Tanınmış şair: "Ömrümün əsaslı hissəsini uşaq ədəbiyyatına həsr etmişəm" - MÜSAHİBƏ
MANERA.AZ tanınmış şair, nasir Ələsgər Əlioğluyla müsahibəni təqdim edir.
- Şair atanın şair oğlu. Müsahibəyə bu başlıqla başlamaq istədim. Atanız Cinli Əli də tanınan el şairi olub. Siz də bu gün müasir poeziyada aparıcı imzalardansınız. Şair atanın şair oğlu olmaq şeirdə nə qədər məsuliyyətlidir sizcə?
Söhbətə ki rəhmətlik atamla bağlı sualla başladınız, bəri başdan deyim ki, şeirə-sənətə gəlməyimdə onun təsirini heç cür dana bilmərəm. O, keçmiş sovetlər dönəmində yazıb-yaratsa da, şeirlərindən də göründüyü kimi heç zaman quruluşla barışmamışdir... Atamın şeirləri öz sağlığında təkcə aşıqlar deyil, şeir həvəskarları arasında da yayılmışdı. Hətta mən yeni-yeni şeir yazmağa başlayanda kənd-kəsəkdə deyirdilər ki, özü şeir yazan deyil ha, atasının şeirlərini öz adına çıxır... Çapa qarşı da laqeyd idi. Onsuz da laqeyid olmasa da, kimiydi onu çap eləyən!? Olduqca toxunaqlı yazırdı... Bir şeirini onun özündən xəbərsiz düzəlişlə rayon qəzetində çap etdirmişdim. Onun üstündə bir həftə üzümə baxmadı... Dedi ki, sən nə təhər şairsən ki, hələ "gəyanla həyan" sözünü bir-birindən seçə bilmirsən!? Atam haqqında çox danışa bilərəm. İnşallah!.. Bircə onu demək istəyirəm ki, atam mənim yaddaşımda bu gün də dünyanın ən sərt və ən ürəyi yumşaq bir adamı kimi yaşayır...
- Yaşadığınız Goranboy rayonunda ədəbi mühit hansı durumdadır? Siz həm də rayonda Əli Nəzmi Ədəbi Birliyinin sədrisiniz. İstərdik bu haqda bir az danışasınız.
Rayonda fəaliyyət göstərən "Əli Nəzmi" ədəbi birliyi qırx yaşını artıq arxada qoymuşdur... Ayri-ayrı vaxtlarda geninə-boluna fəxri fərmanlarla təltif olunsaq da, Milli Məclisin üzvü deputat Anar Məmmədovun bir toplumuza köməyini çıxmaq şərtilə heç bir maddi dəstəyimiz olmamışdır. Yaradıcısı olduğum bu birlik neçə-neçə istedadın üzə çıxmasına şərait yaratmışdir... Talıb Talıblı, Qafqaz Xıdıroğlu,Yusif Namazoğlu, İsgəndər Fərhadoğlu, Mirzə Əsgərov, İmam Cəmilli, İlqar Müzəffəroğlu, Ələddin Bilaloğlu, Çərkəz Gileyli, Anar Boluslu, Bəylər Əliyev, Afan(Rafiq) Sadıqov və başqalarının imzası oxuculara yaxşı tanışdır. Rayonda yaşayan şeir-sənət adamlarının yaradıcılığını əxz etdirən "Goranboyun söz dünyası" adlı toplu bu yaxınlarda təkrar çapdan buraxılmışdir. Rayon məktəblərində, kitabxanalarda, bir sıra istehsalat müəssisələrində və s. yerlərdə yerli şairlərlə görüşlər keçirilmişdir. Ədəbi birliyin son zamanlarda keçirdiyi "Qarabağ Azərbaycandır" müsabiqəsi çox maraqla qarşılanmışdir. Şair Həsən Goranboylu bu müsabiqədə qalib çıxmışdır. Mən sizin sualınızın əhatə dairəsinə bir az geniş surətdə yanaşmaqla bildirərdim ki, bu illər ərzində Goranboy həyatını özündə əhs etdirən bir sıra kitabların çapına da nail olmuşam. Bu illər ərzində "Goranboy lətifələri", "Goranboy bayatıları", "Goranboy ölkə mətbuatında" adlı kitablar və on beş bölümlük "Gülüstan" toplusu gərgin zəhmətim bahasına işıq üzü görmüşdür...
- Ələsgər Əlioğlu imzası bu gün müasir uşaq ədəbiyyatında ən seçilən imzalardandır. Ötən il 70 illik yubileyiniz hansı hadisələrlə yadda qaldı? İmzanıza diqqət hansı səviyyədədir?
Bəli, ötən il yetmiş yaşım tamam oldu. Goranboy rayon İcra Hakimiyyətinin sərancamı ilə yubileyim geniş şəkildə həyata keçirildi. Bir sıra qəzet-jurnal səhifələrində haqqımda maraqlı yazılar dərc olundu... Uşaqlar və böyüklər üçün kitablarım çapdan çıxdı... Bu yubileyin təşkilatçısı kimi Goranboy rayon İcra Hakimiyyətinin Başçısı Məhərrəm Quliyevin zəhmətini heç cür unutmaq olmaz. Onu da qeyd edim ki, Məhərrəm müəllim sözə-sənətə yüksək dəyər verən, sözü-sənəti uca tutan bir şəxsiyyətdir. Hələ iki il qabaq onun diqqət və qayğısı sayəsində rayonda Goranboylu məşhur yazıçı İsmayıl Qarayevlə bağlı keçirilən tədbirdən bu gün də səmimiyyətlə söz açılır. Onun dəstəyi ilə 44 günlük Qələbəmizi özündə əks etdirən "Goranboy zəfər yollarında" adlı kitab tamamlanmaq üzrədir...
