Şaman duasında söz yeri göynər - Yeni şeirlər

MANERA.AZ Fəxri Müslümün yeni şeirlərini təqdim edir.
Göylər necə dolub, yelinnəyibsə
Göylər necə dolub, yelinnəyibsə,
Barını nə sərnic, nə qazan yozur.
Tufan da köç edib gölə, dənizə,
Bu halı-əhvalı,
Nə qızıl balığı, nə sazan yozur.
Yuxular üşüyür ərşin ucunda,
Sanki doğram-doğram, ərşin ucunda,
Elə dolaşmışıq hər şin ucunda,
Nə uzaq görəni, nə yozan yozur.
Dəli-dolu külək çapır atını,
Nə bir sığalı var, nə də, yatımı,
Gəzdim qıfılbəndin neçə qatını,
Nə bircə aşığı, nə ozan yozur.
Qarışıb şərqi də, qərbi də, biraz,
Qırğına tutulub hərbi də, biraz,
Hələ də, insanın
Silaha dirənib səbri də biraz,
Könlünü nə dua, nə azan yozur.
Yer yerdən ayrılır, hava havadan,
Cana hənir gəlmir közsüz sobadan,
Könül də bulanıb bu zor davadan,
Hələ də, nə qalan, nə bezən yozur.
Söz də, sözü çəkdi, uzandı yollar,
Artdı çox safçürük, çox qalmağallar,
Dəyişdi ömürlər, dəyişdi hallar,
Hələ, nə dözməyən, nə dözən yozur.
Göylər necə dolub, yelinnəyibsə,
Barını nə sərnic, nə qazan yozur.
Tufan da köç edib gölə, dənizə,
Bu halı-əhvalı,
Nə qızıl balığı, nə sazan yozur.
10.01.24
İllər elə keçir, elə keçir ki
İllər elə keçir, elə keçir ki,
Sanki bu illəri yel-külək qovur.
Ömür də, özüylə əlbəyaxada,
Allahla şərti var,
Azara-bezara gülərək, qovur.
Nə yaxşı yaddaşda Xankəndi qaldı,
Küçəsi, döngəsi, dalanı ilə.
Yadda üzmü qaldı, qalsın, yaşasın?
Süyüşdü suç üstdə, palanı ilə.
Üç rəngli bayrağım,
Ucaldı səmada göylərə tərəf
Gül açdı Qarabağ, gül açdı Xankənd.
Açıqdı qapım da üzü Göyçəyə,
Qələbə gözləyir Qazaxda son kənd.
İşə bax, illər də, elə keçir ki,
Umudu ovcunda gecikən də var,
Hələ də, iynəylə qəbir qazılır,
Hələ də, qaşınan, gicikən də var.
Yollar da savaşa, ya sülhə gedir,
Ya buna, ya ona tələsən də çox.
Qazanlar hələ də, örtülü qalıb,
İçindən qaynayıb səslənən də çox.
Siz ey şəhidlərim, ruhnuza salam,
Bu ruhlar lalədə, güldə yaşanır.
Adınız qoyulur,
Hər yeni doğulan yeni körpəyə,
Qürurnuz, mərdliyniz sübhə daşınır.
İllər elə keçir, elə keçir ki,
Sanki bu illəri yel-külək qovur.
Ömür də, özüylə əlbəyaxada,
Allahla şərti var,
Azara-bezara gülərək, qovur.
06.01.24.
Eşqə, sevgiyə bax, qışda bu qədər
Eşqə, sevgiyə bax, qışda bu qədər,
Baharı gözünə nişangah edib.
Sarılıb canına çilləsayağı,
Salxım buz izinə nişangah edib.
Göydən savaş açıb üzü yerlərə,
Dikin ətəyində ağı ağarır.
Dağında, dərədə, uca zirvədə,
Saçının çallaşmış çağı ağarır.
Tutulub günəşin qaşı-qabağı,
Yazın havasını külək aldadır.
Buludun kipriyi bərəkət üstə,
Qışın qış dirsəyi, bilək, aldadır.
Fəsilmi dəyişdi, bizmi dəyişdik?
Yaz gəlib can hələ qışla əlləşir.
Buşlatı buzlayıb daş bağlayıbdı,
Əsgərim, igidim daşla əlləşir.
Hər kəs də, göylərə baxıb yalvarır,
Bir boz köynəyinə, geyimə keçsin.
Yığıb-yığışdırıb nəyi varsa da,
Şərqi Zəngəzurda öyünə köçsün.
Eşqə, sevgiyə bax, qışda bu qədər,
Baharı gözünə nişangah edib.
Sarılıb canına çilləsayağı,
Salxım buz izinə nişangah edib.
22.03.24.
Hələ nə gördük ki, nə yaşadıq ki
I
Kurqanlar iç-içə, dağlar baş-başa,
Sirlər də, həkk olub qayaya, daşa,
Elə, sinəmizdə dərd daşa-daşa,
Hələ nə gördük ki, nə yaşadıq ki.
