Dayandur Sevginin 65 illik yubileyi qeyd edildi - Fotolar
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda tanınmış şair, "Ulduz" jurnalının Poeziya şöbəsinin müdiri Dayandur Sevginin 65 illik yubileyi qeyd edilib. Eyni zamanda, yubiley tədbirində şairin "Dərdi şairindi bu yer üzünün" kitabı təqdim olunub.
MANERA.AZ xəbər verir ki, tədbiri giriş sözü ilə açıq elan edən AYB-nin katibi, Əməkdar incəsənət xadimi, yazıçı Elçin Hüseynbəyli bütün tədbir iştirakçılarını salamlayaraq əlamətdar günün səbəbkarı barədə fikirlərini bölüşüb. O qeyd edib ki, D.Sevginin gözəl xisləti onun poeziyasına birbaşa təsir edib.
AYB-nin sədri Xalq yazıçısı Anar D.Sevginin uzun illərdən bəri birlikdə sədaqətlə fəaliyyət göstərməsindən söhbət açıb. Anar müəllim qeyd edib ki, D.Sevgin öz xüsusiyyətləri ilə yanaşı, qələmə aldığı poeziya nümunələri də hər kəsi təəccübləndirməyi bacarıb.
Tədbirin moderatoru, tanınmış şair İbrahim İlyaslı yubilyara təbriklərini çatdırıb və gedişatı ələ alaraq çıxışçıları təqdim edib.
AYB-nin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu D.Sevginin zəhməti və ardıcıl fəaliyyəti ilə qurumun fəaliyyətində özünəməxsus rol oynadığını bildirib. O, yubilyarın poeziyası barədə qeydlərini tədbir iştirakçılarının nəzərinə çatdırıb və D.Sevginin şeirlərindəki fərqli enerjidən bəhs edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini, yazıçı Səyyad Aran D.Sevgini lap gənc yaşlarından tanıdığını, onun qələminə, yaradıcılıq potensialına yaxşı bələd olduğunu vurğulayıb. Səbəbkarın xeyirxahlığı, insanpərvərliyi barədə söhbət açan yazıçı, D.Sevginin vətənpərvərlik mövzusunda qələmə aldığı şeirləri xüsusi qeyd edib və həmin şeirlərin bədii məziyyətləri barədə fikirlərini bölüşüb.
Kitabın ön söz müəllifi, filologiya üzrə fəlsəfə doktoru Qurban Bayramov, tanınmış şair Ağacəfər Həsənli D.Sevginin dil-üslub xüsusiyyətləri barədə çıxış ediblər.
Şair Zahid Xəlil müəllifin bayrağımıza həsr etdiyi şeirdən söz açıb, həmin poetik nümunənin dərsliklərə əlavə olunmasının vacibliyindən danışıb.
Tənqidçi, ədəbiyyatşünas Əsəd Cahangir və şair İlqar Türkoğlu D.Sevginə həsr etdikləri şeirləri səsləndirərək ona təbriklərini çatdırıblar.
Tədbirdə Ramiz Göyüşov, Yusif Nəğməkar, İslam Sadıq, Adil Cəmil, Sərvaz Hüseynoğlu, Elxan Zal, Nazilə Gültac, Nəcibə İlkin, Şükür Müseyiboğlu, Rafael İncəyurd, Narıngül Nadir, Aləmzar Sadıqqızı və digər qələm adamları da çıxış edərək D.Sevginə xoş arzularını bildiriblər../525.az/
Fotolar ünlü fotoqraf Şakir Rəhmanındır.