- Bu günün ədəbi tənqidini necə qiymətləndirirsiniz? Xüsusən də müasir dövrdə uşaq ədəbiyyatı nümunələrinin təhlili sizi qane edirmi?
Mənə elə gəlir ki, Yazıçılar Birliyinin ədəbi tənqid şöbəsi dərindən götür-qoy etməlidir. Bu şöbə ya ədəbi tərif kimi fəaliyyət göstərməli, ya da reallıqları açıb ortaya qoymalıdır. Elə düşünürəm ki, həqiqətin ətəyindən bərk-bərk yapışmaq daha məqsədə uyğundur... İndiki yazarların düşüncəsində ədəbi tənqid yox dərəcəsindədir. Heç kəs tənqidi həzm etmək istəmir, hamı da tərif umur, tərif gözləyir...
- Ümumilikdə müasir uşaq ədəbiyyatına sizin yanaşmanız necədir? Yeni dövr uşaq ədəbiyyatının hansı problemləri var?
Ömrümün əsaslı bir hissəsini də uşaq ədəbiyyatına həsr etmişəm. Bu sahədə hazırda fəaliyyət göstərən söz ustaları Zahid Xəlil, Rafiq Yusufoğlu, Qəşəm İsabəyli, Aləmzər Əlizadə... Bəli bu adları ürəklə çəkib sonra duruxmalı olursan... Bundan sonra gələn imzaların əhsəriyyəti ya özlərindən qabaqkıları təkrarlayır, ya da ki, çox zaman süni və yaxud bədiyyatdan uzaq, didaktik yönümlü bayağı yazılar ortaya qoyurlar... Uşaqlar üçün yenilikçi olmaq, yeni əsərlər yazıb-yaratmaq o demək deyildir ki, həyatımıza, məişətimizə daxil olan yeni nəyinsə adını şeirdə çəkəsən, şeirdə hallandırasan... Yenilik ruhu şairin içindən gəlməlidir. D. Defonun "Robinzon Kruzo"su bu gün də tər-təzədir... M. Ə. Sabirin "Uşaq və buz"u, R.Əfəndizadənin "Durnalar"ı, A.Səhhətin "Quşlar"ı, A.Şaiqin "Keçi"si və s. bu günün ən modern nümunələridir. Onu da deyim ki, böyüklər üçün heç nəyə nail ola bilməyənlərin də son dayanacağı elə uşaq ədəbiyyatı olyr... Bu da söz yox ki, bayağılığa gətirib çıxarır... Belə bir faktın da şahidi olmuşam. Tənqidçi illik hesabat hazırlayarkən on-on beş il qabaq dünyasını dəyişmiş yazıçının ötənilki "uğurlarından" söz açır... Bu da onu göstərir ki, o, ədəbi prosesi izləmir... Kimlərdənsə ad soruşub məruzəsində qeyd edir...Uşaq ədəbiyyatı sahəsində ardıcıl və intellektual səviyyədə məşğul olan və öz sözünü deyən tənqidçilərimiz barmaqla göstəriləcək saydadır...Uşaq ədəbiyyatının təhlilinə girişən hər bir kəs öncə uşaq psixologiyasına dərindən bələd olmalı, flora və faunamız haqqında geniş bilgilərə malik olmalıdır. Mən deyərdim ki, hətta bu sahədə bilgilərilə şairdən bir addım da qabaqda dayanmalıdr...
- Siz təkcə uşaq şeirləriylə yox, həmçinin hekayələrinizlə və lirik şeirlərinizlə də çağdaş ədəbiyyatımızın seçilən imzalarındansınız. Nəsr fəaliyyətinizlə bağlı bir az danışaq.
Söz dünyasında elə fikirlər vardır ki, ancaq nəsr üçün yaranıb... Bu fikirləri nəsrlə deməlisən, yoxsa öz gözəlliyini itirər...Nəsr sahəsində ilk qələm təcrübələrim ötən əsrin səksəninci illərinə gedib çıxır. Mənə elə gəlir ki, hansı şəkildə meydana çıxacağını mövzu özü müəyyənləşdirir. Belə olanda hər şey uğurlu alınır... O illərdə uşaqlar üçün qələmə aldğım bir sıra nəsr nümunələri "Göyərçin" jurnalının və "Azərbaycan müəllimi" qəzetinin səhifələrində çap olunmuş, iki hekayələr kitabım ("Kəpənəkıi bant", "İtən bala göyərçin") balaca oxucuların ixtiyarına verilmişdir. Sonralar böyüklər üçün də hekayələr yazmağa başlamışam. Böyüklər üçün "21 hekayə" və "Açılmayan kilid" adlı hekayə kitablarım işıq üzü görüb...
-Yekun söhbətimizdə əlavə sözünüz nə olardı?
Söhbətimizin sonunda sizin sayt haqqında da bir neçə kəlmə də demək istərdim. Bu qədər sosial şəbəkələrin bolluğunda öz durumunuzu qoruya-qoruya cəsarətlə addımlayırsınız İzləyiciləriniz də yetərincədir. Sizə uğurlar!
Söhbətləşdi: Tural Adışirin
Manera.az