Şaman ocağında köz yeri göynər,
Şaman duasında söz yeri göynər,
Neçə mamır tutmuş iz yeri göynər,
Hələ nə gördük ki, nə yaşadıq ki.
Zaman da yel kimi, dəyişdi, keçdi,
Ömürdən il düşdü, gül düşdü, keçdi,
Anıt qəbirlərdən yol düşdü keçdi,
Hələ nə gördük ki, nə yaşadıq ki.
Bu daşa, kəsəyə bu bel yeriməz,
Dəyiş-düyüş düşdü bu dil, yeriməz,
Fikir də, çəkməkdən bu bel, yeriməz,
Hələ nə gördük ki, nə yaşadıq ki.
Hələ də, Tanrı dağ yaza gecikir,
Qar qoymur gülləri naza, gecikir,
Söz də, qıfıllanıb saza gecikir,
Hələ nə gördük ki, nə yaşadıq ki.
Gül olduq şeytana baş da qalmadı,
Yer-yurd muzey-muzey, başda qalmadı,
Heç daha yaddaş da, huş da qalmadı,
Hələ nə gördük ki, nə yaşadıq ki.
Kurqanlar iç-içə, dağlar baş-başa,
Sirlər də, həkk olub qayaya, daşa,
Elə, sinəmizdə dərd daşa-daşa,
Hələ nə gördük ki, nə yaşadıq ki.
18.12.23.
II
Ulular o qədər özə sığındı,
Güneydə din altda dərildik dən-dən,
Quzeydə gün altda,
Sibirdə çən altda dərildik dən-dən
Hələ nə gördük ki, nə yaşadıq ki.
Qar üstdə hər qanın gülü qızardı,
Sanki alov-alov teli qızardı,
Göylər də, dözmədi tülü qızardı,
Hələ nə gördük ki, nə yaşadıq ki.
Yollar da dəyişdi, iz də, dəyişdi,
Haqqı it-bat oldu, düz də, dəyişdi,
Nə vaxtdı dünyada üz də, dəyişdi,
Hələ nə gördük ki, nə yaşadıq ki.
Elə kirəcləndi bu dərd, azar da,
Bu tale azarda, bu bəxt azarda,
Qaldı it gününə, qaldı bezarda,
Hələ nə gördük ki, nə yaşadıq ki.
Şər də, meydan oldu doğan günəşə,
Bürküsü can alıb, boğan günəşə,
İndi obaşmı var, gülə bu meşə?
Hələ nə gördük ki, nə yaşadıq ki.
Ulular o qədər özə sığındı,
Bir misqal yaxşını,
Ya da olanları silib, ütübdü,
Şöhrət- zəif yeri,
Ağlına özgələr gülüb, ötübdü,
Böyürdə-başda da yadlar bitibdi,
Hələ nə gördük ki, nə yaşadıq ki.
Ulular o qədər özə sığındı,
Güneydə din altda dərildik dən-dən,
Quzeydə gün altda,
Sibirdə çən altda dərildik dən-dən
Hələ nə gördük ki, nə yaşadıq ki.
27.12.23.
III
Dünənə dönürəm duman uzanır,
Hər nöqtə də, bir sirr, zaman uzanır,
Yosunlu-yovşanlı orman uzanır,
Hələ nə gördük ki, nə yaşadıq ki.
Bozqır çöllərimdə,
Hələ yaddaşımı külək oxuyur,
Boş verib canıma ürək oxudur,
Bizə nə oxursa, fələk oxudur,
Hələ nə gördük ki, nə yaşadıq ki.
Bilirlər bu dünya mənnən başlayır,
Mənnən baharlanır, mənnən qışlayır,
Nöqtə-vergülsüz də, hədəf tuşlayır,
Hələ nə gördük ki, nə yaşadıq ki.
Qədimdən içimdə bozqurd ulayır,
Daşkəsək yazılı boz yurd ulayır,
Hələ də, hər yerdə boz dərd ulayır,
Hələ nə gördük ki, nə yaşadıq ki.
Qartal baxışlarım qartalsız qalıb,
Zirvələr də qarsız, ya tarsız qalıb,
Güney də, bozarıb paltarsız qalıb,
Hələ nə gördük ki, nə yaşadıq ki.
Bu hava, bu çənə canmı isinər?
İlikmi isinər, qanmı isinər?
Əvvəlmi isinər, sonmu isinər?
Hələ nə gördük ki, nə yaşadıq ki.
Karvan əyri getdi, yol əyri getdi,
Ağa əyri getdi, qul əyri getdi,
Göydəmir atlarda nal əyri getdi,
Hələ nə gördük ki, nə yaşadıq ki.
Dünənə dönürəm duman uzanır,
Hər nöqtə də, bir sirr, zaman, uzanır,
Yosunlu-yovşanlı orman uzanır,
Hələ nə gördük ki, nə yaşadıq ki.
03.01.24.
MANERA.AZ