hər uğurlu şeiri ilə ədəbiyyatçıların yazı və söhbətlərində qayıtdığı, bəhs etdiyi müəllif olaraq qalacaq./kulis.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930